ONLARIN DÜNYASI

ONLARIN DÜNYASI

     Hamımız bu dünyaya imtahan üçün gəldik. Bu gəlişimizin bir hikməti də Yaradanın sonsuz sənət möcüzəsinin kainatda sərgilənməsi və biz bəndələrin Onu layiqincə tanımasıdır. Bir gerçək ondan ibarətdir ki, bu dünyada öz həyatımızı yaşayarkən bir də daxili aləmimizdə yaşadığımız həyat, yəni başqa bir dünya var.

     Bu dünya hər kəsin ortaq dünyası olduğu halda o dünya bizim öz dünyamızdır. Çünki onu biz qurarıq, içini də həmçinin özümüz doldurarıq. Orada yaxşıları və pisləri öz dünya görüşümüzə, düşüncə tərzimizə, inancımıza görə biz müəyyənləşdirər, istədiyimiz adamlara rollar verər və işin mərkəzində özümüzün olduğunu hiss edərik. Qurduğumuz bu dünyada şah da biz olarıq, kölə və dilənçi də. Ölərkən də əslində bu dünyadan əvvəl o dünyamızı tərk edərik. Elə ona görə də bütün dünyadakılar eyni anda ölmüş olsalar belə, əslində hamı təkbaşına və yalnız ölər. Bu, bizim dünyamızdır... Amma bir də Onların - Haqq dostlarının dünyası var ki, orada hər şey tamam başqadır...

     Yaşadığımız dünyanın gülüstana, yaxud da xarabalığa çevrilməsi insan oğlunun öz dünyasında necə yaşamasına bağlıdır. Öz dünyamızda necəyiksə, bizdən əks olunan davranışlar, atdığımız hər addım, dilimizə gələn hər bir söz ona görə şəkil alar. Çünki hər birimiz bu həyatı daxili dünyamızın bizə olan təlqinləri ilə yaşayırıq. Yaşadığımız dünyanın abad və cənnətməkan olmasını istəyiriksə, Haqq dostlarının ibrətlərlə dolu olan nəcib dünyasından nümunə götürməliyik. Elə isə nəzər salaq, nədir onların digərlərindən fərqi, daxili dünyaları necə formalaşmışdır?

     Bildiyimiz kimi hər şey düşüncədən və bu düşüncələrin həyata keçməsi üçün göstərilən səydən başlayır. Onların düşüncə mərkəzində bizi qulluq üçün yaradan Allahı tanımaq şüuru yatır. Allahı tanımaq üçün də ilk növbədə nəfslərini tanımağa və onu tərbiyəyə can atırlar. İşin əsası da elə məhz budur. Çünki hər şey nəfsi tanımaqla başlayır. Eynilə hədisi-şərifdə buyurulduğu kimi: “Nəfsini tanıyan Rəbbini tanıyar”. Nəfsinin hansı yuvanın quşu olduğunu dərk edən və bununla da kifayətlənməyib onu məzəmmət edən insan, eyni zamanda həyatın mənasının Allahı hiss edərək yaşamaqda olduğunu da dərk edər. Onlar bu duyğu ilə yaşadıqları üçün insanın kainatdakı yerinin kiçicik nöqtə qədər olduğunun şüurundadırlar. Əslində kiçildikcə də böyüyərlər, ucalara yüksələrlər. Eynilə Nəcib Fazılın dediyi kimi:

     O ərlər ki, könül fəzasındalar,
     Torpaqda sürünmə əzasındalar.
     Yıldızları təsbih-təsbih çəkər də,
     Namazda arxa səf hizasındalar.

     Mövlanaların, Şəms-Təbrizilərin, Bakuvilərin, Yəsəvilərin digər insanlardan başlıca fərqi budur. Bir insanın dünyanın dörd bir tərəfinə təsir etməsi, öz dövründə yaşayan insanlar bir tərəfə, əsrlər sonra yaşayanlar tərəfindən də rəğbət görməsi heç şübhəsiz ki, bu vəsilə ilədir. Yalnız bu dünyanı özü üçün deyil, başqaları üçün yaşayanlar öldükdən sonra bu qədər təsirli ola bilərlər. “Aşiqlər ölməz” sözü ilə də qəsd olunan məhz bu gerçəkdir. İşin məğzini Mövlana belə dilə gətirir: “Şəms gəlib mənə bir şey öyrətdi. Əgər yer üzündə üşüyən bir insan varsa, isinməyə haqqın yoxdur. Mən də bilirəm ki, yer üzündə üşüyənlər var və artıq o gündən sonra isinə bilmirəm”. Deməli, bütün təlimlərin, deyilən sözlərin və görülən işlərin əsas məqsədi bundan ibarət imiş: bütün məxluqatın Allaha aid olduğu idrakı ilə yaşamaq və seçim qarşısında qalanda birinciliyi onlara vermək. Yunus Əmrə bu gerçəyi necə də gözəl ifadə edir:  “Yaradılanı sevərik, Yaradandan ötürü”. Onlar yaradılanı Yaradandan ötrü sevdiklərindən və bir ömür məxluqata xidmət etmək üçü çırpındıqlarından Allah da onları sevər və məxluqatına sevdirər. Bu gün baxdığımız zaman sadəcə Mövlananın məzarını bir ildə ziyarət edənlərin sayının iki milyona yaxın olduğunu görürük. Gəlin bir də yaşayan insanlara baxaq, qapısı hər il bu qədər ziyarətçi tərəfindən döyülən  neçə nəfər göstərə bilərik. Həmçinin paytaxt Bakımızın ən gözəl guşəsində yatan və ətrafına feyz saçan, hətta 2013-cü ildə UNESCO tərəfindən də yüksək səviyyədə ildönümü qeyd olunan  Seyyid Yəhya Bakuvidən nümunə verək. Sağlığında Anadolunun hər yerinə müridlərini göndərərək türk dünyasına istiqamət verən, bəşəriyyətə insanlığı, sevgini, məhəbbəti öyrədən Seyyid Yəhya Bakuvi əslində bizim ən böyük zənginliyimiz, lakin sahib çıxa bilmədiyimiz dəyərimizdir. Avropalı bir turistin bu sözlərini düşünməmək mümkün deyil: Belə deyirdi: “Biz Avropalılar mənanı unudub maddənin ardınca düşdük, siz isə mənanın. Babalarınızın mirasına sahib çıxın ki, bir gün qapınıza gəlib dilənəndə bizə verməyə nəyinizsə olsun”. Bəli, əslində belə babalara sahib olduğumuz üçün çox bəxtəvərik. Amma mirasımıza sahib çıxmayacağımız təqdirdə məsuliyyətimizin böyüklüyü də bəxtəvərliyimizin böyüklüyü nisbətindədir. Bu gün ağıl sahibi olan hər kəs insanlığın qurtuluşunun kapitalist, kommunist, sosialist və s. kimi quruluşlarda olmadığını yaxşı dərk edir. Xüsusilə texniki imkanların, maddi baxımdan rifahın ən yüksək səviyyəyə çatdığı zəmanəmizdə bəşəriyyət mənəviyyat sultanlarına, “gəl, kim olursan ol, yenə gəl” deyən könül təbiblərinə ehtiyacı var.

     Son söz yerinə bir məsələyə də aydınlıq gətirmək yerində olardı. Haqq dostlarının zaman-zaman əməli və şifahi olaraq dilə gətirdiyi və ən bariz nümunəsi Mövlana Cəlaləddin Rumi tərəfindən söylənən:

      Gəl, gəl, nə olursan ol yenə gəl,

     istər kafir, istər məcusi,
     istər bütə tapınan ol, yenə gəl,
     bizim dərgahımız ümidsizlik dərgahı deyildir,
     yüz dəfə tövbəni pozmuş olsan da yenə gəl…

-ifadəsi əsla bəzilərinin düşündüyü kimi hər kəsi öz fikrində, batil olsa da öz inancında saxlamağın adı deyil. Mövlana və onun timsalında bütün Haqq dostları dərgahlarını, könüllərini bütün insanlara açaraq əməllərindəki yanlışları düzəltməyi, inanclarındakı mərəzlərə məlhəm olmağı nəzərdə tutmuşlar. Bunun əksinə, Mövlananı olduğundan fərqli göstərməyə çalışanlar öz batil inanclarına, zərərli fikirlərinə bu sözlərlə don geydirməyə çalışaraq çarəni İslamda axtarmaq yerinə öz əqidəsizliklərinə guya dəlil gətirirlər.  Necə ki, həmin beytin sahibi olan Mövlana başqa bir yerdə bu kimi düşüncələrdən və insanlardan bezar olduğunu belə dilə gətirmişdir:    

     “Yaşadığım sürəcə Quranın çırağıyım

     Seçilmiş Muhammədin yolunun toprağıyım.

     Buna uymayan bir söz məndən nəql edilirsə,

     Rahatsızım bu sözdən, mən bu sözdən uzağım.”

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz