BİRLİKDƏ DİRİLİK VAR

BİRLİKDƏ DİRİLİK VAR

Bədəni meydana gətirən orqanlar bir-biri ilə ahəng içində olduqda can sağlam olduğu kimi, cəmiyyətin bir üzvü olan fərdlər də şüurlu və nizam-intizamlı olarsa, həmin cəmiyyətdə rifah və əmin-amanlıq olur. Çünki insanlar daim bir-birlərinə möhtacdır və heç bir insan öz ehtiyaclarını təkbaşına təmin etmək imkanına sahib deyil.

Cəmiyyəti sağlam şəkildə formalaşdıran amillərin ən mühümü birlik və bərabərlikdir. Bu mühüm amilin əksi olan təfriqə xəstəliyinə mübtəla olmaq isə cəmiyyəti daxildən çürüdərək bünövrəsinin sarsılmasına səbəb olur.

Cəmiyyəti birləşdirən həqiqi mənada rifah və əmin-amanlıq şəraitini təmin edən yeganə yol: milli və mənəvi birlik şüuru içərisində insanlar arasında qarşılıqlı hörmətdir.

Bütün insanların eyni görüş və düşüncədə olmaları qeyri-mümkün olduğu kimi, kobudluqla və məcburiyyətlə birlik və bərabərliyin təmin edilə bilməyəcəyi, əksinə bölünüb parçalanmalara səbəb olunacağı yaddan çıxarılmamalıdır.   

Fərdləri birlik-bərabərlik içində yaşayan və xeyirxahlıqda yardımlaşan bir böyük ailə olan millət dünyanın bütün çətinliklərinə qalib gələ bilir. Sosial həyatda rahatlıq tapmağın ən mühüm yolu budur. Ona görə də cəmiyyətləri məhv etmək, onlara hakim olmaq istəyənlər ilk növbədə cəmiyyətdəki fərdlərin arasına ayrılıq, kin və nifrət toxumları səpərlər. Ayrılıq və nifaq xəstəliyinə məruz qalan bir cəmiyyət birlik və bərabərlik ruhuna sahib olmadıqca başqa millətlərin oyuncağı olurlar.

Təfriqə, çəkişmə və parçalanmalar cəmiyyətə vurulan ən amansız zərbələrdir. Bu kimi davranışlar millətin birliyini sarsıdır, varlığını təhlükəyə salır, səadət yollarının bağlanmasına səbəb olur. Bu vəziyyətin sonu cəmiyyətin məhv olması ilə nəticələnir. Bu baxımdan Rəbbimiz belə buyurur: “Allah və Rəsuluna itaət edin. Bir-birinizlə münaqişə etməyin. Sonra içinizə qorxu düşər və qüvvətiniz əldən gedər.” (əl-Ənfal, 48)

Bir müsəlman təfriqə və bölünmənin zərərlərini və bunun yaşanan acı təcrübələrini bilə-bilə birlik və bərabərliyi zədələyəcək davranışları edə bilməz. Bir səadət günəşi kimi doğan və bəşəriyyəti misilsiz bir mədəniyyət səviyyəsinə çatdıran İslam dini müxtəlif coğrafiyalarda yaşayan insanları eyni inanc ətrafında birləşdirmiş, kin və düşmənlikləri ortadan qaldıraraq həqiqi mənada əmin-amanlığı gətirmişdir.

“Bir-birinizi sevmədikcə həqiqi mömin ola bilməzsiniz...” buyurur Peyğəmbərimiz.

Birliyimizi və diriliyimizi pozmaq istəyən düşmənlərin aramıza səpmək istədiyi fitnə və fəsad toxumları qarşısında ayıq-sayıq olmalıyıq. Axı həm millət, həm də ümmət olaraq hamımız eyni gəminin sərnişinləriyik. Əbədi nicatımız üçün içərisində olduğumuz gəmini birlikdə qorumalıyıq.

Uca Allah “Bütün möminlər qardaşdır.” buyuraraq inananları bir-birinə qardaş elan edir. Peyğəmbərimiz də: “Ey Allahın bəndələri qardaş olun.” buyurur.  

Qardaş olmaq: sevincdə və kədərdə bərabər olmaqdır... Sevməkdir... Hörmət etməkdir. Yardımlaşmaqdır... Etibar etməkdir... Bütün bunlar əmin-amanlığın əsasını təşkil edən amillərdir.

İslam qardaşlığı bunları özündə əks etdirən bir həyat tərzidir. Dində qardaşlığın ən gözəl nümunəsini Həzrət Peyğəmbər və onun seçilmiş səhabələri nümayiş etdirmişdilər. Ayeyi-kərimələrdə və hədisi-şəriflərdə bildirilən ənsar-mühacir münasibətləri qardaşlığın həqiqi mənasını bizə göstərən mükəmməl bir misaldır.

Milli və mənəvi dəyərlərin zəiflədiyi və ya zəiflədilməyə çalışıldığı, qarşılıqlı hörmətin tərk edildiyi, bunun əksinə dostluq və qardaşlıqları mənfəətin müəyyənləşdirdiyi zəmanəmizdə Rəbbimizin bizə bəxş etdiyi “İslam qardaşlığı”nı və bu çərçivədə birlik və bərabərliyimizi qorumalıyıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz