Yol Yoldaşımın Dedikləri
Avqust ayı sona çatırdı. Sentyabrın 1-dən dərslər başlayırdı. Bütün tələbələr dərsdə olsun deyə Bakıya can atırdılar. O vaxtlar Bakı-İrəvan qatarı azlıq edirdi.
Bakıya gəlmək çətinləşmişdi. Kiçik dayanacaqlarda qatarı bəzən saxlamırdılar. Qatara minənlər üçün də çətin idi. Vaqonlar ağzına qədər dolu olurdu. Bütün bunları gözümlə görmüşəm.
1959-cu ilin avqust ayının 27-də Böyük Mərcanli dəmir yolu stansiyasından çətinliklə bilet aldım. Qatar gəlib dayandı. Bir dəqiqə keçməmişdi ki, fit verib yerindən tərpəndi. Bizdən sonra stansiya Horadiz gəlirdi. O yer böyük olduğuna görə qatarlar orada çox dayanırdı. Dayandıq, düşən düşdü, minən mindi. Sonra yola düşdük. Bizim olduğumuz yerə də sərnişinlər mindilər.Yol uzun olduğu üçün oturanlardan hec kəs yerindən qalxmırdı, hətta vacib işləri olsa belə. Bir nəfər orta yaşlı kişi əli ilə çəliyə dayanib dik dayanmışdı. Bir qədər yol getdikdən sonra üzünü oturanlara tutub dedi: “Ay oturanlar, mənə bir yer edin, belə getməyə çətinlik çəkirəm.” Mən yanımdakılardan biraz sıx oturmalarını xahiş etdim. Kişi mənim yanımda oturdu. Yerini rahatlayandan sonra torbasının ağzını açıb oradan bir dəf çıxartdı. Adamların üzlərinə baxıb pəsdən biraz oxudu. Oxuduğundan bir cümləsi yadımdadır:
“Hayalının hayasıyam,
Hayasızdan utanmaram”
Hamı narahat olduğuna görə ona fikir verən olmadı. Kişi dəfi torbasına qoydu. Pərt vəziyyətdə sakitcə oturdu. Mən onun ayağını göstərdim, dedim buna nə olub. Başını buladı, dedi ki, uzun məsələdir. Dedim onsuz da yol da uzndur. Sözə başladı.
1941-45-ci il müharibəsində 17-18 il qabaq 4-5 cavan uşaqlar idik. Uşaqlardan biri quş tutardı, dilini çölə çıxardıb kəsər, sonar buraxardı. O biri də tutduğu quşa neft sürtdükdən sonra od vurub buraxardı. Bir neçə dəfə quş özünü ot tayasına soxmuşdu, ot tayası da od tutub quşla birlikdə yanmışdı.
Bir gün naxır örüşdən qayıdanda mən əlimdəki dəhrəni yanımdan keçən inəyin arxasınca atdım. Dəhrə inəyin dal ayağının əsas damarını kəsdi. İnək yerə çökdü. Sahibi gəlib bir neçə adamla sürüyə-sürüyə apardılar və kəsdilər. Çünki o, daha ayaq üstə dura bilməzdi. Kişi sözünü qurtardı.Mən ondan soruşdum. Sonra nə oldu? Onların taleyi, sonu necə oldu? Yolçu yenidən kədərlə sözə başladı.
Quşun dilini çıxarıb kəsən oğlanın üç-dörd uşağı oldu.Uşaqlarının hamısı lal doğuldular. Quşu yandırıb buraxan oğlanın neçə uşagı oldusa hamsı yatdıqları vaxt evlərinə od düşdü. Bir neçəsi yanıb öldü, bir neçəsi də yanıb şikəst oldu. Bəs sən, deyə soruşdum. Belə cavab verdi: “Darıxma, danışa-danışa gəlirəm.” Mən də müharibəyə getdim. Lap əvvəldən axıradək müharibədə iştirak etdim. Bir gün xəbər yayıldı ki,müharibə qurtardı. Ura deyib sevinən kim, gülən kim. Elə bu vaxt hardansa bir güllə atdılar. Güllə elə həmin anda mənim bu dizimə dəydi. Nə qədər xəstəxanada yatdım. Uzun sözün qısası, mən evimizə çolaq gəldim. İndi də gördüyün kimiyəm. Oğlum, məndən sizə əmanət, heç kəsə pislik etməyin. Atalar sözü var: “Nə əkərsən, onu da biçərsən.”
ŞƏRHLƏR