BİR AYƏ
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
“Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”. Rəd surəsi, 28
Zikr düşünmək, xatırlamaq, xəbərdarlıq, nəsihət mənalarına gəlir. Qurani-Kərimdə müxtəlif söz tərkibləri formalarında 250-dən çox yerdə keçir. Uca Yaradan müqəddəs kitabın bir çox yerində Quranın da bir “zikr” olduğuna diqqət çəkir. (Ali-İmran 58, əl-Hicr 6, ən-Nəhl 44, Yasin 61, 69 və s.)
Zikr xəbərdarlıq, xatırlatma və nəsihət olduğu üçün Allahın bütün kitabları zikr hesab olunur. İnsanlara cənnəti, cəhənnəmi xatırladaraq, mükafat ilə müjdələyir, əzab ilə tənbeh edərək doğru istiqamət üzrə yaşamaları üçün nəsihətlər verir. Zikrin müqəddəs kitablara dəlalət edən mənasından başqa digər mənaları da vardır. Bunların ən əsası; məhz Allahı yad etmək, Onu daim xatırlamaq, qəlblərdən bir an olsun Onu çıxarmamaq. Belə olan halda məhz qəlbin “mutmain” yəni aram tapması mümkün olur. Könüllər onun vasitəsi ilə hüzur əldə tapar, mənəvi sıxıntılar onunla aşılar, dərdlər, xəstəliklər onunla dəva tapar. Çünki hər şeyin başlanğıcı və sonu Allaha bağlıdır. Səbəblər zənciri Allahdan başlayaraq yenidən Ona dönər. Uca Yaradanın məkan, zaman, sərhəd, miqdar kimi fiziki məfhum və məna daşıyan ünsürlərdən tamamilə uzaq yəni “mütəal” olması, yalnız Onun zikr ilə qəlbdə yer tutmasının mümkün olduğunu göstərir. Qəlblər Ondan başqa hansı dünya nemətlərinə meyil edirsə-etsin, hansı arzu və istəyə nail olursa-olsun, qəlbinin daim olaraq aram tapmasına səbəb olmaz. Yalnız bir müddət ərzində bu dünyəvi həva və həvəsinin ləzzətini yaşayar. Ancaq daha sonra bu zövq və səfa sonlanar və yenidən daimi sükunət və hüzur axtarışına başlayar. Hər cür nemət və maddiyyata qovuşsa da bu boşluğu yenə hiss edər və nəticədə Allahın yer tapmadığı bir qəlb mənəvi sıxıntı və iztirablarla boğuşar. Odur ki, insan hər zaman ilk növbədə imanın tələbi olan dini məsuliyətini dərk etməli, bu məsuliyət hissi ilə yaşamını formalaşdıraraq qəlbini də ona görə nizamlamalıdır. Allahı tanımaq, dərk etmək olaraq izah edilən “mərifətullah” səviyyəsinə yüksəlməyən və Allahı zikr etməyən qafil qəlblər heç bir zaman iztirabdan xilas olmaz, hüzur tapmaz və boşuna çırpınar. Həmçinin bu çırpınış bir ilahi eşq nəşvəsinin oyandırdığı vüslət həyəcanı ilə deyil, müvəqqəti səbəblərin, boş arzuların sarsılıb yıxılmasından qaynaqlanan bir hicran acısıdır ki, “Allah” demədiyi müddətcə əbəs yerə çırpınar. Fəqət, “Allah” deyə çırpınan bir qəlb insanı mənfi və mənfur şeylərdən qoruyan və onu daima nəzarət altında tutan bir mexanizm rolunu oynamaqla əbədi səadətə qovuşmasını təmin edər.
ŞƏRHLƏR