YAŞLILARIMIZ GƏNCLƏRDƏN NƏ GÖZLƏYİR?
Uşaqkən otuz-qırx yaş bizə o qədər böyük gələrdi ki, içimizdə o yaşa yetişə bilməyəcəyik kimi bir hiss oyanardı. İllər gözümüzə böyük, bitməz-tükənməz bir zaman yığını kimi görünərdi. Bitməyəcək kimi görünən o qoca illərin güvənli limanında sonsuz bir həyat varmış kimi özümüzü toxunulmaz hiss edərdik. Otuz-qırx yaşa çatdıqda da bu səfər, altmış-yetmiş yaş əlçatmaz gəlir insana.
Uşaqlıqda meydana gələn bu duyğu, gənclik illərində də davam edər və evlənib oğul-uşaq sahibi olunduğu vaxt, insan təfəkkürünə keçməz kimi görünən o illərin, necə sürətlə geridə qaldığı məlum olar. Əvvəllər xəyaldan önə keçməyən bu duyğular yerini daha gerçək olan hisslərə verər.
Yaşlılıq kamilləşməyin bir davamı olaraq insan ömrünün irəliləyən illərində fiziki və ruhi dəyişikliklərin göründüyü bir dönəmdir.
İnsan həyatını uşaqlıq, gənclik, yetişkənlik və yaşlılıq dönəmləri kimi siniflərə ayıra bilərik. Bu bölgülər içərisində ən çətin yaşanan dönəm yaşlılıq dönəmidir. Bu dönəm həm fiziki, həm də psixoloji baxımdan insanın həssaslaşdığı, zəiflədiyi ehtiyac hiss etdiyi bir dönəmdir. Yaşanılan həyatın su kimi axıb getdiyi, yaxud ötən illərin qiymətinin verilməməsi duyğusu insanda təəssüf hissi doğurar, həyata aid ümidlər azalar, keçmişə dair ah-nalə meydana gələr.
İnsan nə qədər yaşayırsa yaşasın öz ixtiyarlığını rahat qəbul etmir. Hansı yaşda olursa olsun, o yaşın ölüm üçün tez olduğunu düşünür.
Halbuki ölüm qoca-cavan bilmədən, zamanı çatanı bu fani aləmdən ayıran ilahi bir qanundur.
Ömrü olan hər kəs gec-tez, bir gün bu yaşlılıq duyğusunu yaşayacaqdır. Bu da bir həqiqətdir ki, istəsək də, istəməsək də onların yaşadıqlarını biz də yaşayacağıq. Görəsən bu hala düşməzdən öncə ixtiyarlıq yaşında olan insanların halını anlaya bilirikmi? Onların bizdən nə istədiyini hiss edə bilirikmi?!..
Bu sualların cavabını özümüzü onların yerində hiss etdiyimiz zaman verə bilərik.
Elə isə aşağıda sadalayacağımız xüsuslara diqqət edək:
Hər şeydən öncə yaşlıların cəmiyyətdə hörmətə layiq bir yerə sahib olduğunu hiss etdirməli, hər işdə öndə getdiklərini onlara hiss etdirməli, yaşlılıq səbəbiylə meydana gələn fiziki və zehni qüsurlarını fərq etdirməməliyik.
Cəmiyyətdə qarşılaşdığımız hər yaşlı insanı ən yaxın adamımız, hətta öz ata-anamız kimi görməli, onlara eyni hörmət və ehtiramı göstərməliyik.
Yaşlı insanların ən çox çətinlik çəkdikləri şey, yalnızlıq və cəmiyyətdən təcrid edilmə düşüncəsidir. Bu duyğu içərisində yaşayan insan özünü həyatda bir işə yaramayan varlıq kimi qəbul edər.
Ətrafdakı insanların ixtiyarlara qarşı ən əsas vəzifəsi onları sosial mühitə cəlb etmək və yalnızlıq hissindən uzaqlaşdırmaq olmalıdır.
İxtiyarlar biz gənc nəsil üçün bir güzgü olmalı, onlara baxdığımız zaman öz gələcək halımızı düşünməliyik. “Bir gün biz də yaşlanacağıq” deyərək əməllərimizə çəki-düzən verməliyik.
Yaşlı insanlar fiziki olaraq zəifləsə də, həyat təcrübəsi baxımından ən zəngin insanlardır. Bu səbəblə də onların hər biri bizim üçün örnək olmalıdır. Soruşaraq, bilmədiklərimizi öyrənərək, həm onları qürurlandırmalı, həm də faydalı məlumatlar əldə etməliyik.
Beləcə güclü, qüvvətli olduğumuz və dəyərini çox da bilmədiyimiz bu gənclik illəri yerini bir gün xəzan mövsümünü xatırladan ixtiyarlıq illərinə verəcəkdir. Həyatımızın baharını yaşayarkən, bu baharın bir payızının da olacağını unutmamalıyıq.
Əkdiyimizi biçmək üçün sabahı gözləməyə gərək yoxdur. Bugünün gənci sabahın yaşlısıdır. Bu gün nə əkəriksə, sabah da onu biçərik.
ŞƏRHLƏR