Muxaxlı Nəsuh əfəndi

Muxaxlı Nəsuh əfəndi

Nəsuh əfəndi, 1917-ci ilin oktyabr ayında dünyaya gəlmişdir. Atası, Məhəmməd əfəndi din alimi olmuşdur. Ilk təhsilini atasından almışdır. Məhəmməd əfəndi 1935 - ci ildə vəfat etmişdir.

 Şafii məzhəbində olduğu üçün tələbələrinə "Tuhfətul - muhtac bi-şərhi`l - Minhac" adlı (ibn Hacər əl-Heytəmi (öl: 974/1567)) on cildlik fiqh əsərini oxutmuşdur.

       Beş qardaş olublar; Məhəmməd Salih, Məhəmməd Fateh, Məhəmməd Nəsuh, Məhəmməd Zakir və Məhəmməd.

Atası böyüyəndə nə olmaq istədiklərini soruşmuş; böyük oğlu Məhəmməd Salih "Bir kənddə mollalıq edə biləcək (müəllim) qədər oxusam, mənim üçün bəsdir demiş, kiçik oğlu: "Tələbələrə Sərf və Nəhv (qrammatika) öyrədə biləcək qədər ərəbcə öyrənsəm, mənim üçün bəsdir" demiş, Məhəmməd Nəsuh əfəndi isə "Molla Cami" (qrammatika) və "Tuhfə" (fiqh) kitablarını göstərərək -"Bu kitabları yazanlar bizim kimi insanlar deyillərmi?"- deyə soruşmuş, atası da -"əlbəttə, bizim kimi insanlardır"- deyincə, Nəsuh əfəndi: -Onlar necə kitab yazıblarsa, mən də onlar kimi kitab yaza biləcək səviyyəyə gələnə qədər oxuyacağam" - deyə cavab vermişdir.

       Atası vəfat edəndə 18 yaşında olan Nəsuh əfəndi, iki il də oxuyaraq ərəbcə və fiqh elmlərinin incəliklərinə qədər öyrənmişdir. Bir gün atasının kitablarını araşdırarkən "Hər hansı bir insan Allah dostu kamil bir mürşiddən dərs almasa, kamilləşə bilməz" cümləsinə rast gəlir və 20 km aralıda yerləşən 3-cü Tala kəndində Dağıstanın Şuqini kəndindən gəlib, orada məskunlaşmış Hacyov əfəndiyə bağlanır. Həftədə iki dəfə yanına piyada gedib-gəldiyi bu mürşiddən mənəvi dərslər almış, söhbətlərindən feyzlənmiş və icazət (diplom) alaraq insanları mənəvi olaraq inkişaf etdirmək dərəcəsinə çatmışdır.

       Mənəvi icazəni Zaqatalanın III Tala kəndində məskunlaşmış Nəqşibəndi şeyxi Hacyov əfəndidən, o da əl-hac əl-Hafiz Şuayb əfəndidən, o da əl-Hac Əhməd əfəndidən, o da Almalılı (Qax rayonunun kəndi)  Mahmud əfəndidən, o da Lələli (Qax) Yunus əfəndidən, o da Hacı Yəhya əfəndidən, o da Ismail Şirvani əl-Kürdəmiri əfəndidən, o da Xalidi Bağdadi Həzrətlərindən almışdır.

Çox təkrar etdiyi sözlərinin biri "Kun sahibə istiqamətin vəla təkun talibə kəramətin". Yəni; "Kəramət istəmə, istiqamət sahibi olmağa çalış". "əl-arifu yu`rafi rabbəhu qablə kullə şeyin", "Arif rəbbini hər şeydən əvvəl bilir (tanıyır), Baxdığın hər şeydə Allahın mükəmməl əsərini görürsən. Hər əsərin bir müəllifi olur, o da onu var edəndir" - deyərdi. Ən çox təkrar etdiyi ayə isə Qaf surəsi 16-cı ayə idi. Bu ayədə "Allahın insana şah damarından daha yaxın olduğu" bildirilirdi. Özü elm aşiqi idi. Oğullarına: "- Mən sizə elmin ləzzətini daddıra bilmədim" - deyərdi.

       Yazdığı əsərlərdən bəziləri bunlardır. Üç cildlik təfsir (Bir qismi evindədir), Şafii fiqhinə dair bir kitab (tamamlaya bilməmişdir), Təsəvvüfə aid "Xalidiyyə" kitabının tərcüməsi. 1971 - ci ildə kitabxanası və qiymətli əlyazmaları yanmışdır. Ona görə yazdığı əlyazmalarının çoxu məhv olmuşdur. Sonradan tələbələrinin və tanışlarının köməyi ilə kitabxanası yenidən bərpa olunmuşdur. Miras olaraq kitabları və elm qalmışdır. Uşaqları və nəvələri Quran xadimidir. Nəvələrindən biri hafizdir.

Nəsuh əfəndi 25 yaşında evlənmişdir. 3 oğlu və 4 qızı olmaqla 7 övladı olmuşdur. Övladlarına dini biliklər və Quran oxumağı öyrətmişdir.

       Əliabad qəsəbəsindən əfəndi babanın yanına Molla Məhəmməd dayı, Molla əmrullah dayı, Islam dayı, Nəbi dayı bəzi vaxtlarda gedib - gəlmiş, dini təbliğin qadağan olmasına baxmayaraq, dinlərini öyrənmək üçün, heç bir əngəldən qorxub çəkinməyərək, Nəsuh əfəndinin söhbət və salavat məclislərində iştirak etmişlər.

Cəhalətin ən böyük düşmən olduğunu başa düşən bu səmimi insanlar uşaqlarını da Nəsuh əfəndidən Quran və İslami elmlər öyrənmək üçün həvəsləndirmişlər. Dini aclığın yaşandığı bu zamanlarda İslam həqiqətini Allah dostu sayılan saleh qulların mübarək ağzından dinləmək səadətinə nail olan gənclərdən biri də Əliabad qəsəbəsinin mərkəzi məscidinin imamı olan Darçın Məmmədovdur. Darçın əfəndi xatirələrini belə nəql edir:- "Nə vaxt onlara getdimsə, Nəsuh əfəndini ya kitab oxuyarkən, ya da bəzi şeyləri qeyd edərkən gördüm. İslam mənbələrindən Quran, Hədis və Fiqh kitablarından nə isə araşdırırdı."

Sovet ateizminin ən şiddətli vaxtında (1950-70-ci illər) Balakən, Zaqatala, Qax, Şəki və hətta Qəbələ rayonları əhatəsində dinin qorunub saxlanması üçün çalışanlardan olduğuna görə Nəsuh əfəndinin ətrafında onun elmindən və mənəviyyatından faydalanmaq niyyəti ilə çox sayda tələbələrin toplanması bəzi din əleyhdarlarını narahat etmiş və onun haqqında mərkəzə (Moskvaya) şikayətlər yazmışdılar. Mərkəz Leninqrad (indiki Sankt-Peterburq) şərqşünaslıq Akademiyasından nümayəndə heyəti göndərmişdir. Moskvadan gələn yoxlama onunla tərcüməçisiz olaraq rus ədəbi dilində söhbət etmiş, bir xeyli söhbət və müzakirədən sonra təəccüblərini gizlədə bilməmişlər. Onun heç bir yerə getmədən evində belə mükəmməl elmə sahib olmasını möcüzə adlandırmışlar. Beləliklə Nəsuh əfəndidə olan elmə heyranlıqlarını bildirmişlər. Ayrılarkən öz ünvanını və telefon nömrəsini vermiş, "Hər hansı bir çətinliyi olarsa, onlara müraciət etmələrini söyləmişlər".

       Əliabad qəsəbəsində missionerlərin təbliğinin qarşısını almaq üçün çox çalışmışdır. 1985-1990 - cı illərdə bu əraziyə ayaq açan missionerlərlə (Babtistlər və Yəhova şahidləri) və eləcə də vəhhabi axınına qarşı əlindən gəldiyi qədər mübarizə aparmış, missionerlərin gələcəkdə törədə biləcəkləri fitnələr haqqında ciddi xəbərdarlıqlar etmiş, onların qarşısını almaq üçün İslama, xüsusən də camaatla birlikdə olmağa çağırmış, birlikdə namaz qılaraq Allahdan kömək istəməyin vacib olduüunu söyləmişdir.

Söhbətləri qısa olaraq bir video kasetdə və bir neçə audio (səs) kasetlələrində toplanmışdır. Söhbətlərində iman, islam, kainatın yaradılması, bəzi qudsi hədislər, dinin əmr etdiyi əsaslar, dinin qadağan etdiyi haramlar, inkişaf etmiş tələbələrinə isə fiqhin incəliklərini və təsəvvüfi məlumatlar barəsində söz açır.

       Fasiləsiz oxuduğu kitablar arasında Ihya-u Ulumiddin, Mizanu`l - Kubra, Məktubati- Rəbbani kimi böyük islam alimləri tərəfindən qələmə alınmış elm və hikmət dolu kitablar vardır.

Yetişdirdiyi tələbələrindən bəziləri bunlardır: Məhəmməd, Muhma, Şaban, Izbulla, Yusuf, Veysəlqara, Nemət, Həbibulla, Yaqub, Islam, Qurban, Əmrullah, Abdullah, Xəlil (Zaqataladan), Ismayıl, Rəcəb, Qoca Ramazan (Balakəndən), Mikayıl, Hafiz Osman (Qəbələdən), Məhəmməd (Gürcüstandan), Əhməd, Cuma (Dağıstandan).

       Həftədə iki dəfə, cümə axşamı və bazar ertəsi tələbələri ilə bir yerə yığışar, dini söhbətlər edər, Peyğəmbərə (s.ə.s) salavat gətirərdilər. Ilin müəyyən üç günündə isə ətrafdakı tələbələrinin çoxunu çağırmadan bir yerə yığardı. Bu üç gün; Şaban ayının 15-ci gecəsi (Bəraət gecəsi), Rabiul-Əvvəl ayının 12-ci gecəsi (Mövlud gecəsi) və Ramazan ayının 27-ci gecəsi olan Qədir gecəsi idi. Təqribən 300 tələbə bir yerə yığışar, dini söhbətlər, salavatı-şəriflər söyləyərək Cənabi Allahdan rəhmət və bərəkət diləyərdilər.

İordaniyada konfrans verən bir alim: "Mən həqiqi bir sufi görmüşəm, o da Azərbaycanlı Məhəmməd Nəsuh əfəndidir"- deyə etiraf etmişdir.

       Nəsuh əfəndi 26 noyabr 1996-cı ildə Allahın rəhmətinə qovuşmuşdur. Cənazəsi çox saxlanmayıb, Peyüəmbər əfəndimizin: "Cənazələrinizi tələsik götürün, əgər yaxşı adamsa, yerinə tez çatdırmış olarsınız. əgər pis adamsa onu çiyninizdən tez atıb rahat olarsınız" (Buxari, Mislim) Bu hədis-i şərifini xatırlatdığı vəziyyətdə dəfn edilmişdir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz