“KÖNÜL KƏBƏSİNİ TƏVAF ET!”

“KÖNÜL KƏBƏSİNİ TƏVAF ET!”

Qəlb mədəniyyəti olan İslam daha çox insanın mənəvi tərəfinin inkişafına çalışır. Mənəviyyatın yeri isə heç şübhəsiz ki, qəlbdir. Ona görə də Qurani-Kərimdə ən çox üzərində durulan mövzulardan biri məhz qəlbdir. Statistik olaraq baxdıqda, müqəddəs kitabımızda sırf qəlb kəlməsi 135 yerdə zikr olunmuşdur. Bununla yanaşı sadr, fuad, lübb kimi ifadələr də işlədilmişdir ki, hər biri qəlb ilə yaxınmənalıdır.

 Duyğu və təfəkkürün, keçirdiyimzi hisslərin, vicdanımızın, sevgimizin, şəfqət və mərhəmətin, bir sözlə, mənliyimizi formalaşdıran bütün mənəvi tərəflərimizin birbaşa qəlblə bağlılığı var. Əlini vicdanının üstünə qoy deyildikdə sağ əlimizi ürəyimizin üstünə qoymağımız, bəzən hər hansı bir narahatçılıq keçirəndə “ürəyimə damır ki, bunun axırı heç yaxşı olmayacaq” kimi cümlələr qurmağımız, mərhəmət duyğusundan məhrum olanları “daşürəkli” adlandırmağımız və verə biləcəyimiz bu kimi saysız-hesabsız misallar insanlıq keyfiyyətimizin qəlbimizlə ölçüldüyünü göstərmirmi? İnsan qəlbdən ibarətdir desək, yəqin ki, yanılmarıq. Qurani-Kərim dərin düşünməyin və idrakın əslində ağlımızla deyil, qəlbimizlə mümkün olduğunu belə bildirir: “...Onların qəlbləri vardır, lakin onunla anlamazlar... (əl-Əraf, 179). Digər bir ayədə isə əslində gözlərin deyil, qəlblərin kor olduğundan söz açılır: “...Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar… (əl-Həcc, 46)

Misallardan da görürük ki, vücudumuzun mərkəzi qəlb olduğu kimi, mənəviyyatımızın da mərkəzi qəlbdir. Qəlbimiz bir növ zahirimizin və batinimizin paytaxtı mövqeyindədir. Elə ona görə də mələk və şeytanın, nəfs və ruhun iman-küfr davası məhz buranı ələ keçirmək üstündə gedir. Qəlb nəfsin tikanlı məftilləri ilə əhatə olunarsa, o zaman şərə meyil edər. Ruhun nəzarətinə girərsə, o zaman şəffaf hala gələr, paklaşar və Quranın ifadəsi ilə desək, aram tapar.

Hər bir insan qəlbinin halına görə, ürəyinin meyil etdiyi istiqamətdə yaşamağa can atar. İman gətirmiş bir insanın küfr, şirk və əxlaqsızlığın tüğyan etdiyi cəmiyyətdə yaşamağa cəhd etməsi düşünülə bilməz. Bunun əksinə, küfr çirkabına batmış qəlblər də təmiz həyata biganə qalarlar. Eynilə ömrünü murdar çirkab suları içində keçirən bir siçovulu gülüstanda saxlamaq mümkün olmadığı kimi, bunun ziddi olan bal arısını da alışdığı aləmdən kənarda yaşatmaq qeyri-mümkündür. Çünki onun qidası, tənəffüs etdiyi hava gül-çiçək rayihəsi ilə doludur. Hər bir varlıq həyatını təbiətinə uyğun sürdürür. Elə insan da. Təmiz qəlblər Allahın qoyduğu yola meyil edər, xəbis qəlblərsə çirkaba can atar. Burada bir nüansa diqqət çəkmək lazımdır ki, insan qəlbi yaşadığı mühitin rənginə boyanmağa  da çox əlverişlidir. Ona görədir ki, Quran ayələrində və hədisi-şəriflərdə yaxşı insanlarla, əməlisalehlərlə oturub-durmaq təlqin edilir. Allah-Təala iman gətirənlərə “sadiqlərlə bərabər olun” (ət-Tövbə, 119) buyurduğu halda, digər bir ayeyi-kərimədə zalım tayfa ilə birlikdə olmağı belə qadağan edir: (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan  sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma (əl-Ənam, 68)

Əməllərimizin yaxşı və ya pis olması qəlbimizin vəziyyəti ilə birbaşa əlaqəli olduğu üçün onu qorumaq məcburiyyətindəyik. Allah və Rəsulunun yolundan gedən Haqq dostları, mürşidi kamillər ömürləri boyunca qəlblərini paklaşdırmağa və şəffaf hala gətirməyə çalışmışlar. Çünki məhz bu zaman qəlb cilalanaraq kainatdakı ilahi təcəllilərə güzgü halına gələr. Hikmət və təcəllilər orada öz əksini tapar. Allah-Təala bizdən qəlbi-səlim sahibi olmağımızı istəyir. Ayeyi-kərimədə belə buyurulur: O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq qəlbi-səlim ilə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (əş-Şuəra, 88-89). Bu ayədə keçən “səlim qəlb” ifadəsi müfəssirlər tərəfindən küfr və günahlara meyil etməkdən uzaq, şirk və şübhədən təmizlənən, Allahın haqq olduğuna yəqin iman gətirən, hər cür mənəvi xəstəlikdən qurtulan, bidətdən qaçıb sünnə ilə dirilik tapan qəlb olaraq izah edilmişdir. O dəhşətli qiyamət günündə Allahın hüzurunda bizdən istənən yeganə şeyin “qəlbi-səlim” olduğunu şair nə gözəl ifadə edir:

“Sanma, ey hacə ki, səndən zəru-sim istərlər

Yovmə lə yənfəuda qəlbi-səlim istərlər”.

Uca dinimiz qəlblərimizi mənəvi kirlərdən təmizləməyi təlim etdiyi halda digər tərəfdən də insanların qəlbini qırmamağı əmr etməkdədir. Çünki qəlb nəzərgahi-ilahidir. Allah Rəsulu, Onun mübarək əshabı və Allah dostları qəlb qırmağı böyük qəbahət saymışlar. Həzrət Ömərin Kəbəyə baxaraq söylədiyi bu sözlər necə də ibrətlidir: “Sən nə böyüksən, şənin necə də ucadır. Lakin möminin Allah qatındakı şərəf və dəyəri səndən daha yüksəkdir” (Tirmizi, Birr, 85).

Şərqin dahi Mövlanası da qəlbin Allah nəzərində nə qədər böyük dəyərə sahib olduğunu ifadə etmək üçün belə deyirdi:

“Kəbə bünyadi-Xəlil Azər əst

Dil nəzərgahi-Cəlil Əkbər əst

Kəbə Azər oğlu İbrahim tərəfindən tikilmişdir, Qəlb isə uca və böyük olan Allahın nəzərgahıdır”.

“Əgər bəsirət sahibisənsə, könül Kəbəsini təvaf et! Torpaqdan inşa edilmiş Kəbənin əsl mənası könüldür Allah-Təala gözlə görünən surət Kəbəsini təvaf etməyi günahdan təmizlənmiş bir könül Kəbəsinə sahib olasan deyə sənə fərz qılmışdır. Bunu da yaxşı bil ki, Allahın nəzərgahı olan bir qəlbi incidərsənsə, Kəbəyə piyada da getsən, qazanacağın savab bir qəlb qırmağın günahını yuya bilməz”.   

 

 

 

Miskinlikdə buldular kimdə ərlik var isə

Mərdivəndən itərlər, kim yüksəkdən baxar isə.

 

Könlü yüksəkdə gəzər, dəmbədəm yoldan azar

Dış üzünə ol sızar, içində nə var isə.

 

Ağ saqqallı bir qoca, bilməz ki halı necə

Əmək yeməsin həccə, bir könül yıxar isə.

 

Sağır eşitməz sözü, gecə sanır gündüzü

Kordur münkirin gözü, aləm münəvvər isə

 

Könül Çalabın taxtı, Çalab könülə baxdı

İki cahan bədbəxti, kim könül yıxar isə.

 

Sən sənə nə sanırsan, ayruğa da anı san

Dörd kitabın mənası, budur əgər var isə.

 

Manada götürmüşlər, qardaşdan yar yegrəkdir

Oğuldan dahi dadlı, əgər doğru yar isə

 

Gördün yarın doğrudur, baş qoygil ayağına

Çıxar ciyərin yedir, əgər çarən var isə.

 

Gördün yarın əgridir, nən var isə ver qurtul

Ululardan öyüddür, eşitdiyin var isə

 

Az söz ərin yüküdür, çox söz heyvan yüküdür

Bilirə bir söz yetər, səndə gövhər var isə

 

Bildik gələnlər keçmiş, qonanlar geri köçmüş,

Eşq şərabından içmiş, kim məna duyar isə.

 

Yunus yoldan azmasın, yüksək yerə durmasın

Sinlə sirat görməsin, sevdiyi didar isə.

 

YUNUS ƏMRƏ

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz