Hər Şey Bizə Əmanət

Hər Şey Bizə Əmanət

Uca Allaha iman gətirənlərin ümumi adı olan “mömin” ifadəsi eyni zamanda Allahın 99 gözəl adlarından biridir. Bu da Uca Allahın əmniyyət mənbəyi olması, öz bəndələrinə güvən verməsi və onları dünyada mənəvi sıxıntılardan, axirətdə isə cismani cəzalardan amanda saxlaması mənasına gəlir. Peyğəmbərlərin özlərinə xas sifətlərindən biri isə “əmanətdir”. Yəni peyğəmbərlər əmanətə sadiq insanlardır. Onlar əsla əmanətə xəyanət etməzlər. Peyğəmbərin yolunu izləməyə çalışan bir ümmət olaraq biz möminlərin də ən bariz xüsusiyyəti məhz əmanət şüuru ilə yaşamaq və əmanətlərə sahib çıxmaqdır. Buna görə də deyə bilərik ki, “mömin” etibarlı, əmanətə sadiq, ətrafına güvən və əmniyyət verən şəxsdir.

Əmanətə riayət etmək duyğusu möminlərin imanını əhya edən bir vasitədir. Əmanət duyğusunu itirən, əmin olmayan bir insan kamil mənada imanlı ola bilməz. Bu həqiqəti dilə gətirən aşağıdakı hədisi-şərif eyni zamanda çox dəhşət doğuran bir peyğəmbər xəbərdarlığıdır. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdu: “Şübhəsiz ki, Əziz və Cəlil olan Allah bir bəndəsini həlak edəcəyi zaman öncə ondan həya duyğusunu alar. Həya duyğusunu aldıqda o bəndə ilahi qəzəbi haqq edər. İlahi qəzəbi haqq edincə də ondan əmanət şüuru alınar. Əmanət duyğusu alınınca o bir xəyanətkar olar. Xəyanətkar olduğu andan Allahın rəhməti ondan uzaqlaşar. Rəhmətdən uzaq olduqda isə lənətə düçar olar və lənətlənmiş olar. Lənətə məruz qaldığı və lənətlənmiş olduğu zaman da İslam ilə bağları qopar”. (İbn Macə, Fitən, 27)

Hədisi-şərifin bəyan etdiyinə görə, əmanət duyğusu imanımızın kamil olması üçün şərtdir. Buna görə də əmanət şüuruna qarşı çox həssas olmalı və bu duyğumuzu mühafizə etməliyik. Uca Allah bir çox ayələrdə bu həqiqətə diqqət çəkmişdir. Bir ayədə belə buyurulur: “Ey iman gətirənlər, bilə-bilə Allaha, Peyğəmbərə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin”. (əl-Ənfal, 27)

Ayədə qeyd olunan “Allaha xəyanət etmək” onun əmrlərinə, qadağalarına əhəmiyyət verməmək, ibadət vəzifələrini haqqı ilə yerinə yetirməmək; Peyğəmbərinə qarşı xəyanət onun tapşırıqlarına və göstərişlərinə məhəl qoymamaq, dövlət başçısı kimi onu dəstəkləməmək, şəxsi mənfəətləri onun önünə keçirmək; insanların bir-biri ilə aralarında olan əmanətlərə xəyanət etmək isə istər alış-verişdə, istərsə də başqa münasibətlərdə əmanət və güvən duyğusunu itirmək kimi izah olunur.

Möminləri səciyyələndirən bariz əlamətlərdən biri kimi əmanət duyğusu hər zaman ön planda olmuşdur. Allah Rəsulundan qiyamətin nə zaman qopacağı soruşulduqda belə cavab vermişdi: “Əmanətlərə riayət edilməyib zay edildiyi zaman qiyaməti gözlə”. Bəs əmanət necə zay ediləcək?” - deyə sual verildikdə isə: “İşlərin bacarıqsız və işinin əhli olmayan şəxslərə verilməsi ilə”, - cavabını vermişdi. (Buxari, Elm, 2)

İnsan oğluna bəxş edilən bütün nemətlər onun üçün əmanətdir. Əslində bu dünyada hamımız əmanətçiyik; canımız, malımız, övladlarımız, qohum-qonşularımız, vəzifəmiz, işimiz, din qardaşlarımız, məscid camaatımız və s. bunlar hamısı bizə əmanətdir.

Allah Rəsulu (s.ə.s) möminlərin bir-birilərinə qarşı böyük məsuliyyətləri olduğunu, onların bir binanın kərpicləri kimi bir-birinə bağlanmış vəziyyətdə olmalarının, yenə onların bir bədənin əzaları kimi birinin çəkdiyi ağrı-acını digərlərinin də hiss etmələrinin vacibliyini vurğulamışdır. Bu əmanətə sahib çıxmağın isə İslam ümmətinin acısını hiss etmək, çarəsizlərə çarə olmaq, zülmə uğrayan məzlumların yanında yer alıb zalımların önündə durmaq, acın, yoxsulun dərdi ilə dərdlənməklə mümkün olduğunu bildirmişdir.

Yenə Allah Rəsulu (s.ə.s) qonşusu ac ikən özü tox yatan bir insanın, bazarlarda ticarətlə məşğul olarkən öz müsəlman qardaşını aldadan şəxsin həqiqi mənada bu ümmətdən sayıla bilməyəcəyini bildirərək möminlər arasında varlığı vacib olan əmanət şüurunun böyük əhəmiyyətinə işarə etmiş, eyni zamanda bu davranışların İslam əxlaqı ilə düz gəlmədiyini ifadə edərək bütün möminlərin bir-birilərinə əmanət olduğunu bildirmişdir.

          Digər tərəfdən, Allah Rəsulu (s.ə.s) hər bir insana ailəsinin, həyat yoldaşının da əmanət olduğunu bildirmiş, onlarla mehriban davranmağın, qəblərini qırmadan, incitmədən, mərhəmətlə rəftar etməyin daha xeyirli olduğunu bildirmişdir: “Ey insanlar! Qadınların haqlarına riayət edin! Onlara qarşı şəfqətli olun! Onlar haqqında Allahdan qorxmağınızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız. Onları Allahın adı ilə söz verərək özünüzə halal etdiniz”. (Müslim, Həcc, 147) Günü-gündən ailə səadətinin azaldığı bir dövrdə ailələrimizə sahib çıxmaq, əmanətləri qorumaq üzərimizə vacib olan məqamlardandır.

Əmanətlərin ən başında, şübhəsiz ki, din, iman, Quran, peyğəmbərimiz, əzanımız, bayrağımız və vətənimiz gəlir. Bütün bu əmanətlərə sahib çıxmaq hər birimizin müqəddəs vəzifəsidir. Bir müsəlman və vətəndaş kimi bütün əmanətləri göz bəbəyimiz kimi qoruyub, Sahibinə üzümüz ağ və başımız dik olaraq verə bilmək ümidi ilə!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz