Allah Xainləri Sevməz
“Mömin” sözünün inam və əmanət kəlmələri ilə yaxın əlaqəsi vardır. Həqiqi mömin etibarlı, güvənilən, əmanətə xəyanət etməyən kimsə deməkdir. Peyğəmbərlərin ən mühüm sifətlərindən biri məhz “əmanət”dir. Peyğəmbərimiz (s.ə.s) də əmanətə sədaqətin, etibarın simvolu olmuş, “əmin” ifadəsi onun ikinci adına çevrilmişdir. Buna görə də Muhammədül-Əminin ümməti olan möminlərə əmanətə xəyanət etmək qətiyyən yaraşmaz. Əks halda əmanətə xəyanət edən insanların həm möminliklə, həm də Muhammədül-Əminlə heç bir əlaqəsi qalmaz.
Xəyanət, əmanət edilən mala İslama zidd şəkildə yiyələnmək və ya haqsızlıq etməkdir. Bu, maddiyyatla bağlı mövzularda olduğu kimi, mənəvi mövzularda da belədir. İnsan Allah və Rəsulunun əmanəti olan Kitab və Sünnənin hökmlərini tərk edərsə, onlara xəyanət etmiş olar. Dosta verilən sirr də əmanət olduğundan onu ifşa etmək də xəyanətdir. Uca Rəbbimiz xainləri əsla sevməz. (əl-Ənfal, 58) Onların hiylələrini müvəffəq etməz. (Yusuf, 52)
Bundan başqa, Uca Allah Peyğəmbərinə xəyanət əhlindən uzaqlaşmasını əmr edərək belə buyurur:
“Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!” (ən-Nisa, 105)
“Özlərinə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!” (ən-Nisa, 107)
Xəyanət edənlər peyğəmbərlərin ən yaxın qohum-əqrəbası olsalar belə, axirətdə özlərini xilas edə bilməzlər. Bir ayədə belə buyurulur:
“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər. Və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!”- deyildi”. (ət-Təhrim, 10)
Bir hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Münafiqin əlaməti üçdür: Danışanda yalan danışar, söz verəndə sözündən qaçar, ona bir şey əmanət ediləndə xəyanət edər. Oruc tutsa, namaz qılsa və mömin olduğunu iddia etsə də!” (Müslim, İman, 109) Göründüyü kimi, hədisdə xəyanətin münafiqlik əlaməti olduğu ifadə edilmişdir. Hədisin davamında münafiqlik əlamətləri daşıyanların danışarkən yalan söylədikləri və söz verdikdə buna riayət etmədikləri bildirilir ki, bunlar da xəyanətin təzahürləridir. Yəni düşüncəsinə, sözünə və hərəkətinə etibar olunmayan və xəyanət etməsindən qorxulan kəs möminlikdən uzaqlaşıb münafiqliyə yaxınlaşmış olar. Hətta bu kimsə oruc, namaz kimi ibadətlərə davam etsə və mömin olduğunu zənn etsə də, həqiqətdə vəziyyət belədir.
Bəndələrin əmanətləri nöqteyi-nəzərindən baxdıqda böyük-kiçik hər cür haqq və vəzifə bir növ əmanətdir. İnsanlara bilərəkdən haqsızlıq etmək və onları aldatmaq isə xəyanətdir. Öhdəyə götürülən iş vaxtında, böyük diqqət və qayğı ilə yerinə yetirilməzsə, xəyanət sayılır. Vaxtında işə gəlməmək, laqeyd yanaşaraq gec və qüsurlu iş görmək də xəyanətdir.
İslama görə, az olsun, çox olsun, dövlətin və xalqın malına xəyanət etmək Allahın bağışlamayacağı böyük günahlardandır. Çünki onda ölkədə yaşayan bütün insanların haqqı var. Bu səbəbdən cəzası da o nisbətdə ağır olacaq. Bu cür böyük günahlara düçar olanlar bu dünyada haqq sahibləriylə halallaşıb tövbə etmədikləri təqdirdə, axirətdə xəyanət etdikləri insanlarla Allahın hüzurunda hesablaşacaqlar. Mənimsədikləri haqlara görə, savabları varsa, məzlumlara veriləcək, savabları sona çatdıqda isə haqq sahiblərinin günahlarını yüklənərək tamamilə iflasa uğrayacaqlar. Ömər bin Xəttab (r.a) belə nəql edir: Xeybər döyüşü günü idi. Hz. Peyğəmbərin əshabından bir qrup gəlib: “Filankəs şəhid oldu, filankəs də şəhid oldu”, - dedilər. Sonra bir adamın yanından keçərkən: “Filankəs də şəhid olub”, - dedilər. Bu dəfə Peyğəmbərimiz (s.ə.s): “Xeyr, mən onu qənimət (dövlət) mallarından haqsız yerə götürdüyü bir gödəkçəylə cəhənnəmdə gördüm”, - buyurdu. Sonra da: “Ey İbn Xəttab, get və insanlara: “Cənnətə ancaq möminlər girə biləcəkdir”, - deyə car çək!” - əmrini verdi. Mən də çıxıb: “Cənnətə ancaq möminlər girə biləcəkdir”, - deyə car çəkdim”. (Müslim, İman, 182)
Rəsulullah (s.ə.s) xalqın (dövlətin) malına xəyanət etməyən insanları mədh etmiş və bunun təqdirəlayiq keyfiyyət olduğunu göstərərək belə buyurmuşdur: “Əsəd ilə Əşari qəbilələri necə də gözəl qəbilədirlər; müharibədən qaçmazlar və qənimət (dövlət) malına xəyanət etməzlər. Onlar məndəndir, mən də onlardanam”. (Tirmizi, Mənaqib, 3947)
Uca Allah da xəyanət etməyənlərlə birlikdədir. Bir qüdsi-hədisdə bu həqiqət belə xəbər verilir: “Allah-Təala buyurur: “Biri digərinə xəyanət etmədiyi müddətdə mən iki şəriyin üçüncüsüyəm. Birisi yoldaşına xəyanət edərsə, mən aralarından çıxaram”. (Əbu Davud, Büyu, 26-27, 3383)
Allah-Təala aradan çıxan kimi şeytanın dərhal ora girib hər iki şəriyi də acı aqibətə düçar edəcəyinə şübhə yoxdur. Peyğəmbərimiz (s.ə.s) bir duasında belə buyurur: “Allahım! Əmanətə xəyanətdən Sənə sığınıram; o necə də pis bir sirdaş (davranış)dır!” (Əbu Davud, Vitr, 32, 1547)
ŞƏRHLƏR