HAQQ DOSTLARINDAN HİKMƏTLƏR -Hz. Mövlana (quddisə sirruh)- 1
İnsanın dünya və axirət səadəti, həyatında ruh və bədən ahəngini təmin edə bilməsiylə mümkündür. Bədənin maddi qidaya ehtiyacı olduğu kimi ruhun da mənəvi qidaya ehtiyacı vardır. Ruhun ən feyzli qidası isə “hikmət”dir.
Hikmət əhlinin söz və davranışlarını təfəkkür etmək eynilə bərəkətli yaz yağışının torpağa bahar təravəti verməsi kimi ruhların da abi-həyat qətrələriylə canlanmasına vəsilədir. Bu həqiqəti Həzrət Əli t necə də gözəl ifadə edir:
“İbrətli və hikmətli sözlərlə, davranışlarda ruhlarınızı dinləndirin. Çünki bədən yorulduğu kimi ruh da yorulur.”
“Düşündürücü hikmətli sözlərlə insanlara tövsiyə edin ki, qəlbləri rahatlıq tapsın.”
Boş və gərəksiz sözlər insanı ruhaniyyətdən uzaqlaşdırdığı kimi hikmətli sözlər də ruha rahatlıq və sükunət verir. Gündəlik həyatın eniş-yoxuşları içində özünü itirən ağıl və qəlb hikmətli sözlərlə oyanır, həqiqətlərdən agah hala gəlir.
Hikmətə vaqif olmaq baxımından insanlığın zirvəsində yer alan peyğəmbərlərin ümumi mənada üç vəzifəsi vardır:
1. Allahın ayələrinin təbliğ və tətbiqi, yəni ilahi əmr və qadağaları bəyan və tətbiq etmək.
2. Təzkiyə, yəni insanların daxili aləmini mənəvi kirlərdən və qəflətə düçar edəcək şeylərdən təmizləmək.
Bunların nəticəsində də
3. Kitab və hikmətin təlimi, yəni qəlbləri ilahi həqiqətlərə və sirlərə aşina qılmaq…
Qurani-Kərim əsas etibarilə başdan-ayağa hikmətlər sərgisidir. Hikmət bütün hadisə və varlıqlarda gizli olan ilahi mesajlar və sirli həqiqətlərdir. Nəticə etibarilə hikmətin mütləq mənşəyi Allah-Təaladır. Hz. Peyğımbər r in bütün söz və davranışları da onun Haqq-Təaladan vəhy yoluyla aldığı Quran hikmətlərinin izah və şərhindən ibarətdir.
Rəsulullahdakı ilahi hikmətlərə ən yaxından vaqif olanlar şübhəsiz ki, əshabi-kiramdır. Necə ki, Peyğəmbər r:
“Əshabım ulduzlar kimidir...” buyurmuşdur. (İbn Abdil-Bərr, Camiu Bəyanil-Elm. II, 91) Hikmət nəzəriylə baxdıqda Qurani-Kərimdə “ulduzların üç xüsusiyyəti”ndən bəhs edildiyi görülür.
1. Səmanı bəzəmək: Hər səhabə də İslam səmasında və möminlərin könül dünyasında xüsusi bir gözəllik sərgiləmişdir. Allah-Təala Qurani-Kərimdə mühacirləri və ənsarı mədh etmişdir.
2. Şeytanları daşlamaq: Fiziki olaraq bu daşlamanın necə baş verdiyi bizə məchuldur. Bunun keyfiyyətini Allah bilir. Lakin səhabeyi-kiram da kitab və sünnəyə tabe olmaq, ruhani bir həyat yaşamaq və yer üzündə Allahın şahidi olmaqla daima şeytanı daşlamışlar.
3. Yol göstərmək: Ulduzlar olduqları yerə görə istiqaməti müəyyən etməkdə əsas alındıqları kimi əshabi-kiram da qiyamətə qədər gələcək olan bütün ümmətə nümunəvi həyatlarıyla rəhbərlik edərək cəmiyyətləri yanlış fikirlərdən və xürafələrdən qurtarmaq üçün yol göstərməkdədirlər.
Allah-Təala tərəfindən Hz. Peyğəmbər r in mübarək qəlbinə bəxş edilən hikmət kamilliklə Rəsulullahdan əshabi-kirama, onlardan da Haqq dostlarına ötürülmüşdür. Peyğəmbər varisi olan Haqq dostları da nəbəvi hikmətlərin nurunu zamanlara və məkanlara əks etdirən cilalı güzgü kimidirlər. İnsanlığın yaradılış etibarilə irşad və tərbiyəyə ehtiyacı olduğu üçün bu ehtiyacın qiyamətə qədər təmin olunması xüsusunda istedadlı qullar yaratmaq Allahın sonsuz mərhəmətinin nəticəsidir. Lakin istər peyğəmbərlər, istərsə də onların irşad vəzifəsini davam etdirən vəli qullar həcminə və dərinliyinə vaqif olunmayacaq bir okean kimidirlər. Hər kəs o okeanın dərinliyinə öz istedadı nisbətində dala və ondan istifadə edə bilər.
Bununla yanaşı, hər feilində hikmət sahibi olan Allah kainatdakı bütün varlıqları fərqlilik üzrə yaratmış, qullarına da bir-birindən fərqli maddi-mənəvi xüsusiyyətlər lütf etmişdir. Bu baxımdan kainatda heç kimdə və hətta heç bir varlıqda tamamilə bənzərlik mümkün deyildir. Çünki mütləq surətdə bir-birinin eynisi olan iki varlıq yaratmaq birinin varlığını hikmətsiz qılardı. Allah-Təala isə belə bir nöqsanlıqdan uzaqdır. Dolayısıyla iki insan maddi baxımdan nə qədər bir-birinə bənzəsə də könül dünyası, təfəkkür, hissiyyat və təmayülləri kimi saysız xüsusiyyətləri baxımından mütləq bir-birindən fərqlənir.
Eyni mənbədən, yəni Kitab və Sünnədən feyziyab olan saysız Allah dostu da eyni işığı rəngarəng surətdə əks etdirən bir kristalın fərqli tərəfləri kimi məna aləmində nail olduqları təcəllilərin təzahürü baxımından fərqlilik ərz edərlər.
Bu baxımdan Allah-Təala bəzi vəli bəndələrini Şah Nəqşibənd eyləyib mərifətullahda misilsiz bir himmət dəryası qılmış, kimisini Məcnun kimi eşq səhralarında gəzdirmiş, kimisini heyrət vadilərində gəzdirmiş, kimisini əzəməti qarşısında dilsiz qoyaraq sükut və hal diliylə irşada məmur etmiş, kimisini Yunus Əmrə kimi ilahi eşqin bülbülü qılmış, kimisini də Həzrət Mövlana kimi dilindən hikmət inciləri tökülən misilsiz məna dəryası etmişdir.
Xüsusilə Mövlana həzrətləri hal dili ilə yanaşı sözlü bəyana məmur qılınmışdır. Bu səbəblə o Haqq dostu qələmi, kəlamı, könül əsərləri və feyzli söhbətləriylə həqiqəti axtaran, Haqqa təşnə könülləri əsrlərdən bəri irşada davam etməkdədir.
Mövlana həzrətləri Allah-Təalanın lütf etdiyi elm, irfan, sirr və hikmətləri özünə verilən müstəsna bəyan və izah səlahiyyətiylə kəlmələrə əks etdirmişdir. Bu baxımdan o, sanki bütün Haqq dostlarındakı könül feyzinin tərcümanı kimidir.
Mövlananın “Şəbi-Arus / Haqqa vüslət”inin il dönümü münasibətiylə bu yazımızda onun könül diyarındakı hikmətlər dərgahını təfəkkürlə ziyarət etməyi arzu etdik. Mövlana həzrətlərinin Quran və Sünnə ölçülərinin şərhi mahiyyətindəki hikmətli ifadələri:
Hz. Mövlana buyurur: “Qiyamət günü ala-bula öküzlər, yəni pis düşüncəli kafirlər və fasiqlər üçün qorxunc bir qurban bayramıdır. O gün öküzlərə ölüm, möminlərə isə bayram günüdür!”
[Ölümü bayram sevinci ilə qarşılaya bilmək üçün canı və malı bu dünyada Haqqa qurban edə bilmək lazımdır. Fani həyatında canını və malını Haqqa qurban edə bilməyən, ilahi həqiqətlərə ram olmayan, qulluq vəzifələrini ifa xüsusunda tənbəllik göstərən, haramlara can atan nəfsinin boynunu vura bilməyən qafillər üçün qiyamət qorxunc bir qurban edilmə günü olacaqdır.
Çünki ölüm hər kəsin qarşısına yaşadığı həyatın keyfiyyətinə uyğun bir vəsfdə çıxacaqdır: Kimisinə bir bayram sevinci, kimisinə də kabuslarla dolu bir əzab səfəridir… Bu səbəblə ömrümüzü qulluq həyəcanı və ədəbi ilə keçirməyə çalışaq ki, axirətimiz əbədi bir bayram günü olsun. Yəni əsl bayram möminlərin fani dünyadakı təqva imtahanından müvəffəqiyyətlə Haqqın hüzuruna çıxdıqları gündür. Necə ki, Allah dostları:
“Həqiqi bayram yeni libaslar geyinənə deyil, Allahın əzabından əmin olanadır.” -buyurmuşlar.]
Hz. Mövlana buyurur: “Ay gecəyə səbir etdiyi üçün ağappaq oldu.” “Gül tikanla yoldaşlığa qatlanıb səbir etdiyi üçün ona çox gözəl bir rayihə və lətif rəng nəsib oldu.”
[Çiləni sinəyə çəkməyi öyrədən hikmətin başında “səbir” gəlir. Çilə eşqin dostu və yoldaşıdır. Çilə və ibtilalara dözüm insanı kamilləşdirir.]
Hz. Mövlana buyurur: “Şəms -quddisə sirruh- mənə bir şey öyrətdi: “Dünyada bircə mömin üşüyürsə, isinmə haqqın yoxdur!” “Bilirəm ki, yer üzündə üşüyən möminlər var, mən artıq isinə bilmirəm!..”
[Çilə çəkənin halını çilə çəkən bilər. Çiləkeşin dostu da çiləkeşdir. Mömin matəmlərin ətrafında, kimsəsizlərin yanında olmalıdır. Hədisi-şərifdə buyurulur:
“Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə acımaqda və bir-birilərini qorumaqda bir vücuda bənzəyirlər. Vücudun bir üzvü xəstə olduğu zaman digər üzvlər də bu səbəblə yuxusuzluğa və hərarətə tutulur.” (Buxarı, Ədəb, 27; Müslim, Birr, 66)
“Qonşusu ac ikən tox yatan (kamil) mömin deyil.” (Hakim, II, 15)]
Hz. Mövlana buyurur: “Dostlarınızı tez-tez ziyarət edin. Çünki üstündə gəzilməyən yollar tikan və kollarla örtülər.”
[Ənəs bin Malik t belə deyir:
“Rəsulullah din qardaşlarından birini üç gün görmədikdə onu soruşardı. Uzaqdadırsa dua edər, evindədirsə və ya xəstə isə ziyarətinə gedərdi.” (Heysəmi, II, 295)
Din qardaşlarının ziyarətləşmələri bir-birilərini axtarıb hal-xətir soruşmaları, kiçik şeylərlə də olsa hədiyyələşmələri, sevinc və kədərlərini paylaşmaları, həm Allahın rizasına, həm də qardaşlıq, dostluq və məhəbbət bağlarının qüvvətlənməsinə səbəb olar. Bunun əksinə, laqeyd yanaşıldığında isə qardaşlıq gülüstanı tar-mar olar, ixtilaf, ayrılıq və düşmənçilik tikanları baş qaldırar.]
Hz. Mövlana buyurur: “Sağlıq, afiyət və sevinc anlarında hər kəs dostdur. Amma dərdli günlərdə, qəm vaxtında Allahdan başqa dost-aşna nə gəzir!”
[Həqiqi dostluq çətin anların dostluğudur. Lakin bir çox insan yaxşı günün dostudur. Həqiqi dostluq isə dostunun xoşbəxtliyini paylaşmağa könüllü olduğu qədər, yar olub bar olmamaq, yəni dostunun yükünü çəkib ona yük olmamaqdır. Bolluq və rahatlıq zamanlarının dostluqlarını doğru sanmaq böyük bir xətadır. Çünki bir çox insan mənfəətinin dostudur. Bu səbəblə çətinliklərlə sınanmamış dostluqdan əmin olmaq olmaz.]
Hz. Mövlana buyurur: “İnsanlarla dost ol. Çünki kavran nə qədər qələbəlik olarsa yol kəsənlərin beli o qədər qırılar.”
[Əməlisalehlərlə dostluq etmək mömin üçün ən böyük bəxtiyarlıqdır. Çünki nəfs və şeytan insanı təkbaşına olduğu zaman asanlıqla aldadır. Salehlərlə birlikdə olanlara isə yaxınlaşmaqda çətinlik çəkir. Buna görə də hədisi-şərifdə belə buyurulur: “Birlikdə rəhmət, ayrılıqda əzab var.” (Münavi, III, 470)
Nəticə etibarilə həm salehlərlə bərabər olmaq, həm də salehlərin birlikdə olması cəmiyyətdəki mənəvi aşınmalardan qoruna bilməyin ən gözəl çarəsidir. Bunun əksinə, salehlərdən uzaq durub fasiqlərlə ülfət etmək də mənəvi həyata zəhər saçmaqdadır. İmam Qəzali həzrətlərinin buyurduğu kimi fasiqlər və qafillərlə zahiri bərabərlik vaxt keçdikcə zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə çevrilir. Bu isə insanın addım-addım həlaka sürüklənməsidir. Buna görə də başqa bir hədisdə:
“Yalnızlıq pis yoldaşdan xeyirlidir. Saleh bir yoldaş isə yalnızlıqdan daha yaxşıdır…” buyurulmuşdur. (Hakim, III, 343; Beyhəqi, Şuab, 256/4993)]
Hz. Mövlana buyurur: “Bu səhər məndən ilham kəsildi. Bildim ki, vücuduma bir neçə şübhəli loğma girib. Bilik və hikmət halal loğmadan doğar. Eşq də, mərhəmət də halal loğmanın məhsuludur. Əgər bir loğmadan qəflət meydana gələrsə, bil ki, o loğma şübhəli və ya haramdır.”
“Nur və kamalı artıran loğma halal qazancdan əldə edilən loğmadır.”
[Haqq dostlarından Süfyan Servi həzrətləri də:
“İnsanın dindarlığı çörəyinin halallığı nisbətindədir.” –buyurmuşdur.
Bir gün ondan:
“Namazı birinci səfdə qılmağın fəzilətindən bəhs edərsinizmi?” deyə soruşulduqda da halal loğmaya diqqət çəkərək:
“Qardaşım, sən çörəyini haradan qazandığına bax! Qazancın halal olduqdan sonra hansı səfdə istərsən orada qıl, bu xüsusda sənə çətinlik yoxdur.” cavabını vermişdir.]
Hz. Mövlana buyurur: “Onu bil ki, əməli olmayan hikmətli söz borc götürülmüş bəzəkli paltar kimidir.”
“Hal ilə öyüd verən sözlə öyüd verəndən yaxşıdır.”
[Həmçinin Peyğəmbərimiz r də insanlara təbliğ edəcəyi həqiqətləri əvvəlcə öz həyatında tətbiq edərək ən gözəl nümunə olmuşdur. Onun halı qalına (sözünə) uyğun olduğu üçün dediyi hər söz könüllərdə təsir bərəkətinə nail olmuşdur. Çünki ancaq qəlbdən çıxan sözlər xitab olunanın qəlbinə qədər nüfuz edə bilər. Könüldən gəlməyən, yaşanmayan, sırf dilin söylədiyi sözlərsə bir qulaqdan girib digərindən çıxar, hal və davranışlarda xeyirli bir təsir hasil etməz. Ayeyi-kərimədə buyurulur:
“Ey iman gətirənlər! Nə üçün etməyəcəyiniz sözləri deyirsiniz?!” (əs-Saff, 2)]
Hz. Mövlana buyurur: “Elə bir dəstəmaz al ki, heç vaxt pozulmasın.”
[Bu dünyaya Allaha qulluq üçün gəldik. Məlum olduğu kimi Quran oxumaq və namaz qılmaq kimi qulluq təzahürləri dəstəmazsız icra edilə bilməz. Heç pozulmayacaq olan dəstəmaz isə möminin son nəfəsinə qədər qulluq şüurunu mühafizə edə bilməsidir.]
Hz. Mövlana buyurur: “Elə bir namaz qıl ki, heç vaxt bitməsin.”
[Bir namazın qılınma müddəti təqribən on-on beş dəqiqədir. Sonra isə qəlbin namazdakı kimi mühafizə edilməsi lazımdır. Çünki mühafizə edilməyən qəlb qəflətə dalar, müəyyən vaxtdan sonra fəhşa və münkərə / həyasızlıq və əxlaqsızlığa meyil edə bilər. Halbuki haqqıyla qılınan bir namaz qulu fəhşa və münkərdən uzaqlaşdırar. Deməli, ibadətlərin məqbuluyyətinin əlaməti ibadətdən sonrakı halın da ibadətdəki kimi olmasıdır. Bu yönüylə Haqq aşıqlərinin namazı daimidir, onlar hər nəfəsdə Haqqın hüzurunda olduqlarını düşünərək yaşamağa çalışarlar.]
Hz. Mövlana buyurur: “Aşiqə beş vaxt namaz kifayət etməz. Beş yüz min vaxt istər.” “Həqiqi aşiq vüsalın sona çatmasını heç istəyərmi?”
[Namazın ən böyük ləzzəti Allaha yaxınlaşmaq və Onunla birlikdə olmaqdır. Necə ki, ayeyi-kərimədə: “Səcdə et və yaxınlaş!” (əl-Aləq, 19) buyurulmuşdur. İbadətlərin mənəvi zövqü maddi zövqlərlə müqayisə edilməz. Necə ki, taxt-tacını tərk edib ilahi eşq dəryasına dalan İbrahim bin Ədhəm həzrətləri buyurur ki:
“İlahi məhəbbətdəki vəcd və istiğraqımız (qərq olma) konkret bir şey olsaydı krallar onu ala bilmək üçün bütün xəzinələrini də, krallıqlarını da fəda edərdilər.”
Nəfsani ləzzətlərin əlaməti, dadıldığı zaman arzu və istəklərin sönməsidir. Mənəvi ləzzətlərsə dadıldıqca daha böyük bir şövqlə arzulanır. Nəticə etibarilə Allahla həqiqi görüş halında qılına bilən bir namazdan doymaq olmaz. Buna görə də Haqq aşiqləri namazdakı o vüslət halının sona çatmasını heç istəməzlər.]
Hz. Mövlana buyurur: “Ey qardaş! Sən təfəkkür ilə həyat tapmalısan… Əgər təfəkkürün güldürsə, sən gül bağçasındasan. Təfəkkürün tikandırsa, sən küllükdəki bir kötüksən!”
[Ağıl və qəlb davamlı olaraq nəyinsə təfəkkür halındadır. Fəqət ağlı və qəlbi daima Haqqın razı olduğu xüsusların təfəkkürünə xidmətçi etmək lazımdır. Çünki məqbul olan təfəkkür nəfsaniyyət bataqlığından zəhərlənən deyil, ruhaniyyət iqlimindən feyzlənən təfəkkürdür.
Nəfsani və şeytani xüsusların təfəkkürü insanı qəflətə sürükləyər, onu nəfsinin köləsinə çevirər. Rəhmani və ruhani xüsusların təfəkkürü isə qəlblərə riqqət verər, ibadətlərdə xüşunu artırar, qulu nəfsani ehtiraslardan qoruyar, sirr və hikmətlər iqliminin səyyahı edər.
Bir maşının yanacaq çəninə benzin yerinə su tökmək o maşının motorunu xarab etdiyi kimi ruhları əhya edəcək bir təfəkkür iqliminə girə bilmək üçün ağlı və qəlbi gərəksiz şeylərlə deyil, hikmətlə məşğul etmək lazımdır. Necə ki, boyat və xarab olmuş qida maddələriylə doldurulan bir qazandan ləzzətli yemək çıxmasını gözləmək də imkansızdır. Bu səbəblə təfəkkür dağarcığımız üçün lazımlı olanlarla lazımsız olanları ayırd etməliyik. Qurtuluşa nail olan möminlər haqqında ayeyi-kərimədə belə buyurulur:
“Onlar boş və faydasız işlərdən üz çevirərlər.” (əl-Muminun, 3)
Hədisi-şərifdə də:
“İnsanın özü ilə əlaqəsi olmayan şeyləri tərk etməsi müsəlmanlığının gözəl olmasındandır.” -buyurulur. (Tirmizi, Zöhd, 11)]
Hz. Mövlana buyurur: “Dünya nemətlərlə dolu olsa siçanla ilan yenə də torpaq yeyər. Taxtanın içindəki qurd “Kimin belə gözəl halvası var?!” –deyər.”
“Uzunqulaq müştəri olub nə isə almalı olsa, əlbəttə ki, kal qovun alardı.”
“İnsana aradığına baxaraq dəyər verilir.”
[İnsanın güzgüsü onun təmayül və istiqamətləridir. İnsan axtardığı şeyi düşünüb xəyal edər. Düşünüb xəyal etdiyi şeyin arayışında olar.
Elə isə diqqət: Nəyi axtarırıq? Arayışımızın qibləsi dünyadır, yoxsa axirət? Xəyallarımızın istiqaməti nəfsanidir, yoxsa ruhani?.. Səadəti səfalət bazarında axtarmağın ən böyük axmaqlıq olduğunu unutmayaq!..]
Hz. Mövlana buyurur: “Toxum torpağa düşsə onun üçün “öldü” demək olarmı?..”
“Ölüm günündə tabutumu apararkən məndə bu dünyanın dərd-qəminin olduğunu sanma! Dünyadan ayrıldığıma kədərləndiyimi zənn etmə!”
“Əsla öldüm deyə mənim üçün ağlama! “Yazıq, yazıq!” demə! Əgər mən həyatdaykən nəfsə uyub şeytanın tələsinə düşsəm əsl heyfslənəcək zaman o zamandır!”
“Cənazəmi görüb “Ayrılıq, ayrılıq!” –demə! Bil ki, o vaxt mənim ayrılıq vaxtım deyil, (Rəbbimə) qovuşma, yəni vüslət vaxtımdır!”
“Məni torpağın qoynuna verdikləri vaxt əsla “əlvida, əlvida!” demə! Çünki məzar o biri dünyanın, cənnətlər məkanının pərdəsidir!”
“Qürubu, gözdən itməyi gördüyün kimi doğuşu da gör! Düşün ki, günəşlə ay batıb gözdən itdiyi zaman onların nuruna heç bir zərər olmur.”
“Bu hal sənə qürub və gözdən itmək kimi görünsə də əslində doğuşdur, yenidən həyata qovuşmadır!”
[Həqiqətən də insan maddi yaradılışı etibarilə əvvəlcə bir təbiət ünsürü olaraq torpaqda, bir müddət ata sülbündə, sonra bir müddət ana bətnində, nəhayət ata-ananın qollarında, bir müddət də valideynin qəlbində ömür sürər. Sonra da dünya beşiyindən qəbir beşiyinə nəql olunaraq məzar, qiyamət, cənnət və ya cəhəmmən yolçuluğuna çıxarılır.
Nəticə etibarilə ölüm yox olmaq deyil, yenidən dirilməyin ilk addımıdır. Eynilə ana rəhmindəki körpənin oradan əlaqəsini kəsərək dünyaya gəlməsi kimi, ruhun da bu fani aləmdən xilas olub əbədi həyatın səhərinə göz açmasıdır.
İnsan oğlu orada dünyada yaşadığı həyatdan hesaba çəkiləcək, bunun nəticəsinə görə ya sonsuz bir səadətə qovuşacaq, ya da -Allah qorusun- əbədi bir əzaba düçar olacaqdır.
Xülasə, möminin vəzifəsi dünyada ölümdən qorxub qaçmaq yerinə, ona hazırlanmaq və onu gözəlləşdirməyə çalışmaqdır. Düşünmək lazımdır ki, yüz iyirmi dörd min peyğəmbər, səhabeyi-kiram, saysız övliyalar ölümü gözəlləşdirməyi bacardılar. İndi onlar cənnət bağçalarından bir bağça olan qəbirlərində qiyamətin qopmasını gözləyirlər. Biz də əbədi səadətimiz üçün fani günlərimizi Haqqın rizasına uyğun şəkildə keçirməli, özümüzə gözəl bir qəbir hazırlamağın deyil, qəbrə gözəl hazırlanmağın təlaşında olmalıyıq.]
Allah-Təala ilahi hikmət təcəllilərindən qəlblərimizə hissə almağı bəxş etsin. Hər birimizi dünyaya gəliş və axirətə gedişin hikmətində dərinləşə bilən saleh möminlərdən eyləsin!
Amin!..
ŞƏRHLƏR