Xeyriyyəçilikdən Xeyrə Doğru!!!

Xeyriyyəçilikdən Xeyrə Doğru!!!

Bu dünya aləmi bir tərəfdən dolub, digər tərəfdən boşalan bir kuzəyə bənzər. Həyatın bütün yönlərində dolmalar, boşalmalar, yenilənmələr, köhnəlmələr sözün həqiqi mənasında ümumi  yerdəyişmələr prosesi davamlı olaraq baş verir. Hər bir boşalmanın və əskilmənin yerini  ondan daha yeni və daha sağlam ünsürlər alır. Saralıb solmuş ağac yarpaqlarının yerini təravətli və yaşıl yarpaqlar, quruyub ətrini itirmiş çiçəklərin yerini tər bənövşələr, yaşayıb ömrünü başa vurmuş ağbirçəklərin yerini yaşam eşqiylə alışıb yanan gənclər, ehtiyac sahiblərinə verdiyimiz mallarımızın yerini də daha bərəkətli və əskilməz mallar tutur.

Tariximizin səhifələrini vərəqlədiyimiz zaman bu torpaqların, bu millətin yetişdirdiyi neçə-neçə xeyriyyəçi oğullar vardır ki, dövlət millət üçün onların xidmətləri əvəzsizdir. Xalqın ən çətin zamanlarında onların yanında olan Tağıyev, Nağıyev, Muxtarov kimi xeyriyyəçilər bu gün hər birimizə örnək və nümünədirlər. Onlar əllərində olan mal və dövlətin azalmasından qorxmayaraq xərclədilər. Xalqdan millətdən bir təmənni ummayaraq xeyriyyəçilik etdilər. Heç bəlkə də düşünmədilər ki, bir neçə yüzilliklər belə keçsə xalq onları unutmayacaq. Onların inşa etdikləri xeyriyyəçilik abidələri onları əbədi yaşadacaqdır. Ancaq bu, belə oldu. Çünki gözəl deyiblər: “Sevilmək istəyirsənsə fədakarlıq et.”

İmkanlı bir islam alimindən soruşurlar: “Sənin bu qədər varın mülkün var, ancaq hər birini insanlara paylayırsan bunun səbəbi nədir?” Cavabı belə olur:   “Gördüyünüz bu mal, mülk mənim deyildir. Mən sadəcə yemək qazanındakı bir qaşığa bənzəyirəm, yemək Allahın, yeyənlər də onun qullarıdır. Allahın mülkünü onun qullarına paylayıram deyə cavab verir.”

Bir hədisi-şərifdə Hz. Peyğəmbər belə buyurur: “Allah Azzə və Cəllə: Ey qulum: infaq edib xərclə ki, mən də sənə infaq edim.” buyurdu. Allahın əli doludur, xərcləmək onu əskiltməz, gecə və gündüz davamlı olaraq ehsanlar edər. Yeri və göyü yaratdığından bu yana Onun nə qədər xərclədiyini düşündünüzmü? Şübhəsiz ki, əlindəkilər əsla əskilməmişdir. Onun Ərşi də su üzərindədir. Gah alçalıb, gah yüksələn tərəzi də əlindədir.”  (Buxari, Təfsir 36.) Deməli insanın verdikləri özünün sahib olduqları şeylər deyildir. İnsan burada sadəcə səbəbkar rolunu oynamaqdadır. Dahilərdən biri belə deyir: “İnsan dünyada heç nəyə sahib deyildir. Sadəcə sahib olduqlarının müvəqqəti gözətçisidir.” Heç nəyə sahib olmadığımız və müvəqqəti sahib olduğumuz malların sadəcə müvəqqəti gözətçisi olduğumuz halda niyə yaxşılıqlardan və xeyriyyəçilikdən uzaq duraq ki? Üstəlik, verdiyimiz bir şeyin qarşılığında onun yüz mislini alacağımızı bilə-bilə. Hz. Peyğəmbər bir hədisi-şərifində  belə buyurur: “Kim Allah yolunda infaq edərsə, ona yüz misli savab yazılar.” (Tirmizi, Fədailul-Cihad 6) Heç bir zaman düşünmə ki, nə varım var nə dövlətim, necə xeyriyyəçilik edim? Din qardaşına verdiyin yarım xurma da olsa xeyriyyəçilik deyilmi? Bunu tapa bilmədiyin zamanlarda bir təbəssümün belə sənin üçün xeyriyyə hökmündədir. Sev və sevdiklərindən də verməyə çalış. Çünki sevdiklərinizdən vermədikcə həqiqi iman etmiş olmazsınız buyurur Allah təala.

Bu dünyada heç kim və heç nə əbədi deyildir. Əbədiyyət sadəcə Allaha məxsus bir xüsusiyyətdir. Əbədi olmayan bu dünyada əbədi dünyaya əbədi sərmayə hazırlamaq üçün edəcəklərimizi də Hz. Peyğəmbər bir hədisi-şərifində belə açıqlayır: “İnsan öldüyü zaman üç şeydən başqa (ona savab gətirən) əməlləri kəsilər. Bunlar sədəqeyi-cariyə (körpü tikdirmək, bulaq cəkdirmək, yol salmaq kimi), (ondan sonra) faydalanılacaq elm, arxasınca dua edən saleh övladdır.” (Tirmizi, Əhkam 5)

Həyat üzlərə təbəssüm, qəlblərə sevinc verdiyin zaman gözəldir.

Həyat insanlara dəyər verib, onları düşündüyün zaman əbədidir.

Ver ki, sənə də versinlər, sev ki səni də sevsinlər. Bununla da “Xeyriyyəçilikdən xeyrə doğru” yol qət et.

Hz. Peyğəmbərin bu hədisi-şərifini də unutmayaq: “Yalnız iki adama həsəd aparmaq olar: Allahın mal verib bu malı haqq yolunda xərcləyən kimsə ilə Allahın elm verib bu elmlə hökm verən və bu elmi öyrədən kimsəyə.” (Buxari, Elm 12)

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz