İqtisadçı mütəxəssis Ruslan Atakişiyevlə reportaj

İqtisadçı mütəxəssis Ruslan Atakişiyevlə reportaj

İqtisadçı mütəxəssis Ruslan Atakişiyev:

MÜSƏLMAN İŞ HƏYATINDA NÜMUNƏ OLMALIDIR.

İrfan: İlk növbədə özünüz haqda məlumat verərdiniz mümkünsə.

Ruslan Atakişiyev: 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1994-cü ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinə daxil olmuşam. 1998-2000-ci illərdə magistratura təhsili almışam. 2008-ci ildə dissertasiya müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşəm. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Univerisitetində başlamışam.  Hal-hazırda orada və Qafqaz Universitetində təhsil verirəm. Eyni zamanda İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədriyəm. 2009-cu ildən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidentiyəm. Vyana İnstitunun və İsveçrənin Beynəlxalq Münasibətlərinin Araşdırma institutunun məzunuyam. Hazırda İsveçrənin KABİR Məzunlar Şurasının iqtisadiyyat bölməsinin koordinatoru vəzifəsində çalışıram.

İrfan: Müsəlmanın iqtisadi həyatı necə olmalıdır?

Ruslan Atakişiyev: İqtisadiyyat insanın yaşama tərzidir. İnsan ömrü iqtisadiyyatın içərisində davam edir. Təbii ki, iqtisadi həyatımızda ilk növbədə islami prinsiplərə riayət edilməlidir. Əldə etdiyimiz gəlirlərin halallığı əsas alınmalıdır. Əgər insan işində halal-harama riayət edərsə, o zaman onun pul qazanmaq üçün çalışması da ibadət sayılar. İlk məsələ budur. İqtisadi həyatla bağlı elə bir problem yoxdur ki, İslam hüququnda onun həlli olmasın. Bunu unutmamalıyıq. İkinci xüsus qazancımızın xərclənməsidir. Halal gəliri harama xərcləməklə, israf və s. kimi yollarla dağıtmaq da əslində günahdır. Ailə üzvlərin xərcləri düzgün planlaşdırılmalıdır. Xərcləmələrdə nəfsani seçimlər etməməli, qənaətli olmalıyıq. Qazanmaq nə qədər mühümdürsə, xərcləmək də bir o qədər mühümdür.

İrfan: Bugünkü iqtisadiyyatın başlıca problemləri nələrdir?

Ruslan Atakişiyev: Bu gün qlobal səviyyədə müəyyən iqtisadi problemlər var: qlobal maliyyə problemi, məhdud resusrslardan səmərəli istifadə məsələləri, resursların istifadəsi zamanı ətraf mühitə daha az ziyan vurmaq, gəlirlərin düzgün bölünməməsi, bunun da nəticəsində yoxsulluğun olması və s. Əslində bu kimi problemlərin əsasında mənəvi səbəblər dayanır. İslam dini sosial ədaləti əsas alır. Həmçinin dinimizdə insan amili ön planda tutulur. Bu gün isə biznesdə insanın daha çox iqtisadi varlıq kimi ələ alındığını görürük. İnsana sanki bir alət, vasitə kimi baxırlar. Halbuki Allah insanı ən şərəfli varlıq olaraq yaratmışdır. Bu gün tez-tez qlobal maliyyə probleminin gündəmə gəldiyini görürük. Bunun səbəbinin möhtəkirlik olduğu məlumdur. Hansı ki, İslam möhtəkirliyi qadağan edir. ABŞ birjasında bəzi şirkətlər aksiyalarını daha çox satmaq üçün öz mali durumlarını olduğundan yüksək göstərmişlər və bunun nəticəsində iqtisadi böhran yaranmışdır. Dünyanın iqtisadi problemlərindən bir digəri şəffaflıq və dürüstlüyün qorunmaması, köpük iqtisadiyyatı dediyimiz şişirtmə rəqəmlərdir. Yüz minlik nağd pul şişirdilmə nəticəsində özündən beş dəfə, on dəfə artıq göstərilir. Reallığa gəldikdə isə biz yüz mini görürük, digər şişirdilmiş məbləği görmürük. İslam isə real ticarətin tərəfdarıdır. Digər bir misal verim: Dünya birjasında hələ portağal çıxmadan alış-verişi gerçəkləşdirilir. Halbuki bilinmir məhsul nə qədər olacaq, hava şəraiti və s. nəzərə alınmır. Nəticədə isə mənfi hallar yaşana bilir. İslamda isə Hz. Peyğəmbər malı görmədən satmağı qadağan edir. Yuxarıda qeyd etdiyimi kimi dünya ölkələri arasında gəlirlər düzgün bölünmür. Afrikada aclıq var, insanlar yeməyə heç nə tapmır, İngiltərədə isə hər ay çöl itləri üçün yüz minlərlə pul xərclənir. Bu pulla geri qalmış ölkələrdə nə qədər adamı doydurmaq olar.

İrfan: Doğru buyurursunuz. Bəs bu kimi neqativ hallara səbəb olan əsas amil nədir sizcə?

Ruslan Atakişiyev: Əlbəttə ki, Allaha, axirət gününə imanın zəif olması. Bəzi insanlar keçici dünyada daima yaşayacaqlarını düşündükləri üçün əllərindəki imkanları başqaları ilə paylaşmırlar. Hətta daha çox toplamağa çalışrılar. Məsələnin əsasında mənəvi aclıq yatır.

İrfan: Dinimizdə olan zəkat və sədəqə ibadətlərinin iqtisadi inkişafdakı rolu nədir?

Ruslan Atakişiyev: Bildiyimiz kimi sədəqə insanın Allah qarşısında sədaqətini göstərən amildir. Zəkat məcburi olsa da onun könüldən sevərək verilməsi mühümdür. Əslində bu institutlar iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Burada yardımlaşmaq, paylaşmaq var. Bugünkü iqtisadiyyatda vəhşi rəqabətin şahidi oluruqsa, İslam iqtisadiyyatı bizə yardımlaşmanı, insanlara dəstək olmağı təlqin edir. Sədəqə və zəkat insana stimul verir. Allah insana verdiyi sədəqənin qarşılığını dünyada və axirətdə qat-qat artıqlamasıyla verir. Zəkat və sədəqə vasitəsilə yoxsul və zənginlər arasında sanki bir körpü qurulmuş olur. Kasıbların varlılara həsəd aparmasının qarşısı alınır. Burada saymaqla bitməyəcək bir çox faydalarından da bəhs etmək mümkündür. Əgər hər bir müsəlman öz zəkatını layiqincə versə, cəmiyyətimizdə məcburiyyət qarşısında qalaraq bəzi işbazlardan yüksək faizlə borc alan yoxsul insanlar olmazdı.    

İrfan: İslam dəyərləri ilə müasir dövrün biznesi necə qurulmalıdır?

Ruslan Atakişiyev: Burada bir neçə nüansa diqqət çəkmək istərdim. İslamda gəlir əldə etmək niyyəti sağlam olmalıdır. İşə başlayarkən niyyət mühümdür. Həmçinin öz mənafeyindən başqa heç nəyi düşünməmək qadağan edilmişdir. Müsəlman ətrafdakılara əminlik təlqin edən insan olmalıdır. Belə olduqda hər kəs düşünəcək ki, mən filan işi müsəlmanla görməliyəm, çünki onlar daha dürüst işləyirlər. Məqsədə çatmaq üçün hər yola baş vurmaq düzgün deyil. İnsan öz mənliyini, şərəfini alçaldacaq əməllərə əl atmamalıdır. Tərəzidə aldatmaq, malın keyfiyyətini gizlətmək kimi nöqsanlardan uzaq durmaq lazımdır. Təəssüf kimi tərəzidə aldatma məsələsi ilə tez-tez qarşılaşırıq. Reklamlarda malın olduğundan daha yaxşı göstərilməsi də başqa bir hiylədir. Müqavilə şərtlərinə riayət olunmalıdır. Müsəlman verdiyi sözdə durmalıdır.

İrfan: İslami bankçılığın rolunu necə qiymətləndirirsiniz?

Ruslan Atakişiyev: İslam bankçılığının əhəmiyyəti ondadır ki, real iqtisadiyyatın inkişafına təsir göstərir. Məsələn qlobal maliyyə böhranı islami maliyyə sistemi ilə idarə olunan şirkətlərə o qədər də təsir etmədi. Bu sektor puldan pul qazanmağı düşünmür, əksinə, real iqtisadiyyata əsaslanır. Digər tərəfdən mudarabə kimi üsullarla kiçik və orta sahibkarların inkişafına təkan olur. İslami bankçılıqda borc alanla bərabər bank da qazanc əldə edir. Bir neçə faiz əvəzinə əldə olunan gəlirə şərik olmaq hər halda yüksək qiymətləndirilməlidir.

İrfan: Ruslan müəllim, dəyərli fikirləri bizimlə bğlüşdüyünüz üçün təşəkkür edirik.

Ruslan Atakişiyev: Mən də öz növbəmdə sizə təşəkükr edirəm.

 

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz