QARDAŞLIQ VƏ YARDIMLAŞMAYA HƏMRƏYLİK GÜNÜ TÖHFƏSİ
Xalqların və millətlərin, daha geniş mənada isə bütün dünya sakinlərinin sülh və əmin-amanlıq içində yaşamasının ən əsas faktorlarından biri də qardaşlıq və yardımlaşma duyğusunun mövcudluğudur. Hər birimizin dəfələrlə eşitdiyi və dəfələrlə qeyd etdiyimiz önəmli bir düstur var: “İnsan sosial varlıqdır”.
Bəli, insan sosial varlıqdır və yaşaması üçün sosial mühitə ehtiyac hiss edir. Hər kəsin xoşbəxtliyi müəyyən qədər onunla həmfikir, həmrəy olan insanların çoxluğu nisbətində dəyişir. Məsələn: eyni din mənsublarının çoxluğu, danışdığı dilin dünya miqyasında yeri, eyni soykökə söykənən xalqların çoxluğu və dünya arenasındakı yeri hər kəsin sinəsini qabardan hallardandır.
Fərdlər ailələri, ailələr cəmiyyəti, kütləni, xalqı və milləti formalaşdırır. Deməli, hər fərd eyni zamanda bir ailədir, millətdir, xalqdır. Çünki hər xalqın ortaq dəyərləri vardır. O dəyərlər ki, sözü gedən xalqın hər bir nümayəndəsi ona hörmətlə yanaşır və bu dəyərlərə sahib çıxmağa çalışır. Bir xalqın bu dəyərlərdən soyudulması, bu keyfiyyətlərin aşındırılması daha çox yadelli ünsürlər tərəfindən planlı şəkildə həyata keçirilən manqurtlaşdırma siyasətinin nəticəsidir. Azərbaycan xalqı, türk milləti dünyanın demək olar ki, hər bir guşəsinə yayılmış çox böyük bir xalqdır, millətdir. Böyük gücə sahibdir. Məhz buna görə də tarixən xalqımıza öz kimliyi, soykökü unutdurulmağa çalışılmış, kiçik düşürülərək asanlıqla istismara məruz qoyulmağa cəhd edilmişdir.
Azərbaycanlılar yüzlliklər, minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Elə bir elm sahəsi yoxdur ki, orada xalqımıza aid nümunələr özünü göstərməsin. Lakin inqilablar, müharibələr, hərbi qarşıdurmalar, dünyada baş verən müxtəlif ictimai-siyasi proseslər nəticəsində zamanla Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz ata-baba yurdlarından, isti ocaqlarından didərgin salınmış, sürgünlərə məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Müxtəlif zamanlarda yadelli işğalına məruz qalan böyük bir xalq pərən-pərən düşərək dünyanın hər tərəfinə səpələnmək məzburiyyətində qalmışdır. Həmçinin iş tapmaq, yaxşı təhsil almaq, yüksək mədəniyyətimizi dünyaya təbliğ etmək və bu kimi məqsədlərlə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Nəticə olaraq azərbaycanlılar öz tarixi Azərbaycan torpaqlarından bütün cahana yayılmışlar. Bu gün Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə, Rusiyada, Ukraynada, Baltikyanı ölkələrdə, Avropada, okeanın o tayındakı Amerikadan tutmuş Uzaq Şərqə qədər demək olar ki, hər yerdə Azərbaycan icmaları fəaliyyət göstərir. Bu da xalqımızın nümayəndələrinin hər yerdə nə qədər çox olmasından xəbər verir.
Hər bir azərbaycanlı üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü birlik, bərabərlik şüarının simvollaşdığı gündür. Bu bayram bizə imkan verir ki, öz səsimizi var gücümüzlə bütün aləmə eşitdirək, bütöv bir millət halında “Biz vardıq, varıq və olacağıq da!” deyək. Bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında həmrəylik şüurunu daha da gücləndirmək işində əhəmiyyətli rola malikdir. Məhz buna görə də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Xalqımızın nümayəndələrinin yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bunun da səbəbi odur ki, Avropadakı diaspor təşkilatlarımız öz qüvvələrini səfərbər etmək xüsusunda ardıcıldırlar və bu da fərqli cəmiyyət üzvləri üçün bir yerə toplaşmaq, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil mərkəzlərindən olan Avropa ölkələrində mühüm əhəmiyyət kəsb edir.
Burada vurğulamaq lazımdır ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı 70-dən çox ölkədə azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün mühüm bir bayramdır. Eyni günə təsadüf edən Yeni İl bayramı isə artıq ikinci plana keçmişdir. Hətta milliyyətcə azərbaycanlı olmadığı halda, Azərbaycanda doğulub, boya-başa çatmış qeyri-millətlərin nümayəndələri də bu gündə azərbaycanlılarla birlikdə bayram edir, onların sevincinə şərik olurlar.
İndi isə 31 Dekabr – Dünya Aəzrbaycanlılarının Həmrəylik Gününün tarixçəsinə qısa nəzər salaq: İmperialist Sovet rejiminin son günləri idi. Ortadan ikiyə bölünmüş tarixi Azərbaycan torpaqlarında yaşayan, bir-birinin həsrətini çəkən xalqımızın, Arazın hər iki sahilində sərhəd yürüşü, tikanlı məftilləri söküb atması, ayazlı gecədə özünü suya vurub doğma bacı-qardaşına qovuşması iki totalitar dövlətin ciddi təzyiqlərinə əhəmiyyət verməyərək o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində davam edən birləşmək şüarı azərbaycanlıların bir olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü də məhz bu birləşmək istəyinin simvolik nışanıdır.
Həmrəylik Gününün əsası 1989-cu il dekabr ayının sonlarında Naxçıvan sərhədlərinin (SSRİ-İran sərhədlərinin) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Bu konfransda dünya azərbaycanlılarının həmrəyliyi də qeyd olundu.
1991-ci ilin 16 dekabrında o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri mərhum Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. O gündən bu yana hər ilin 31 dekabrı bütün dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.
ŞƏRHLƏR