DÜNYANIN EHTİYACI

DÜNYANIN EHTİYACI

     Elm və texnologiyanın sürətlə inkişaf etdiyi əsrdə və qloballaşan dünyada yaşayırıq. Artıq dünya bir “kənd”də çevrilib. Əlbəttə ki, bu tərəqqi və qlobalizm, eyni zamanda meyvəsi olan kapitalizm insanları bir tərəfdən rahatladıb sevindirdiyi kimi, digər tərəfdən çox şeylərini əllərindən aldı və almağa davam edir.

    Dünyanın mədəniyyəti və kültürü sərmayə və maddi güc ətrafında toplandı. Adət-ənənənin, yerli mədəniyyətlərin yerini “zəngin olmaq üçün hər şey mübahdır (icazəlidir)” şüarı tutdu. Ailə, cəmiyyət, millət və xalqlardan ibarət olan dünyanın yerini fərdiyyətçilik tutmağa başladı. Ünsiyyət kökündən törənən insan məfhumu ünsiyyətini itirərək öz mənasından uzaqlaşmağa başladı və bu uzaqlaşma hər gün daha da artmaqdadır. Əlbəttə ki, bu qorxunc tərəqqidən müsəlmanlar da öz nəsibini aldılar. Bu xəstəlik bütün dünyada yaşayan insanlara bulaşdığı kimi, müsəlmanlara da sirayət etdi. Bu yazımızda bu mərəzdən qurtulmağın yolunu axtarmağa çalışacağıq.

     İlk növbədə, onu ifadə etmək istərdim ki, dünyanın ən güclü  mədəniyyətinə malik olan müsəlmanlar haqqında söhbət açdığımız qlobalizmi öz lehinə çevirə bilər və dünya, daha əvəllər olduğu kimi, İslam mədəniyyəti, kültürü ilə əhatə olunar. Bunu bacara bilmək üçün də, ilk növbədə, müsəlman sözünün mahiyyətini dərk etmək və bu sözün haqqını vermək lazımdır. Müsəlman olmaq birlik-bərabərlik şüurunda yaşamaq deməkdir. İslam dini (maddi və mənəvi) gücün birlikdə olduğunu ifadə edir. Günümüz dünya müsəlmanlarının yaşadığı əskiklik bu şüurdan uzaqlaşıb fərdi həyata meyl etmələridir. Qəribədir ki, eyni məsciddə namaz qılan, eyni qibləyə yönələn, Bir Allaha inanan müsəlmanlar bir-birinə “nifrət” edir, eyni cərgədə səf çəkdikləri halda, bir-birinə təmas etməkdən narahat olurlar. Quran və Sünnənin insanlara öyrətmək istədiyi din anlayışı, qardaşlıq anlayışı qətiyyətlə bu deyildir. Müsəlmanlar, dünya müsəlmanları arasında reallaşdırılmağa çalışılan “parçala, hökm sür” tələsinin qurbanı olmamalıdırlar. Bunun üçün də bir olub, şüur və anlayış sahibi olmaq lazımdır. Fərqli anlayışımız fəlakətimiz deyil, tərəqqi səbəbimiz olmalıdır. “Lə-iləhə-iləllah” deyincə, qardaş olduğumuzun fərqində olmalıyıq. Biz istəsək də, istəməsək də Allah bütün müsəlmanlara qardaşlıq borcunu yükləmişdir. Allahın yüklədiyi qardaşlıq qan qardaşlığından da önəmli və dəyərlidir, çünki bu, mənəvi, duyğusal, həm də əqidəvi qardaşlıqdır. Bu mənada İslam dini dili ilə deyil, qəlbi ilə deyib ruhu ilə qavrayan müsəlmanlara bəzi məsələləri vurğulayır. Bu vurğunanları ruhumuzla dinləyək və yaşayaq. Allahın həbibi Rəsulullah (s.ə.s) belə buyurur: "Müsəlman müsəlmanın qardaşıdır, ona nə zülm edər, nə də onu yalqız qoyar. Qardaşının ehtiyacını qarşılayan kimsənin ehtiyacını da Allah qarşılayar. Kim bir müsəlmanın dərdini yüngüləşdirərsə, Allah-Təala o adamın qiyamət günündə sıxıntılarını yüngülləşdirər. Kim bir müsəlmanın eybini örtərsə, qiyamət günü Allah-Təala da onun eybini örtər" (Müslim). Deməli, müsəlmanın borcu digər qardaşlarına əziyyət etməmək, ona xəyanətkarlıq etməmək və hər zaman yanında olmaqdır. Bunun mükafatı da, əlbəttə ki, Allahın razılığını və dostluğunu qazanmaqdır. Çünki həqiqi müsəlman Allahın yer üzündəki nümayəndəsi, xəlifəsidir.

     Qardaşlıq və bərabərlik nümunələrinin ən yüksək səviyyədə yaşanan dövr, şübhəsiz ki, Rəsulullahın (ə.s.s) təsis etdiyi səadət əsridir. Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra ilk icraatı məkkəli mühacirlər ilə mədinəli ənsar arasında qardaşlıq qurmaq idi. İslam tarixində buna “üxuvvət”, yəni qardaşlıq deyilir. Peyğəmbərimizin təsis etdiyi bu anlayışın üzərinə Uca Allah “Həqiqətən, möminlər (dində) qardaşdırlar” (Hucurat, 10) ayəsini nazil etmişdir. Bu anlayışa əsasən hər bir ənsar özündə nə varsa, tən ortadan bölür və mühacir qardaşına verərdi. Bunu heç bir paxıllıq, kin bəsləmədən, sevərək və ibadət ruhu ilə edirdilər. Bu qardaşlıq anlayışı ilə əlaqəli bir hadisəni oxuyaq və təfəkkür edək: “Mühacirlərdən Əbdürrəhman ibn Övf ilə ənsardan Səd ibn Rəbi qardaşlaşmışdılar. Səd ibn Rəbi qardaşı Əbdürrəhmana "Qardaşım! Bax, bu evim, bunun yarısı sənindir. Bu mülküm, bunun yarısı sənindir. Bunlar da xanımlarımdır, onlardan birisini boşayım səninlə nikahlayım",- deyərək fədakarlığın ən üstün nümunəsini ortaya qoymuşdur. Ancaq Əbdürrəhman ibn Övf hazıra-nazir olmamağı və: "Sağ ol, qardaşım. Sən mənə bazarın yolunu göstər kifayətdir" cavabını vermiş və çalışaraq qısa zaman ərzində zəngin olmuşdur (Buxari). Təəssüflə ifadə etmək istəyirəm ki, günümüzdə əksər müsəlmanlar nəinki əlindəkini müsəlman qardaşına vermək, hətta üzərinə fərz olan zəkatını verməkdən belə boyun qaçırır və boyun qaçırmaq üçün bəhanələr axtarır. Təfriqəyə düşmüş hər bir müsəlman əsri-səadətdə yaşanan qardaşlıq fəlsəfəsini özünə düstur seçməli və bütün anlayış fərqliliqlərini kənara qoyaraq hər bir müsəlmanı qardaş bilməlidir. Çünki Allah qardaş olun deyir, Rəsululullah “Allahın qulları, qardaş olun!” deyir. Səlmani Farisidən soruşurlar ki, o, hansı irqdəndir. O da: “İslamın oğlu Salmanam”, – deyə cavab verir. Lə-iləhə-iləllah deyən hər kəs “İslamın oğludur”.

     Cəmiyyəti təşkil edən insanlar bir-birini sevməz və bir-birinə kin və düşmənçilik bəsləyərlərsə, o cəmiyyətdə hüzur və səadət olmaz. Əgər ailədə və ictimaiyyətdə üxuvvət və məhəbbət kimi ülvi hisslər itərsə, artıq o cəmiyyətdə nifaq, kin və ədavət hakim olar.

     Yekun sözümüz Ömərin oğlu Abdullahdan olsun... Həzrət belə deyir: “Gecələri ibadətlə keçirsəm, gündüzləri oruc tutsam və bütün varidatımı Allah yolunda sərf etsəm də, Allaha itaət edən bir mömini sevmədən ölsəm, Allaha and olsun ki, bu etdiklərimin mənə heç bir faydası toxunmayacaqdır”.

     Yekvücud ümmət olma təmənnası ilə...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz