Qarşimizda Duran Maneə

Qarşimizda Duran Maneə

Bəşəriyyətin müqayisəsiz varlığı olan insan övladı öz həqiqətini anlamaqdan ötrü yaranış mahiyyətini daima araşdırmış və bu yolda ətraf aləmi, kainatı dərk etmə,  qiymətləndirmə istiqamətində malik olduğu təsəvvürlərini qane edəcək nəticələrə qismən də olsa çevirə bilmişdir. Lakin qeyd etməliyik ki, insanın təsəvvürlər aləmi bir, həqiqi idrak meyarları isə tamamilə fərqli bir təzahür elementlərini özündə daşımaqdadır. İlahi yardım ilə dəstəklənməyən təsəvvürlər aləmi cəmiyyətlərin gündəmində nə qədər qəribə görünsə də həddən artıq anlayış qazanaraq müasir ümumbəşəri nailiyyətlər bazasını formalaşdırmaqdadır. Aydındır ki, bu insan həqiqətinin, insan adlı varlığının mövcud olma möcüzəsinin açıqlanmasında yetərli olmamaqdadır. Axı uca Allahın diləmədiyi təqdirdə hansı taleyüklü məsələlərin incəliyinə nüfuz etmək olar? Qeyd edək ki, Rəbbani əsasları hərtərəfli şəkildə dərk etmə səltənətinə açılan qapılarda, insan övladının qarşısında duran əsas maneə nəfs həqiqətidir.

            Hətta bu həqiqət o qədər ciddi bir maraq və tələb dairəsinə daxildir ki, sevimli Peyğəmbərimiz islamda gerçək mücahidin kim olduğunu məhz bu şəkildə açıqlamışdır:

            “Gerçək mücahid Allaha təalaya itaət xüsusunda nəfsiylə cihad edəndir.”

            İnsan nəfsi həddən artıq mürəkkəb bir sosial, mədəni, maddi və mənəvi qarşılıqlı anlaşma sistemini, yaxud bir sözlə Adəm övladının mövcud olma, yaşama mərhələlərini şərtləndirən kifayət qədər ciddi bir anlayışdır. Nəfsin əhatə etdiyi mənaları tam aydınlığı ilə bir məqalənin işığında açıqlamaq qeyri-mümkündür. Lakin uca Allahın mübarək kitabı Qurani-Kərimdəki insan nəfsini xarakterizə edən ayələrinə müraciət etdikdə az sözlə tükənməz məna dərinliyinə baş vurmaq mümkündür:

            “And olsun nəfsə və onu yaradana; Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (əş-Şəms, 91/7-10)

            Nəfsə ilham olunan mənaların həqiqətinə qovuşan insan öz əbədi xilasının təməlini, yalnız və yalnız şəxsi nəfsinə qarşı hazırladığı qurtuluş mübarizəsini düzgün və savadlı şəkildə aparacağı təqdirdə təmin edə bilər. Bu işdə ona əvəzsiz yardımı yenə də Qurani-Kərim göstərməkdədir. Çünki nəfsə qarşı aparılan mücadilənin bənzərsiz incəliklərini özündə daşıyan Qurani-Kərim mahir bir tərbiyəçi kimi insan övladını onu gözləyən təhlükələrdən xəbərdar edərək dünya həyatında gözləyəcəyimiz həyat ölçülərini düzgün qiymətləndirməmizə güzgü olmaqdadır:

            “Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi (Adəm və Həvvanı) cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik.” (əl-Əraf, 27)

            “İş bitdikdə şeytan belə deyəcək: "Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın.” (İbrahim, 22)

            “Əslində (iblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (iblisə bu imkanı verdik)” (Səbə, 21)

            Mübarək kitabımızın bəyan etdiyi geniş mənaları daim canlı tutub, nəfsin və şeytanın şərindən Allaha sığınaraq ilahi mərifətə layiq olmağа çalışmaq ibadət əhlinin ən ümdə vəzifəsi olmalıdır.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz