MÜSƏLMAN NECƏ OLMALIDIR?
Kim Allah-Təalanın varlığına və birliyinə, Hz. Muhəmmədin (s.ə.s) peyğəmbərliyinə, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə və qədərə inanırsa, müsəlman olur. Hər müsəlman imanını artırmaq və kamil bir müsəlman olmaq üçün çalışıb səy göstərmək məcburiyyətindədir.
Bu ülvi dərəcəyə çata bilmək üçün Rəbbimizin əmrlərinə itaət və Peyğəmbərimizin (s.ə.s) də sünnəsinə tabe olmaq lazımdır. Yoxsa dünya və axirətdə nicat tapmaq yelkənsiz bir gəmi ilə okeanda səfərə çıxmaq qədər çətindir. Bu yol diqqət və ciddiyyət tələb edir. Allah-Təala buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (Allahın rəhmətinə layiq olarsınız) rəhm olunasınız!” (Hucurat, 10)
Müsəlman kimi inanan şəxs bu inancında yalnız söz ilə deyil, eyni zamanda əməli ilə imanını yaşayar, sübut edər. İmanının nuru onda təcəssüm edər. Görəcəyi işi inanaraq görər, inancından qırağa çıxmaz. Həmişə Allahın rizasını umar və Allahın rizasına uyğun hərəkət etməyin imandan olduğuna inanar. Kiməsə pis gözlə baxmaz və kimisə təhqir etməz, bu hərəkətlər onun ədəbinə uyğun deyildir.
Müsəlman duyğularından, eşitdiklərindən və gördüklərindən məsul olduğunu düşünəndir. Bilmədiyi, eşitmədiyi, görmədiyi məsələ haqqında danışmayan, elmi çox olsa da ağırbaşlı, əliaçıq, comərd, xeyirxah, yaxşılıq etməyə can atan, heç kimə lovğalanmayan və zülm etməyən kimsədir.
Qurani-Kərim və hədisi-şəriflərdə müsəlmanda olması zəruri olan vəsflər qısa ifadələrlə belə bildirilir:
Müsəlman- həm insanlara, həm də digər məxluqlara qarşı mərhəmətlidir; əleyhinə belə olsa sözündə doğrudur; alçaqkönüllüdür, bağışlayandır; heç kimi aldatmayan, qeybət etməyən, söz daşıyıb ara qarışdırmayandır; fitnə çıxarmayan, həya sahibidir; başqasına yardım edən, salam verib salam alan, qardaşından üz çevirməyəndir; ənaniyyətdən uzaq, haram və qadağalardan çəkinəndir.
Əsl müsəlman qıldığı namazını sonuncu, növbəti namazını qıla biləcəyinə dair zəmanətinin olmadığını düşünüb təvazö, xüşu, təqva ilə qılandır.
Müsəlman insanlarla ünsiyyətdə onların qəlbini qırmamağa diqqət edəndir. Hz. Peyğəmbərimiz (s.ə.s): “Sizə Uca Allahın şərəfləri nə ilə dəyərləndirdiyini və dərəcələri nə ilə yüksəltdiyini bildirimmi? Sənə cahilcə davranana yumşaq davranarsan; Sənə zülm edəni bağışlayarsan; Sənə verməyənə sən ikram edərsən; Səndən əlaqəsini kəsənlə sən maraqlanarsan” -deyə buyurmuşdur.
Müsəlman Quranı və Peyğəmbərimizin sünnəsini ağızdan eşidib səhv bilən deyil, Quranı oxumağa, İslamı öyrənməyə zaman ayıran bir insandır.
Müsəlman qəlbini yaxşı xislətlərlə dolduran, həsəd aparmayan, başqaları haqqında sui-zənn etməyən, aldatmayan bir insan olmalıdır. Çünki qəlb daim nəzərgahi-ilahidir. Dilinə sahib olan, nalayiq sözlər deməyən və susmağı da bacaran olmalıdır.
Yaxşı müsəlman olmaq üçün sadəcə inanclı olmaq, elmli olmaq yetərli deyil. Həm də əxlaqlı, fəzilətli, doğru-dürüst bir müsəlman olmaq lazımdır. Bir adam namaz qılıb oruc tutur, amma hələ də yalan danışırsa, hiyləgərlik edirsə, bir müsəlmanın qəlbini qırmaq ona ağır gəlmirsə, dili acı və kobuddursa, əsəbinə hakim olmayacaq qədər acizdirsə, bir qəpik belə olsa, rüşvət alırsa, o, həqiqi müsəlman deyildir. Çünki İslamın əsasları sadəcə kəlmeyi-şəhadəti söyləməkdən, beş vaxt namaz qılmaqdan, oruc tutub həccə getməkdən ibarət deyildir. Allahın və Peyğəmbərin (s.ə.s) istədiyi kimi müsəlman olmaq üçün yerinə yetiririləcək başqa fərzlər, əməllər də var.
Müsəlman Allah üçün sevən və seviləndir. İslamın gözəlliklərini əks etdirməyən, İslamı sevdirməyən, İslamdan və məsciddən insanları küsdürən və nifrət etdirən bir müsəlman əsla yaxşı müsəlman ola bilməz. Müsəlman bu dünya həyatında Peyğəmbəri özünə ən gözəl nümunə götürər, bütün gücü ilə onun gətirdiyi dinə sarılar, onun sünnəsini əlindən gəldiyi qədər yaşayar. Gördüyü hər işdə "mənim peyğəmbərim, bu etdiyimi görsə, nə deyər?" -deyə düşünər.
Müsəlman Allah rizasından, Allahın rizasına vəsilə olan əməllərdən qaçmayan bir insandır. Müsəlman məscidin Allahın evi, mənəvi bir hüzur məkanı olduğunu idrak etməli, məsciddə ədəbli olmalı, məscid ədəbinə uyğun olmayan hər cür davranışdan uzaq olmalı, dininə, kitabına, məscidinə, böyüklərə hörmətlə yanaşmalıdır.
Müsəlman təkəbbür və qısqanclığından ötrü müsəlman qardaşı ilə əlaqəsini kəsməz. Həqiqi müsəlman özünə laqeyd qalmaz. Əsl müsəlman hirsləndiyi zaman qəzəbinə hakim olan, səbir etməyi bacaran, "neyləyim, xasiyyətim belədir" - deyib acizlik göstərməyən bir şəxsiyyət olmalıdır. Çünki Allah-Təala: “O müttəqilər ki, ...(hirsləndikləri vaxt) qəzəblərini udar, insanların qüsurlarını bağışlayarlar. Allah belə yaxşılıq edənləri sevər” (Ali-İmran, 134), “Allah səbirli insanları sevər”,- deyə buyurur. Peyğəmbərimiz də: “Əsl igid güləşdə rəqibinə qalib gələn deyil, hirsləndiyi vaxt əsəbinə hakim ola bilən insandır”,- deyə buyurmuşdur.
Yuxarıda sadaladığımız xüsuslardan hər birimizdə mütləq mövcuddur. Həm yaxşısından, həm pisindən. Ancaq Peyğəmbərimizin sevdiyi müsəlman Onu (s.ə.s) sevən, sevgisinin etirafında da səmimi olandır. Dini yaşayan, Allahın rizasını və sevgisini uman, Hz. Peyğəmbərimizin (s.ə.s) yolundan getməyi, mənəviyyatının artmasını istəyən, dinimizin cəmiyyətdə möhkəmlənməsini arzulayan bir müsəlman kiməsə qarşı kobudluq edibsə, bir qəlbi qırıbsa, qarşısındakının, yəni qardaşının ona gəlməsini gözləmədən hallallıq da istəməyi bacarmalıdır. Çünki hər nə olursa-olsun qəlb qırmaq bir qul haqqıdır. Qul haqqı da Allahın bağışlamadığı iki günahdan biridir. Rəbbimiz "möminlər qardaşdır" buyurur.
Əsl müsləman sözü və əməli bir olan insandır.
ŞƏRHLƏR