Həyat Səhnəsində Rollar Və Vəzifələr

Həyat Səhnəsində Rollar Və Vəzifələr

Həyat  adlı bir kitab tapdım. Götürdüm vərəqlərini çevirdim, mündəricatı  açdım “Varlıqlar” başlığı altında bir mövzu diqqətimi cəlb etdi. Mündəricatda göstərilən səhifəni açdım və bu  mövzunu oxudum.

 Varlıqlarla tanış olub, bir anlığa gözümü yumub həmin varlıqlar məfhumunun ayrı-ayrı obrazları ilə dialoq qurmağa başladım. Bu dialoq həyat səhnəsində baş verdi. Bu səhnədəki obrazlar müxtəlif rollar icra edirdilər. Bəziləri çox təvazökar, sadəlövh, şükür etməyi bilən,  itaətkar, bəziləri  də lovğa, naşükür idilər.

Nəzərimə çarpan ilk obraz (varlıq) mənim də daxil olduğum varlıqlar kateqoriyasindan “İnsan” idi. Bu obrazın oynadığı rollar mənə yad deyildi. Ona yaxınlaşıb sual vermək də istəmədim. Çünki onun verəcəyi cavabı bilirdim, həyat  fəaliyyəti ilə taniş idim. Digər varlıqlar kateqoriyasına daxil olan obrazlar məni maraqlandırırdı. Maraqlarımı təmin etmək üçün bir-bir o obrazlara  yaxınlaşdım və onların bu “Həyat” səhnəsində oynadıqları rollar barəsində sual verdim və “İnsan”  kateqoriyasına daxil olan obrazlarla digər varlıqlar kateqoriyasına daxil olanlar arasındakı fərqli  və  əlaqəli  cəhətləri gördüm.

Bir obraz diqqətimi  cəlb etdi. Ona yaxınlaşdım, adını soruşdum -Çiçək-dedi.

- Nə çiçəyi?

- Qızılgül

- Nədən bu qədər gözəlsən?

- Mən o varlığam ki, öz gözəlliyimlə bağ-bağçaları bəzəyirəm, insanların bir-birinə verdiyi ən gözəl hədiyyəyəm, öz ətrimlə ətrafdakılara xoş təəssüratlar bağışlayıram. O qədər gözələm ki, məni sevən tikanıma da qatlanır. Amma mən bu xüsusiyyətlərimə görə hər  zaman Allahıma həmd olsun deyirəm.

Başqa bir obraza yaxınlaşdım, adını soruşdum. “Ağac” -dedi. Mənə öz xüsusiyyətlərindən bəhs etməsini istədikdə sözə belə başladı:

- Mən o varlığam ki, insanların yaşaması üçün lazım olan oksigen qazını havaya buraxıb, lazımsız olan karbon qazını uduram. Bağrımdakı meyvələrim insanların qidası olur. Bu xüsusiyyətlərimə görə hər zaman Allahıma həmd olsun deyirəm.

- Amma biz insanlar nə edirik, səni bəzən quru bəzən də yaşıl halda kəsirik. Bu da biz insanların sənin etdiyin fədakarlığa qarşılığımız.

Başqa bir obraza yaxınlaşdım, adını sordum. “Arı” -dedi. Onun bu həyat  səhnəsindəki rolu  da insanlara xidmət etməkdən ibarət idi. O da Yaradana həmd olsun deyərək  çiçəkdən-çiçəyə qonub şirə toplayır, sonra da özünün düzəltdiyi şanlara yığıb bal istehsal edir. Bu zaman bir aforizmi xadırladım:

“Bal verən arının bircəsi yəqin,

  Yüzündən yaxşıdır  bal yeyənlərin”

Digər obraza yaxınlaşdım. Bu, “Torpaq” idi. O öz rolunu çox gözəl şəkildə icra edirdi. Daima insan tapdağı altında qalan torpaq heç vaxt şikayət etmir., əksinə insanlara ən gözəl şəkildə hər zaman xidmət edir və  edəcək. Yaşamağımız üçün verdiyi qida məhsulları ilə, yaşayış məskəni ilə bizə xidmət edir və bizə ən sonda qoynunda uyuya biləcəyimiz  yer verəcəkdir. Budur onun xidməti. O, biz  insanlardan fərqli olaraq heç zaman etdiyi xidmətlərdən şikayətlənmir, qürrələnmir, lovğalanmır. İnsanın həyat səhnəsində əvəzsiz rolu olan daha neçə obraz öz işlərini lazımi şəkidə icra edirdilər.

Daha neçə obraz, neçə qəhrəman həyat səhnəsində oynadıqları rollarla insana xidmət etdiklərini və edəcəklərini bildirirdilər. Tamaşanın sonunda onlar bir ağızdan belə səsləndilər: Allah təala bizi sənin üçün yaratdı EY İNSAN! Sən bunları görürsənmi? Varlıqlar içərisində bu cür ali yaradıldığın üçün şükür edirsənmi, Yaradanına? Şükür edirsənmi, Onun sənə bəxş etdiyi bu nemətlərə? Sənin yaşamağın üçün bütün dünyanın sənə qulluq etdiyini düşünürsənmi? Bəs sən? Sən öz vəzifəni, öz qulluq borcunu bilirsənmi, ey insan?  Bu həyat səhnəsindəki vəzifələrini lazımınca yerinə yetirirsənmi?

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz