HƏYAT DƏFTƏRİNDƏN
Həyatın Mənası
Qədim zamanlarda bir gənc həyatın mənasının nə olduğunu öyrənmək istəyir. Öz-özünə nə qədər götür-qoy etsə də bir cavab tapmır. Nəhayət, qarşısına çıxana bu sualı vermək qərarına gəlir. Kəndbəkəd, şəhərbəşəhər gəzsə də istədiyi cavabı ala bilmir ki bilmir. Bütün ümidlərini itirdiyi anda bir kəndin sakinləri qarşı yatan dağıda yaşlı bir müdrikin yaşadığını və bu sualın cavabının onda ola biləcəyini söyləyirlər. Gənc uzun və məşəqqətli səfərdən sonra nəhayət müdrikin yaşadığı evə gəlib çatır. Qapıdan içəri girib həyatın mənasının nə olduğunu soruşur. Müdrik qoca:
- Sualına cavab verərəm, amma əvvəlcə səni imtahan etməliyəm,- deyir. Gənc razılaşır. Müdrik qoca gəncin əlinə çay qaşığı verir və qaşığı zeytun yağı ilə doldurur. Sonra da əlindəki qaşıqla bağçada gəzib qayıtmasını tapşırır. Amma bir şərtlə, zeytun yağından bircə damcı azalsa, sualına cavab yoxdur.
Gənc adam əlindəki qaşıqla bağçanı gəzib qayıdır. Müdrik qaşığa baxdıqdan sonra deyir:
-Hə, qaşıqdakı yağ dağılmayıb, əla. Bəs bağça xoşuna gəldi? Gənc çaşqın-çaşqın:
- Amma mən qaşıqdan başqa heç yerə baxmadım,- cavabını verir. Müdrik qoca:
- İndi bir daha bağçanı gəz. Qaşıq əlində olsun, amma gözün bağçada olsun.
Gənc təkrar bağçanı gəzir. Gördüyü gözəlliklər qarşısında sanki tilsimə düşür. Çünki bağca həddən artıq gözəlmiş. Geri qayıdanda müdrik bağçanın necə olduğunu soruşduqda uzun-uzadı danışmağa başlayır. Müdrik qoca gülümsəyərək: “Amma qaşıqda yağdan əsər-əlamət qalmayıb”,- deyərək əlavə edir:
“Həyat sənin baxışınla məna qazanır. Ya sadəcə bir nöqtəni görərsən, həyat axıb gedər, amma xəbərin olmaz. Yaxud da bütün gözəlliklərin mərkəzində həyat sürərsən, axıb gedən zaman sənin üçün mənalı olar”.
Qovaq və Qabaq
Qoca bir qovaq ağacının yanında bir qabaq çəyirdəyi cücərib baş qaldırır. Yaz fəsli olduğu üçün gü keçdikcə qovaq ağacına sarmaşaraq yüksəlməyə başlayır. Yağış və günəşin təsiri ilə sürətlə böyüməyə davam edir, az qala qovaq ağacı ilə eyni boyda olsun.
Bir gün qovaqdan soruşur:
- Sən neçə aya bu boyda olmusan? Qovaq:
- On ilə,- cavabını verir. Qabaq:
- On ilə?,- deyib gülməyə başlayır. Mən iki aya sənin boyda olmuşam. Ağac sakitcə:
- Doğrudur,- deyir.
Günlər gəlib keçmiş, payız fəsli qapını döymüş. Qabaq əvvəlcə üşüməyə başlamış, sonra yarpaqlarını tökmüş, soyuq şiddətləndikcə üzüaşağı sürüşməyə başlamış. Təlaşla qovaqdan soruşmuş:
- Mənə nə olur?
- Ölürsən.
- Niyə?
Ağacın cavabı çox möhtəşəm olmuş:
- Mənim on ilə gəldiyim yerə sən iki aya gəlməyə çalışdın, ona görə!
Qum və Qaya
İki dost birlikdə yol gedirdilər. Birdən aralarında mübahisə düşdü və dostlardan biri digərinə yumruq atdı. Yumruq yeyən zərbənin ağrısını hiss etsə də heç nə demədən aşağı əyildi və qumun üstünə belə yazdı:
“Bu gün ən yaxşı dostum mənə yumruq atdı”.
Dostlar xeyli yol getdikdən sonra bir vahəyə gəlib çatdılar. Sudan keçməli oldular. Yumruq yeyən bataqlığa düşdü və xilas olmaq üçün çırpınmağa başladı. Dostu qolundan tutaraq onu düşdüyü bataqlıqdan çıxardı. Ölümdən xilas olan dost bir daşa belə yazdı:
“Bu gün ən yaxşı dostum həyatımı qurtardı”.
Dostu dözə bilməyib nə üçün daha əvvəl qumun üstünə, indi isə daşın üstünə yazdığını soruşdu.
Bir az əvvəl ölümdən xilas olan dost bu cavabı verdi:
“Bir adam bizi incidəndə bunu qum üzərinə yazmalıyıq ki, bağışlama rüzgarı silib apara bilsin. Amma bir adam bizə yaxşılıq etsə, onu da daş üzərinə həkk etməliyik ki, heç bir rüzgar silib apara bilməsin”.
Həzrət Əlidən soruşurlar:
- Allah qiyamət günü bu qədər insanı necə hesaba çəkəcək?
Belə cavab verir:
- Necə ruziləndirirsə, elə!
ŞƏRHLƏR