Bir Ömürdür Zamanimiz!
Yaşayan hər insana bir ömür payı verilir bu fani dünyada. Anadan doğulduğu gündən qara torpağın soyuq qucağına düşdüyü günə qədər hər kəs verilən ömür payının sərhədi çərçivəsində var olur dünyada.
Yaşanan ömür payının yüksək qiymətləndirilməsi də, ömürümüzün əsasını təşkil edən zaman anlayışının doğru dərk edilməsindən asılıdır. Ömrümüzün əsasını zamanın təşkil etdiyinin fərqinə vardığımız zaman, ömür payımızdan necə istifadə edəcəyimizə nail ola bilərik. Ömrü zamansız təsəvvür etmək mümkün deyil. İnsan həyatında baş verən bütün hadisələr və dəyişikliklər zaman anlayışı ilə birbaşa əlaqəlidir. Qeyd etdiyimiz kimi ana bətnindən torpağın qucağına düşən günə qədər olan zaman boşluğu ömür adlanır. Bu iki başlanğıc və son nöqtələr arasındakı məsafəni qət edərkən nöqtələr arasındakı məsafənin uzunluğu haqqında məlumatımız olmadığı üçün əlimizdə var olan zamanımıza diqqət yetirməliyik. Yoxsa ömür yolunun sonuna çatdığımız zaman qəflət yuxusundan ayılmamız bizim üçün çox gec olacaqdır.
Bir insan həyatını dəyərləndirdiyimiz zaman görərik ki, uşağın ana bətnində doqquz ay müddətinə formalaşması, bir yaşına qədər iməkləyib ayaq açması, iki yaşına qədər ana südü ilə bəslənməsi, altı yaşına qədər bağça həyatı, sonra məktəb həyatı və s. mərhələlər qeyd etdiyimiz kimi müəyyən zaman dilimlərində baş verir. Bu hadisələrdən birini digərinin yerində həyata keçirilməsi mümkün deyildir. Hər bir yaş dövrünün öz tələbləri və məqsədləri vardır. Bir bağça uşağından məktəb, məktəb tələbəsindən də universitet səviyyəsi tələb edilməz. Ancaq buna baxmayaraq bu gün orta məktəb tələbəsi yollarda maşın şüşəsi silib ailəsinə çörək pulu aparırsa, o gənc indidən ailə yüküylə yüklənmiş bir ata ruhu yaşadır gənc bədənində. Onun yaşadığı həyat şəkli pozulmuş zaman prinsiplərinin əhatəsində zamana qarşı zamansızlıqla mübarizə edir. Çünki o, uşaqlıq zamanında gəncliyini, gənclik zamanında orta yaş dövrünü, orta yaş dövründə də qocalığını yaşamaq məcburiyyətində qalır. Bu həqiqətin mənfi tərəflərini daha da çoxaltmaq olar, ancaq əsas diqqəti mövzunun başqa tərəfinə yönəltmək istəyirəm.
Burada gündəlik yaşam tərzimizə nəzər yetirək. Səhər evdən çıxıb bir yerə getdiyimizi düşünək. Elə ki, evdən çıxıb yola düzəlirik, qarşımıza çıxan ehtişamlı evlər, xarici maşınlar və s. kimi fikrimizi və düşüncələrimizi məşğul edən bir çox şeylə qarşılaşırıq. Özümüzü gördüklərimizin əhatəsində təsəvvür edərək avtobusa və yaxud metroya minirik. Bir neçə dəqiqə əvvəl gördüklərimizin təxəyyülündən ayılmadan özümüzü başqa bir dünyanın içərisində hiss edirik. Elə bu minvalla gəlib çatırıq iş yerimizə və yaxud oxuduğumuz universitetə. Hələ yuxudan tam ayılmayıb yüzlərlə xəyalların daxilində canlandığı beynimizi işimizə, dərslərimizə verməyə çalışırıq. Kimimiz xəyalında, müdir iş haqqında danışarkən özünü yolda gördüyü xarici maşınların içərisində, kimimiz də özünü müəllim mühazirə oxuyarkən metroda şahid olduğu qeyri əxlaqi hadisələrin yanında təsəvvür edir. Bu hal yeni günümüzün sonuna qədər davam edir. Axşam olur, evə qayıdırıq. Başımızı əllərimizin arasına alıb düşünərkən görürük ki, nə görəcəyimiz işi layiqincə yerinə yetirmişik, nə də iştirak etdiyimiz dərslərdən beynimizdə bir şey qalıb. Ömür təqvimində üzərinə xətt düşən bir günün sonunda, əlimizdə sadəcə əldə edə bilmədiyimiz və mənəviyyat aləmimizi ləkələyən kirli səhifədən, yeni günə qarşı olan həvəsimizi zədələyən nəticəsiz yorğunluqdan başqa bir şey qalmır. Bu, sadəcə bizim bir günümüz idi. Bu günlər həyat kitabımızın əksər səhifələrini təşkil edirsə, bizim ömür kitabımız gələcək nəsillərin yollarına işıq saçan çıraq deyil, tum satan bir qocanın satdığı tumları belə içərisinə qoymaq istəmədiyi tozlu kağız parçası olacaqdır. Bir iş gününün tamamını təşkil edən on iki saat vaxtın, hər gün bu şəkildə məhv edilməsi altmış illik bir ömrün otuz ilini təşkil edir. Buna da bir igidin ömrü deyilir. Bir igidin ömrünü bizə bəxş edilən ömrümüzdə hədər edib iki ömürdə bir ömrü yaşaya bilmiriksə, Yaradan qarşısında cavab verməli olacağıq. Ən dəhşətlisi də odur ki, hədər edilən zaman çərçivəsində əməl dəftərimizə faydalı əməllər deyil, itirdiyimiz zaman ərəfəsində boşuna etdiyimiz nəfsani xəyallar və əhəmiyyətsiz fəaliyyətlər yazılır.
Vaxtı bəlli olmayan ölüm karvanı bir gün bizim evimizin qarşısından keçmədən, içərisində var olduğumuz anın belə qədrini bilib, düşüncələrimizi boş xəyallardan, ömrümüzü də faydasız əməllərdən xali edək. Zaman, içərisində faydalı işlər görüldüyü təqdirdə bir ömrə bərabərdir.
Bu yazını oxuduğun andan etibarən də olsa yaşadığın hər anın qədrini bil. Çünki bir anda bir ömür vardır. Sənin nəfəs alıb, verdiyin bir andır ömrün. Bu dünyada hər zaman həyat bir andır, o da bu andır deyənlər qazanıb. Bir şeyi də unutma:
Ömrə bənzər bir anımız.
Bir ömürdür zamanımız.
ŞƏRHLƏR