Ay Hacı, Həccin Mübarək!

Ay Hacı, Həccin Mübarək!

Möminə həyəcan lazımdır, həyəcana isə şərait. Hamının arzuladığı, ancaq bəzi müsəlmanlara qismət olan həcc ziyarəti bu şəraitin ən təsirlilərindən biridir. 

Çünki həcc bütün fiziki və insani təmayülləri özündə cəm edən yeganə ibadətdir.

Ona görə də həccə niyyət etmək özü bir qəhrəmanlıqdır. Çünki o qərarlı insan öz hədəfini müəyyən etmişdir. Həmin hədəf də böyük cihaddır. Böyük cihad Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm- in ifadəsi ilə “nəfslə mübarizə”dir. O nəfs ki, bütün gözəl işlərə əngəl pis işlərə isə şərait yaradır.

Səbir və təvəkkül başda olmaqla bütün gözəl xüsusiyyətlər zəvvarın əsl silahı olmalıdır. Şeytan Əyyub -əleyhissalam- kimi səbir abidələri ilə İbrahim -əleyhissalam- kimi Rəhman dostlarını sevməz. Çünki bu, ona sərf etməz. Ona sərf edən səbirsiz, təvəkkülsüz, təşəkkürsüz, dözümsüz və zəif xarakterli insanlardır.

Əməllərin məqbul olmasının birinci şərti ixlasdır. İxlas isə görülən işi və ya edilən ibadəti yalnız və yalnız Allah üçün görməkdir. Buna nail olmaq üçün də qəlbi dünyəvi mənfəətlərdən uzaq tutmaq lazımdır. (Müxtəsər Elmihal, səh. 163) Çünki Qurani-Kərimdə belə buyurulur:

“…Allaha çatacaq olan yalnız sizin təqvanızdır” (əl-Həcc, 37)  Yəni səmimi-qəlbdən etdiyiniz ibadətdir.

Bunun üçün həcc insanın öz ev-eşiyindən başlamalı, birinci məqsəd təyin edilməli, sonra məqsəd güclənməli, bununla da zəvvar daxilən ziyarətə hazır olmalıdır. Çünki “Niyyət xeyir (olanda) aqibət (də)  xeyir” olur.

Həccə gedənlər bir-bir qayıdırlar, maşallah! Mən onları yaxşı gördüm, Allah daha da yaxşı etsin. Hamı heybəsini müəyyən şeylərlə doldurmuş… Bəzisi doya-doya İslam qardaşlığına dalmış, bəzisi məhşəri xatırlamış, bəzisi şeytanları daşlamış, bəzisi qiyaməti yaşamış… Bəzisi Uhudda savaşmış, bəzisi Hirada dolmuş, Sevrdə ağlamış…

Onsuz da bu hallar yaşanmazsa, “insan Məkkəyə getməklə hacı olmaz” sözü təzahür edər.

Pakistanlı böyük İslam mütəfəkkiri Məhəmməd İqbalın dediklərindən istifadə edərək həccə gedib-gələnlərə üz tutub sual verirəm: “Nurlu Mədinə şəhərini ziyarət etdiniz. Üxrəvi  Mədinə bazarından könlünüzü nə kimi hədiyyələrlə doldurdunuz?… Hədiyyələriniz arasında Həzrət Məhəmmədin siyasətindən, “Həzrət Əbu Bəkrin sədaqətindən, Həzrət Ömərin ədalətindən, Həzrət Osmanın səxavətindən, Həzrət Əlinin cəsarətindən” (İslam İman İbadət, səh. 374) və Həzrət Hüseynin şəhadətindən az da olsa bir nəsib ala bildinizmi? O müqəddəs yerlərin gözəl ab-havasından heç nə götürə bilməyən bir adamın adının quruca “Hacı” olmasının xeyri nədir, ya olmamasının?..”

Fürsətdən istifadə edərək Həccə gedən qardaşlarımızı təbrik edir, ziyarətlərinin qəbul olmasını Uca Allahdan təmənna edirəm!

Rəbbim bütün ibadətlərimizi mahiyyətini dərk edərək yerinə yetirənlərdən eyləsin!

 

Hacı Arif Heydəroğlu

haciceylan@yahoo.com

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz