Bir yanlışı düzəldək İNŞALLAH DEMƏLİYİK, YA YOX?
Bu yazını oxuyursunuzsa, deməli, başlıq diqqətinizi çəkib. Ürəyinizdən “inşallahsız iş olar?”, “Allahın adını çəkməmək olar?” kimi tənəli suallar keçdiyini hiss edirəm. Amma sözümün canı var deyib qeyri-adi kimi görünən sualın cavabına keçmək istəyirəm. Demək olar ki, hər gün insanların bir-birinə xeyir-dua edərkən “Allah razı olsun, inşallah”, “Allah rəhmət eləsin, inşallah”, “Allah tezliklə şəfa versin, inşallah” kimi cümlələrlə qarşılaşırıq. Bəs yaxşı, dua edərkən inşallah demək nə qədər düzgündür? Gəlin Rəbbimizlə nə cür münasibət quracağımızı ən incə nüanslarına qədər öyrədən Hz. Peyğəmbərə qulaq verək. Allah Rəsulu belə buyurur:
“Hər hansı biriniz dua edərkən: Allahım, istərsən məni bağışla, istərsən mərhəmət et deməsin. İstədiyini qətiyyətli dillə istəsin, çünki Allahı məcbur edəcək heç bir güc yoxdur!”. (Buxari, Dəavat 21, Tövhid 31; Müslim, Zikr 9. Əbu Davud, Vitr 23; Tirmizi, Dəavat 77)
Başqa bir hədisi-şərifdə də belə buyurulur:
“Sizdən hər hansı biriniz dua edəcəyi zaman Allahdan qətiyyətli dillə istəsin. Allahım, istərsən mənə ver deməsin. Çünki Allahı məcbur edəcək heç bir güc yoxdur”.
(Buxari, Dəavat 21; Müslim, Zikr 7)
Bu və bu kimi hədislərdən öyrəndiyimizə görə, dualarımızın qəbulu üçün Rəbbimizdən israrlı bir şəkildə “Allahım, məni bağışla”, “Allahım, mənə ver”, “Allahım, yardm et” kimi qəti ifadələrlə istəməliyik. Xatırladım ki, şüurlu şəkildə və ya bilməyərəkdən dualarımıza əlavə etdiyimiz “inşallah” sözünün mənası “Allah istəyərsə” deməkdir. Belə olan təqdirdə biz “Allah istəyərsə qəbul etsin”, “istəyərsə bağışlasın”, “istəyərsə rəhmət etsin” demiş oluruq. Əlbəttə ki, O, istəyərsə bağışlayar, rəhm edər və s. Bəs biz nə istəyirik? Əgər bir işimizin rəvan getməsini istəyiriksə, qəti dillə ifadə etməliyik.
Deməli, özümüzlə əlaqəli işlərdə, bizim cüzi iradəmizə bağlı məsələlərdə inşallah deməli olduğumuz kimi, birbaşa Allaha bağlı olan məsələlərdə, yəni Onun qüdrət və əzəmətinə üz tutduqda duamızın qəbulu üçün inşallah deməməliyik. Allah dualarınızı qəbul etsin!..
ŞƏRHLƏR