Heçdə Asan olmayan Qəlb Təlimi
İlk növbədə yeni tədris ilinin xeyirli və müvəffəq olmasını təmənna etməyi özümə borc bilirəm.
Üç növ təlim-tərbiyə və təhsil vardır :
1. Dünyəvi fənnlərlə əlaqədar təhsil
2. Dini təhsil
3. Qəlb təlimi (mənəvi təhsil)
İstər dini təhsilin, istər dünyəvi fənnlərin tədrisi üçün qələm, kağız, kitabxana, labaratoriya və s. texniki vəsaitlər tələb olunduğuna görə qəlb təliminə nəzərən ətrafdan müşahidə olunması və qiymətləndirilməsi mümkündür. Qəlbin təlimi isə çox mürəkkəb bir proses olduğu və xarici təsirlərə məruz qaldığı və cismani və ruhani bütövləşmə ilə mümkün olduğu üçün çətindir. Bu prosesin çətinliyi Təbuk səfərinin dönüşündə Peyğəmbər (ə.s) tərəfindən çox gözəl izah olunmuşdur.
Belə ki, Peyğəmbərin (ə.s) başçılıq etdiyi müsəlman ordusu yayın qızmar istisində min km-lik yolu gedib gəlmiş və yorğunluğun son həddində olduğu bir halda -« indi böyük cihada qayıdırıq »- deyə peyğəmbər buyuranda əshabəsi :- « bundan daha böyük bir cihad olar mı, ya Rəsulallah ? »- deyə təəccüblə sual etmişdir. Peyğəmbər (ə.s) də :-« bəli, indi kiçik cihaddan ən böyük cihada ; nəfslə mübarizəyə qayıdırıq »-buyurmuşdur.
Gəlin etiraf edək ki, qəlb təliminin, nəfslə mübarizənin çətinliyini bundan daha uyğun bir vaxtda və belə bir təsir gücüylə heç bir pedoqoq ifadə edə bilməzdi.
Minlərlə səlat və səlam sənə olsun ey Şah-i Rəsul ! Səndən 14 əsr sonra da bu həqiqət dəyişmədi. Hətta bəlkə də daha çətinləşdi... mədət əsirlər tükəndikcə ümmətin şəfaətinə daha da möhtac olur... Bu dinin ondan bir hissəsini yaşaya bilənlərin qurtulacağını dediyin Axır zamanda yaşayırıq deyəsən... Bu iş həqiqətən çətindir ki ; « ey qəlbləri çəkib çevirən, qəlbimi dinin istiqamətində sabit elə » - deyə Rəbbinə dua edərdin. Bu iş asan olsaydı yəqin : « Həqiqi mücahid nəsfi ilə cihad edəndir[1] » deməzdin.
Öz fikrim olaraq bu işin çətinliyindən və bizi bu yoldan caydıra biləcək mənfiliklərdən bəhs edə bilərəm. Ancaq yeri gəldikcə bu işə ruhən aludə olanlardan sitatlar da gətirməyə çalışacağam.
Qəlbin təlimi, əslində insanı yaradılış qayəsindən uzaqlaşdırıb, nəfsinə məhkum edən bütün arzulara qarşı aparılacaq mübarizə deməkdir. Başqa bir ifadəsi isə “böyük cihad”dır. Müsəlmanların Allahın yolundan ayıran hər cür iqtidar, zənginlik və səhv ideologiyaya qarşı, Onun birliyi və ahəngdarlığını təmin etmək üçün çalışmasınа isə kiçik cihad deyilir. Fərd və cəmiyyətin səadəti və salamatçılığını təmin edən də, bu iki cihad arasındakı müvazinətdir.[2]
Hər mömin tez-tez nəfsini mühasibəyə çəkməli, mənəvi vəziyyətini ciddi şəkildə yoxlamalı və gedişatıına nəzarət etməlidir. Buna ruhaniyyət elmində “batini təfəhhüs” (nəfs mühasibəsi) deyilir. İnsan heç olmazsa hər başını yastığa qoyanda, keçirdiyi o günün hesabını öz-özünə verməlidir. Bunu vərdiş halına gətirənlərin özlərini günahlardan və xətalardan qorumağı asan olar.[3]
Bununla əlaqədar olaraq İmam Qəzzalinin bu nəsihətlərini dinləyək:
“Bir mömin sübh namazını qılandan sonra və günə başlamadan əvvəl bir müddət nəfsi ilə təklikdə qalmalı, ona bəzi şeyləri aşılamalı və onu cilovlamalıdır. Necə ki, bir tacir sərmayəsini ortağına tapşıranda onunla bəzi şeyləri razılaşdırır, öz tövsiyələrini bildirir. İnsan da nəfsinə bu tövsiyələri verməlidir:
«Mənim sərmayəm ömrümdür. Ömrüm bitəndə kapitalım da tükənər və qazancım və ziyanım da sona yetər. Lakin yeni başlayan bu gün, yeni bir gündür. Allah Təala bu gün də icazə verib, imkan yaradıb. Əgər məni öldürsəydi təbii ki, bir günlük olsa da geri dönüb burada saleh əməllər və müxtəlif xeyirxahlıqlar etmək üçün təmənna edərdim. İndi elə qəbul et ki, ölmüsən və bu şəkildə geri qayrarılmısan. O halda bu gün günah və xətalardan gen dur və əsla bu günün bir anını belə hədər eləmə. Çünki hər nəfəs çox qiymətlidir”
İnsanın gündəlik belə təmizlənməyə, tövbə etməyə, özü-özünə söz verməyə və nəfsini mühasibədən keçirməyə çox əsaslı ehtiyacı var. Ona görə də demək olar ki, adəm övladının bu dünyadakı ən ağır imtahanı nəsfdir.
Nəfs insanı yaradılmışlar içərisində, həm ən üstün mövqeyə ucalda bilən, həm də Quran dili ilə desək: “əsfələ safilin” dərəcəsinə endirə bilən bir vasitədir. Elə bil iki uclu bıçaqdır...
Yusif surəsinin 53-cü ayəsində: “Heç şübhə yoxdur ki, nəfs pis əməlləri şiddətlə əmr edər”- buyurulur.
Buna görə də işimiz asan deyil...
Bəşər övladında iki zidd qütb kimi bu mübarizə, ta ölənədək davam edəcəkdir. Elə Rəbbimiz də: - “Ölüm gələnə qədər Rəbbinə ibadət et”- deyir.
Mənəvi irşad və nəzarətdən məhrum hər nəfs, həqiqətləri qəflətlə örtən acı bir məhrumiyyətə səbəb ola bilər. Nəfs sahibi üçün təhlükəli olan bu vəziyyəti İbn Ataullah əl-İskəndəri belə izah edir:
“Sən əsas nəfsindən qorx! O nəfs ki, sənin əleyhinə çalışır və ölənədək də səndən heç ayrılmaz. Şeytan belə Ramazan ayında da olsa insandan ayrılır. Çünki Ramazan ayında şeytanlar zəncirə vurulur. Ancaq buna baxmayaraq Ramazan ayında baş verən cinayətlər, oğurluq və əxlaqsızlıqlar şeytanın yoldan çıxarmasına görə deyil, nəfsin insanı azdırmasına görədir”.
Allat Təala hamımıza tərbiyəsi çətin olan nəfsimizə qarşı qələbə çalmaq əzmi və nailiyyəti versin! Quranda[4] buyurulduğu kimi: "nəfsini təmizləyərək qurtulanlardan" eləsin, pis əməllərə aludə etdirməsin! Amin!
[1] Tirmizi, Fəzailul-cihad, 2
[2] Bkz.R.Garaudy, İslamın vəd etdikləri, səh. 47
[3] Osman Nuri Topbaş, İmandan ehsana təsəvvüf, İstanbul 2004
[4] əş-Şəms, 9-10
ŞƏRHLƏR