Səbir

Səbir

“Səbr” lüğətdə, bəlaya sinə gərmək, dözümlü olmaq, əziyyət və məşəqqətlərə qarşı soyuqqanlı bir şəkildə müqavimət göstərmək, ağlın və dinin göstərdiyi yoldan ayrılmamaq mənalarınını ifаdə еdir.

Möminin həyatında səbrin son dərəcə əhəmiyyətli yeri vardır. Qurani-Kərim və Hz. Peyğəmbərin sünnəsi bu mövzuya diqqət çəkmişdir. Səbrin fəziləti ilə əlaqəli bir çox ayə Qurani Kərimdə yer almışdır. Bir ayədə Allah Təala belə buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, möhkəm durun!” (Ali İmran 3/200). Ayələr, qurtuluş və xoşbəxtliyin ən əsas şərtinin səbr olduğunu bildirmiş, imtahan və sıxıntılara onunla sinə gərməyi bilməyənlərin müvəffəqiyyət əldə edə bilməyəcəklərini açıqlamışdır. Digər ayələrdə səbr əhli mədh edilmiş və səbr edənlərə mükafat veriləcəyi, göstərdikləri səbrləri səbəbilə iki qat mükafat alacaqları və hətta bir ayədə də saysız hesabsız qarşılıq görəcəkləri xəbər verilmişdir. Səbri əmr edən bəzi ayələrdə, Allahın səbr edənlərlə bərabər olduğu vurğulanmışdır.

Hədisi-Şəriflərdə Hz. Peyğəmbər (s.ə.s) səbri işıq, nur olaraq tərif etmişdir. Səbr həm dünya, həm də Axirət səadətini təmin etmə yolunda mömində olan təbii bir işıqdır. Onun  sayəsində bir tərəfdən mömin qadağaların yalançı cazibəsindən uzaqlaşarkən, digər tərəfdən də əmrləri yerinə yetirmədə qarşılaşdığı çətinliklərə sinə gəlir. Başqa bir hədisdə Hz. Peyğəmbər (s.ə.s), səbr etməyə çalışan kimsəyə Allahın ona səbr verdiyini, heç bir kimsəyə səbrdən daha xeyirli və böyük lütf verilmədiyini bəyan etmişdir. Hədisdə səbr böyük bir nemət olaraq qiymətləndirilmiş, onun insan həyatına necə təsir etdiyi təfərrüatlı olaraq açıqlanmışdır.

 İnsanı mərdə-namərdə əl açmaqdan uzaq tutan səbr həqiqətən böyük bir nemətdir. Yoxluğun və varlığın, sevincin və kədərin, nemətin və bəlanın təhlükəsinə qarşı möminin qalxanıdır səbr. Hirsinə qalib gəlmək, qəzəbini cilovlamaq mədh olunan səbr növlərindəndir. Qur`ani-Kərim qəzəbinə qalib gələnlərin, insanları əfv edənlərni əsl insani xarakterə sahib olduğuna diqqət çəkmişdir. Hz. Peyğəmbər (s.ə.s) isə insanları təhlükə ilə üz-üzə qaldıqları zaman səbrə təşviq etmiş, bir hədisində: “Əsl pəhləvan güləşdə rəqibinə qalib gələn deyil, hirsləndiyi zaman qəzəbini cilovlaya biləndir” - buyuraraq, bir tərəfdən içimizdəki rəqiblərlə mübarizənin, həyatdakı rəqiblərlə mübarizədən daha çətin olduğunu izah etmiş, digər tərəfdən də igidliyin duyğuları və hissləri inkar etmədən yaxşı cəhətə yönləndirmək olduğunu açıqlamışdır. Mövzu ilə əlaqəli bir başqa hədisdə; “Bir adam Hz.Peyğəmbərə gələrək ondan bir nəsihət istədi. Hz. Peyğəmbər ona “hirslənmə!, səbrli ol!” buyurmasına baxmayaraq, adam diləyini bir neçə dəfə təkrar etdi. Hz. Peyğəmbərin hər dəfəsində israrla “hirslənmə!, səbirli ol!” buyurması səbrin hirsli və qəzəbli vəziyyətlərdən qurtuluş yolu olduğunun açıq bir dəlilidir..    

Əbu Yəhya Süheyb ibn Sinan (r.a.)-dan rəvayət edildiyinə görə Hz. Peyğəmbər belə buyurmuşdur: "Möminin vəziyyəti qibtə edilməyə və heyran olunmağa dəyər. Çünki onun hər halı özü üçün bir xeyir səbəbdir. Belə bir xüsusiyyət ancaq mömində vardır. Sevinəcəyi zaman şükr etməsi onun üçün bir xeyir olduğu kimi, bir bəlaya düçar olub ona səbr etməsi də onun üçün bir xeyirdir" Hədisdən çıxan nəticəyə görə mömin olmaq bəla və əziyyətlərə məruz qalmamaq mənasına gəlmir. Digər insanlar kimi mömin də müəyyən çətinliklərlə qarşılaşar və sınağa çəkilər. Ancaq o, bu əziyyət və bəlalardan xilas olmaq üçün səbr kimi güclü bir silahа sahibdir. Əsl səbr isə müsibətin ilk anında göstəriləndir. Ənəs b. Malik (r.a)-dən rəvayət edildiyinə görə Hz. Peyğəmbər uşağının məzarı başında fəryad edərək ağlayan bir qadının yanından keçərkən ona; “Allahdan qorx və səbr et” -buyurdu. Qadın: “Get başımdan, mənim başıma gələn fəlakət sənin başına gəlməyib.” –dedi. O, Hz. Peyğəmbəri tanımamışdı. Qadına onun Allah Rəsulu olduğunu söylədilər. Bunu eşidən kimi o, dərhal Peyğəmbərin evinə tərəf getdi və hüzuruna çıxdı. Üzr istəyərək “Ey Allahın elçisi! Sizi tanımamışdım”-dedi. Hz. Peyğəmbər: “Əsl səbr fəlakətin ilk anında göstəriləndir”- buyurdu.

Məlum оlduğu kimi insan zamanla hər şeyə vərdiş edir. Çətin və eyni zamanda mühüm olan bəla və müsibətin ilk gəldiyi anlarında səbr etməkdir. İlk anlar ötüşdüкdən sonra fəlakətin təsiri tədricən azalır, fəqət o anda səbrsiz olmaq -Allah qorusun- ağlını itirməkdən intihara qədər uzanan çox böyük və acı nəticələrə səbəb ola bilər. Bunun üçün аrzu оlunmаyаn ilk anlarında səbrli davranmaq, o anı xətasız bəlasız sovuşdurmaq lazımdır. Müsəlmanın imanındakı kamillik, оnun ölüm hadisələrində göstərdiyi səbrlə ölçülür.  

Ancaq səbr, zillətə razı olmaq, haqsız təcavüzlərə, şəxsiyyəti alçaldacaq davranışlara səbr etmək mənasına əsla gəlməməlidir. Bunlara qarşı əlbəttə ki, müvafiq tədbirlər görmək lazımdır. İnsan öz gücü və iradəsiylə öhdəsindən gələ biləcəyi pisliklər qarşısında laqeyd qalması səbr deyil, acizlik və tənbəllikdir. İmam Qəzzali “İhyau ulumid-din” adlı əsərində qadağan olan şeylərdən uzaq durmaq üçün səbri fərz, məkruhlara qarşı səbri nafilə, təhlükəli əziyyətlərə, mal, can və namusa qəsdə göstərilən səbiri isə haram saymışdır. 

Beləliklə, səbrin həyatımızın əhatə etməsi lazım gəldiyini və ona hər zaman ehtiyac duyduğumuzu bilməliyik. İnsan, nəfsin boş arzu və istəklərinə qarşı səbrlə dayanır, həyatda qarşılaşdığı çətinliklərin və məşəqqətlərin öhdəsindən onunla gəlir.

       Mövzu ilə əlaqəli hədislərdə keçən səbrin növlərini aşağıdakı kimi xülasə edə bilərik; ibadətlərin yerinə yetirilməsində göstərilən səbr, qadağaların tərk edilməsində göstərilən səbr, insanların əziyyət və cəfasına göstərilən səbr, bəla və müsibətlərə qarşı səbr, Allah yoluna dəvətdə səbr, döyüş anında səbr.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz