Yas məclislərində dini söhbətlər

Yas məclislərində dini söhbətlər

Belə bir mülahizə var ki, Azərbaycandakı yas mərasimləri, – üç, cümə axşamları, yeddi, qırx və il Sovet dönəmində vaxtilə ateizmin aparıcı ideologiya olaraq hökm sürdüyü bir dövrdə, məhz dini ənənələrin qorunması məqsədilə həyata keçirilirmiş. Əgər belə olubsa, çox yaxşı, amma fikrimizcə, indi müəyyən qədər dini azadlığın olduğu bir zamanda hüzrlə bağlı müəyyən adətlərə xitam vermək olar. Bu barədə biz keçən məqaləmizdə, yas mərasimlərində olan israfçılıq probleminə nəzər salmışdıq. Elə yazı çapa gedən ərəfədə dövlət, necə deyərlər, bu məsələyə əncam çəkdi, - hüzr məclislərində yeməklə bağlı israfçılığın qarşısının alınması ilə bağlı məlum qərarı qəbul etdi.

Yas mərasimlərində digər az əhəmiyyəti olmayan problemlərdən biri cəmiyyətdə kifayət qədər müzakirə olunan məsələ, dini söhbətlərin aparılması qaydalarıdır ki, bu barədə yenə də söhbət açmağın yeri var. Məlum olduğu kimi, Sovet dövründə belə bir problem demək olar yox idi, çünki hüzr məsclislərini əsasən mollalar aparırdı və eyni zamanda, əhalinin mütləq əksəriyyətnin, açığı, İslam dininin baza biliklərindən məhrum olması hansısa mübahisələrin qarşısını apriori almış olurdu.

Keçən əsrin 90-cı illərinin sonlarından başlayaraq, Azərbaycan üçün qeyri-ənənəvi olan cərəyanların ölkədə geniş yayılmasından sonra müəyyən adətlərin, ayinlərin keçirilməsi ilə bağlı müxtəlif dini təriqətlərin nümayəndələri arasında mübahisələr yaranmağa başladı. Məsələnin kökünə varanda, demokratik şəraitin, fikir plüralizminin olduğu istənilən bir cəmiyyətdə mübahisələrin yaranması əslində normal hal sayıla bilər.

Amma məsələ burasındadır ki, mübahisələr bəzən emosiyaların qızışmasına aparıb çıxarır ki, bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir. Bunun bariz nümunəsini bir neçə ay öncə Sabirabadda bazarda bir nəfərə qarşı edilən haqsızlığın timsalında gördük. Deməli, məsələnin kökündə tolerantlıq mədəniyyətinin hələ də tam oturuşmaması durur.

Hüzr məclislərində yaranan mübahisələr təxminən bu cür baş verir. Tutaq ki, molla hansısa adamın əqidəsinə zidd, uyğun olmayan bir fikir deyir, o və onun həmfikirləri o dəqiqə reaksiya verirlər, molla da öz növbəsində onlara cavab verir, cavab kobud şəkildə verilirsə, əks tərəfin nümayəndələrindən kimsə emosiyalarına sahib ola bilmir, o da qayıdıb sərt tonda fikrini deyir. Ya da əksinə, molla kifayət qədər tolerantlıq göstərir, amma məclisə təşrif buyurmuş digər məzhəb nümayəndəsi kobudluq, mədəniyyətsizlik nümayiş etdirir və sonda xoşagəlməz vəziyyət yaranır. Və məsələyə yas yiyələri qarışır, el dilində desək, ara qarışır, məzhəb itir.

Məsələnin kökünə varanda, bu tipli problemlərin yaranmasında səbəb əqidə məsələsi deyil, məhz insan faktoru, terminoloji dildə desək, “insanın situasiyaya adekvatlılığı” faktoru durur. Məsələn, Avropanın on beşdən çox ölkəsində olmuş birisi kimi o ölkələrin hüzr məclislərində bu cür halların olmasını, düzü, təsəvvürümə belə gətirə bilmirəm.

Aydındır, bunun səbəblərindən biri Qərbdə dini deyil, dünyəvi prinsiplərə söykənmiş adətlərin mövcud olmasıdır, – yəni hüzr zamanı həyata keçirilən adətlər daha çox formal xarakter daşıdığından, həmin ölkələrdə hansısa neqativ nəticələrə səbəb olacaq bu cür mübahisələr də yaranmır. Razıyam, amma eyni zamanda məsələnin kökündə yuxarıda qeyd etdiyim kimi, tolerant insan faktoru da durur. Məhz bunu nəzərə alaraq mübahisə məsələsində mən Qərb cəmiyyətinə üstünlük verirəm.

İstər-istəməz məlum sual meydana çıxır: tolerantlıq həddi hara qədər olmalıdır? Burada artıq etika həddləri problemi aktuallıq kəsb etməyə başlayır. Söhbət hüzr məclislərini aparan mollaların özləri üçün müəyyən etdiyi sərhədlərdən gedir. Yəni burada məsuliyyət deyək ki, daha çox mollanın üzərinə düşür, nəinki o məclisdə ona opponentlik edən qeyri-ənənəvi cərəyanın nümayəndəsinin üzərinə. Çünki mərasimin idarə edilməsinin dini tərəfinə ilk növbədə o cavabdeh olur. Bir sözlə, tolerantlıq məsələsində mənsub olduğu məzhəbdən asılı olmayaraq, daha çox molla həssaslıq göstərmək məcburiyyətindədir.

Sözsüz ki, biz heç də bu cür məsələlərdə qeyri-ənənəvi din nümayəndələrinin mənəvi məsuliyyət məsələsindən uzaq olması fikrini söyləmirik. Bir dəfə qeyri-ənənəvi məzhəb mənsublarından biri ilə söhbətdə mən zarafat tonunda, əslində ciddi niyyətlə demişdim: “Olmaz ki, siz hüzr məclislərində mollaların dediklərinə ümumiyyətlə reaksiya verməyəsiniz, mərhumun ruhuna “Fatihə” oxuyub, ehsanı təam edib, başsağlığı verib, hüzrü sakitcə tərk edəsiz?”

Əlbəttə, emosiyalı insanların əqidələrinə əks olan fikri eşidib susmaq çətin məsələdir, ­-bunu başa düşmək olar. Amma veriləcək reaksiyanın nəticələrini də öncədən görmək lazımdır. Bu baxımdan, ən azından, hansı məzhəbə, cərəyana aid olmasından asılı olmayaraq, istənilən müsəlmanın razı olmadığı fikrə mülayim şəkildə reaksiya verməsi labüddür. Yeri gəlmişkən, hüzr məclislərində tolerantlığın nümayiş etdirilməsi müəyyən mənada məzhəblərarası dialoqa verilmiş bir töhfə sayılmış olardı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz