MƏŞHURLARDAN NÜANSLAR
VAPURA NİYƏ MİNDİN?
Bir gün şair-mütəfəkkir Nəcib Fazil Qısakürək vapurla Karaköyə keçərkən bir nəfər ona yaxınlaşıb deyir:
“Ustad, Peyğəmbərlərə nə gərək var? Biz onlar olmasa da doğru yolu tapa bilərdik.”
Nəcib Fazil o əsnada oxuduğu kitabdab başını qaldıraraq cavab verir:
“Vapura niyə mindin? Qarşı tərəfə üzərək keçsənə!”
FƏRQLİ BİR SƏRKƏRDƏ
İslam tarixində yüksək əsgəri dühasıyla tanınan sərkərdə Xalid bin Vəlid həddən artıq təvazökar bir səhabə idi. Sahib olduğu rütbəsinə və mövqeyinə baxmayaraq özünü əsgərlərindən fərqli görməz, hər işdə onlarla birgə hərəkət edərdi. Ağır bir müharibə əsnasında gecə çadırında dincələrkən ordudakı əsgərlərin yediyindən fərqli yeməklərlə yanına gələn xidmətçisinə gətirdiklərini geri aparmasını tapşırır və bunları söyləyir:
“Mən gündüz əsgərləri ilə döyüş meydanında vuruşan, gecə isə çadırında onlardan fərqli olaraq ləziz yeməklər yeyən sərkərdələrdən deyiləm!”
OLİMPİADA
Olimpiadaya istedadlar seçən komissiyanın tərkibinə Yavər xanım Kələntərli dəcəlb olunmuşdu. Üzeyir Hacıbəylə onun arası yaxşı idi. Hərdənbir zarafatları da olurdu.
Hansı rayondansa bir oğlan səhnəyə çıxıb tar çalmağa başlayır. Onun ifaçılıq bacarığı, texnikası Üzeyir bəyin xoşuna gəlir. Üzünü Yavərə çevirib yavaşca xəbər alır:
- Yavər xanım, tarçalan oğlana iradınız yoxdur ki?
Yavər Kələntərli bir qədər fikrə dalıb deyir:
- Üzeyir bəy, ifasına söz yoxdur, amma deyirlər ki, bir az başdan xarabdır.
Üzeyir bəy gülümsəyib belə cavab verir:
Nə olar, tarı ki, başı ilə çalmayacaq?
PRİŞOL-PRİYEXAL
Şuşada xoş havalarda incə zövqlü adamlar divanxana qabağına yığışıb söhbətləşərlərmiş. Bir dəfə mübahisə dil mövzusu üstündə düşür. Qarabağın adlı-sanlı Vəzirovlar nəslindən olan Əbdürrəhim bəy deyir:
- Mən heç rusun “prişol”u ilə “priyexal”ının mənasını anlamadım. Hamısına birdəfəlik “prişol” desələr canımız qurtarar.
Əbdürrəhim bəyin qardaşı məsələnin mahiyyətini anlayıb:
- “Prişol” ayaqla getməyə, “priyexal” isə eşşəkdə, atda, və ya arabada gəlməyə deyirlər, -deyir.
Bu halda Əbdürrəhim bəyin gözü eşşəkdə gələn bir kəndliyə sataşır. Kəndlinin ayaqları o qədər uzun imiş ki, yerlə sürünürmüş və yeriməsi ilə eşşəyə minməsi bəlli deyilmiş. Əbdürrəhim bəy kəndlini qardaşına göstərib soruşur:
- İndi buna mən “prişol” deyim, yoxsa “priyexal”?
QOY YAŞASIN
Şair Hüseyn Arif dağı-dərəni dolaşmağı çox sevirdi. Bir də görürdün ki, həftələrlə itib-batır, gah dağ kəlləri, gah da turac, kəklik ovundan gəlir. Bir gün yenə dəstə ilə ova çıxırlar. Amma Hüseyn bir dəfə də olsun tüfəngi üzünə qaldırıb, barmağını tətiyə toxundurmur. Axırda vurduqları şikarları ilə birlikdə geri qayıdırlar. Elə bu vaxt yaxındanbir tülkü qaçır. Ovçular Hüseyni səsləyirlər:
- Ay şair, tez ol, heç olmasa bunu vur.
Hüseyn tüfəngi üzünə qaldırır, nişan alır, tətiyi çəkhaçəkdə qolları aşağı salıb tülkünün arxasınca baxır. Yoldaşları təəccüblənirlər.
- Ay şair, niyə vurmadın?
- Bir dostum var, ona yaman oxşadı. Mən dosta güllə ata bilmərəm, qoy yaşasın.
ÖZÜM GƏTİRƏRƏM
Bir gün Hüseyn Arif Rəfiq Zəka ilə birlikdə Ağstafada, şəhər qəbiristanlığında qədim başdaşlarına, oradakı yazı və şəkillərə baxırlarmış. Xeyli gəzdikdən sonra Hüseyn Arif kövrəlir və Rəfiqin qolundan tutur.
- Rəfiq, gəl sən də özünə bir yer seç. Kənddir, eldir, obadır yaxşı olar.
Rəfiq sakitcə cavab verir:
- Qağa, sən buralısan. Allah eləməmiş, başına bir iş gəlsə, qohumlar yığışıb gətirə bilərlər. Bəs mən ölsəm, bura kim gətirər?
Hüseyn Arif heç eynini pozmadan cavab verir:
- Özüm, özüm gətirərəm.
ŞƏRHLƏR