BİR HƏDİS

BİR HƏDİS

عَنْ عُمَرِ بْنِ الْخَطَّابِ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِنْ عِبَادِ اللَّهِ لَأُنَاسًا مَا هُمْ بِأَنْبِيَاءَ، وَلَا شُهَدَاءَ يَغْبِطُهُمُ الْأَنْبِيَاءُ وَالشُّهَدَاءُ يَوْمَ الْقِيَامَةِ، بِمَكَانِهِمْ مِنَ اللَّهِ تَعَالَى» قَالُوا: يَا رَسُولَ اللَّهِ، تُخْبِرُنَا مَنْ هُمْ، قَالَ: «هُمْ قَوْمٌ تَحَابُّوا بِرُوحِ اللَّهِ عَلَى غَيْرِ أَرْحَامٍ بَيْنَهُمْ، وَلَا أَمْوَالٍ يَتَعَاطَوْنَهَا، فَوَاللَّهِ إِنَّ وُجُوهَهُمْ لَنُورٌ، وَإِنَّهُمْ عَلَى نُورٍ لَا يَخَافُونَ إِذَا خَافَ النَّاسُ، وَلَا يَحْزَنُونَ إِذَا حَزِنَ النَّاسُ» وَقَرَأَ هَذِهِ الْآيَةَ {أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ}

      Ömər b. Xəttabdan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allahın bəndələrindən elələri var ki, onlar nə peyğəmbərdirlər, nə də şəhid. Lakin qiyamət günü Allah dərgahındakı dərəcələrinə görə peyğəmbərlər və şəhidlər onlara qibtə edərlər”. Səhabələr: “Ya Rəsuləllah! Onların kim olduğunu bizə xəbər ver”,– dedilər. Rəsulullah (s.ə.s) dedi: “Onlar aralarında qohumluq əlaqəsi və hər hansı bir alış-veriş olmadığı halda, Allahın ruhu ilə bir-birlərini sevən tayfadır. Vallahi, onların üzləri nurludur və özləri də nur üzərindədirlər. İnsanlar qorxduqları zaman onlar qorxmazlar. İnsanlar kədərləndikləri zaman onlar kədərlənməzlər” və “Xəbəriniz olsun ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər” (Yunus, 10/62) –ayəsini oxudu (Əbu Davud, İcarə, 42).

     Allah-Təala peyğəmbərlər və şəhidləri öz dərgahında yüksək dərəcələri ilə başqa insanlardan fərqləndirir. Çünki peyğəmbərlər insanlar arasında Onun təmsilçiləri və Onun əmrlərini mükəmməl şəkildə yaşayan kəslərdir. Şəhidlər insanı həyata bağlayan və insan üçün böyük əhəmiyyət kəsb edən canlarını heç tərəddüd etmədən Allah yolunda fəda etdikləri üçün onlar da Allah dərgahında önəmli bir dərəcəyə sahibdirlər.

     İnsanlar arasında elələri də var ki,  nə peyğəmbər, nə də şəhiddirlər, fəqət Allah dərgahında onlar qədər önəmli bir məqama sahibdirlər. Bunlar ayədə də ifadə edildiyi kimi, Allahın dostları, yəni övliyalardır. Övliya Allahın dostları, Allah üçün dost olanlar deməkdir. Hədisi-şərifdə Rəsulullah (s.ə.s) Allahın dostları “Allahın ruhu ilə bir-birlərini sevən” deyə bildirmişdir. Buradakı “ruh” kəlməsindən məqsəd Qurani-Kərimdir deyə deyilmişdir. Yəni Allahın kitabı- Qurani-Kərim ilə bir-birlərini sevərlər mənasına gəlməkdədir. Qurana ruh deyilməsinin səbəbi nəfs və bədənlər ruh ila yaşadığı kimi, qəlblər də Quranla həyat tapır. Buradan anlaşılan həyatını Quranın aydınlatdığı yol ilə gedən kimsələrin çatacaqları son mənzil Allahın hüzurudur. Çünki Quran ən böyük hidayət rəhbəridir.

     Rəsulullah (s.ə.s) övliyaların daxili aləmi simalarına yansıdığına işarə edərək onların nur içində olacaqlarını bildirmişdir. Bu da təbiidir. Çünki Quranla yaşanan həyatın nəticəsi nurani həyatdır. Allahın dostları həyatlarına təqdiri-ilahi inancı ilə istiqamət verdiklərinə görə, başlarına gələn müsibəti səbirlə, bəxş olunan neməti də şükürlə qəbul edərlər. Bu inanca sahib olan bəndələrin qorxması və qəm-qüssə görməsi mümkün deyildir. Nəticə olaraq, həyatını iman və təqva şüuru ilə yaşayan hər bəndə Allahın dostudur, övliyadır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz