BİR AYƏ

BİR AYƏ

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيم

رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَار

“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günündən) qorxarlar”.

Nur surəsi, 37

İslamda ticarət əxlaqına son dərəcə əhəmiyyət verilmiş, və bu işlə məşğul olan hər bir müsəlmanın gündəlik həyatında ibadətinə mane təşkil etməməsi vurğulanmışdır. Yuxarıda keçən ayədə məhz bu həsasslığa diqqət çəkilir. Ayeyi-kərimənin nazil olması ilə əlaqəli bəzi rəvayətlər qeyd olunur:

Abdullah ibn Ömərdən gələn rəvayətə görə o, bir gün bazarda dolaşarkən azan oxunur, dükan sahibləri dərhal dükanlarını bağlayaraq Məscidi-Nəbiyə gedirlər. İbn Ömərə görə  məhz bu ayə azan oxunan kimi dükanlarını bağlayıb məscidə gedən iş sahibləri haqqında nazil olmuşdur və onların bu həssas davranışları ayə ilə təqdirəlayiq görülmüşdür.

 * Hz. Peyğəmbər (s.ə.s) dövründə iki müsəlman vardı. Bunlardan biri tacir, digər isə ticarət məqsədi ilə qılınc düzəldən usta dəmirçi idi. Tacir olan azanı eşidən kimi tərəzi əlində olsa belə onu dərhal yerə qoyar, heç toxunmadan o vəziyyətdə qoyub dərhal Məscidi-Nəbiyə gedərmiş. Dəmirçi olan isə çəkic zindanın üzərində isə olduğu kimi qoyar, əgər zindan üzərindəki başqa bir qılınca vurulması üçün qaldırmışsa, arxa tərəfinə atar və vaxt itirmədən Məscidi-Nəbəviyə gedərmiş. Məhz bu iki müsəlmana və yaxud onlara bənzəyənlərə bir tərif məqsədiylə Allah-Təala bu ayəni endirmişdir.

* Digər bir rəvayətə əsasən isə bu ayə Suffə əshabı haqqında nazil olmuşdur.

İnsanların əksəriyyəti müvəqqəti olan imtahan dünyasında ticarət, sənət, əyləncə və s. işlərinə qərq olaraq Allahı unudur, namazları vaxtında qılmır, mala olan həvəs və arzuları səbəbilə zəkatdan boyun qaçırdır, yaxud əskik verir. Belə şəxslər bu ünsürlərin hamısının bir imtahan üçün verildiyini unudan, sərvət və nemət imtahanından keçə bilməyən qafillərdir. Allahın nümunə göstərdiyi, təriflədiyi qulları isə dünya-axirət müvazinətini düzgün tənzim edənlər, əbədi olanı fani olana, dəyərlini dəyərsizə dəyişməyənlərdir.

Bu vəsfdə ticarət əhli olanlar bir başqa ayədə buyurulduğu kimi “ticarətən lən təbur” (əsla zərərə məruz qalmayan bir qazanc) sirrinə  hakim olanlar, yəni həqiqi ticarətdən pay alanlardır.

Qazanc və mənfəət gətirməsi yönü ilə insanı daha çox məşğul edən və əldə etdiyi qazancı görüncə də daha çox həvəslənməsinə, tədricən də Allahı zikrə mane olmağa və ya ikinci plana düşməsinə səbəb ola bilən ticarət müsəlmanın məhvinə yox qurtuluşuna vəsilə olmalıdır.  Məsələn, əldə olunan qazancları möhkəm bir yerdə saxlamaq əvəzinə sədəqə, zəkat, xeyriyyəçilik kimi işlərə xərcləmək və ya bir yetimin qarnını doyurmaq, bəlkə bir cüt ayaqqabı ilə sevindirmək həm o insanın daxili aləmində, həm də cəmiyyət içərisində nə kimi nəticələr doğuracağını görmək üçün “sınaqdan keçirməyə” dəyər... 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz