QƏLBLƏRDƏN SÜZÜLƏN RƏHMƏT ZƏMZƏMİ

QƏLBLƏRDƏN SÜZÜLƏN RƏHMƏT ZƏMZƏMİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: (Bütlər yaxşıdır) yoxsa əli hər yerdən üzülüb darda qalan birisi Ona (Rəbbinə) dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən Yaradanmı? Məgər Allah ilə yanaşı başqa bir tanrımı var?! Siz nə qədər az düşünürsünüz?!” (ən-Nəml, 62)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun!

Təbəranidə keçən hədislərin birində Rəsulullah (s.ə.s) belə buyurur: “Allah-Təala müəyyən edilmiş qiyamət günündə bütün canlıları məhşər yerində topladığı zaman yaxındakıların duyduğu kimi uzaqdakıların da aydın eşidəcəyi bir səs onları qarşılayacaqdır: “Ey insanlar! Sizi yaratdığımdan bu günə (qiyamətə) qədər susdum və sizi dinlədim. Bu gün isə siz susun və Məni dinləyin. Bu gün sizə əməllərinizin qarşılığı veriləcəkdir. Ey insanlar! Mən sizin aranızda yaxınlıq bağları, soy-kök təyin etdim, siz də öz aranızda yaxınlıq bağları  təyin etdiniz. Mənim sizin aranıza qoyduğum yaxınlıq, ədalət bağlarından üz çevirib öz sevdiklərinizi zirvəyə qaldırdınız. Mən ən kərəmliniz ən çox müttəqi olanınızdır dedim. Fəqət siz buna məhəl qoymayıb üstünümüz filankəsin oğlu filankəsdir dediniz. Bu gün də Mən sizin qoymuş olduğunuz ucalıq ünvanını ləğv edib Özümün təyin etdiyi ucalığı yüksəldəcəyəm. Müttəqilər haradadır?” Həmin an onlar üçün bir bayraq qaldırılar və müttəqilər bu bayrağın altına toplanaraq yerlərini tutarlar. Sonra haqq-hesabsız cənnətə daxil olarlar”.

Hədisi-şərifi oxuyarkən bir həqiqətin şahidi olmaqdayıq: hər şey düşündüyümüz kimi sadə deyil. Dünya imtahanını bacarıqla vermək və axirət səhnəsində üzü, qəlbi, niyyəti, əməli qara olmamaqdan ötəri Rəbbimizin qəlbimizə və əməllərimizə biçmiş olduğu təqva libasına sahib olmalıyıq. “Ey könul, aldanışın fərqindəsənmi? Bir ömür sənə şah damarından daha yaxın olan Sevgilinin axtarılması ilə axıb gedir”,- deyə söyləyən Mövlana həzrətlərinə heç etiraz etmək mümkündürmü!? Deməli, əsas məsələ əzəli-əbədi hər rəzalətimizi eşq zəmzəminin nurlu damlaları ilə təmizləyəcək Uca Rəbbimizlə yaxınlıq ünsiyyətinin qurulmasındadır.  Abdulqadir Gilani həzrətləri də Allaha qovuşma sevdalarına öz bildikləri kimi sarılanlara incə bir xəbərdarlıq etməkdədir: “Allah sevgisi iddia ilə olmaz. İddia sahibi o sevgidən uzaqdır. Bir çox iddia sahibi olmayan vardır ki, onlar Haqq qatında məkan tutmuşdur”.

“Sevgili Rəbbi” ilə ünsiyyətə mane olan nəfs əngəlinin aşılması Mövlana həzrətlərinin təqdimatında necə də möhtəşəm səslənməkdədir: “Nəfsin varlığından keçməsi eşq ilə mümkündür. Kömür qaradır, atəş isə qırmızı. Atəşə atılan kömür bir az sonra atəş kimi olur. Allah məhəbbətinin yer aldığı könül mənliyini itirər və sevdiyinin rənginə boyanar”.

 Min bir zəhmət və cəfa hesabına ərsəyə gələn ilahi eşq həyəcanının təbiətdəki canlılar tərəfindən təqdimatı isə Rəblərini tanıma həyəcanı ilə həyata irfani rəng qatan bu möhtərəm varlıqların insan övladının mənəvi təkamülünə misilsiz bir örnək olacağına işarədir: “Muğan düzünün baxdıqca uzanan torpaqlarında otlayan ceyran dişinə toxunan yumşaq şeyin nə olduğunu həmən anlamadı. Təbiidir ki, onu dişləyərək dadına baxmaq istədisə də, bu, ceyrana baha başa gəldi. Dişləmək istədiyi yumşaq bilinməz Muğanda həyat sürən zəhərli gürzə ilanı idi. İlan zəhərli dişi ilə dərhal ona xətər yetirən ceyranın dilindən çaldı. İlk öncə nə olduğunu anlamayan, lakin bir müddət sonra zəhərin təsirindən şiddətli sarsıntıya məruz qalan  ceyran yerdə çırpınmağa başladı. Bu vəziyyətə insan düşsəydi, zəhər əleyhinə zərdab vurduraraq xilasına ümid edə bilərdi, lakin ceyran  baxdıqca uzanan çöllüyün ortasında ölüm məhkumluğuna təslim olmaq üzrə idi. Hesablara qatılmayan bir hiss, güclə də olsa, onu ayağa qaldıraraq su gölməçəsinə doğru istiqamətləndirdi. Zəhər ceyranda şiddətli susuzluq hissi yaratmışdı. Suya yaxınlaşan bu möhtərəm varlıq müdhiş iç yanğınını söndürmək istəsə də, suyun o vəziyyətdəki nəfsani dəvətinə təslim olmadı, çünki ilk qurtumla həyatına son verə bilərdi. Ən maraqlı davam isə oxucuları indi gözləyir: Muğanın bu müstəsna incisi ayaqlarını uzadaraq yerə çökür və insan səsinə bənzəyən yalvarışlarla Rəbbindən imdad diləməyə başlayır. Ağılların təsvir etməkdə aciz qaldığı inanılmaz yalvarış həyəcanı ilə qəlbində Rəbbinə olan eşq atəşinin ocağını qalayan ceyran, ağrısına dəva olacaq rəhmət zəmzəmi ilə mükafatlandırılır. Qəlbdən axan bu şəfa zəmzəmi  gözlərini dolduraraq, oradan da üzü ilə axaraq qabaq  ayaqlarını isladır. Rəbbi ilə heyrətamiz bir eşq rabitəsində olan ceyran “Sevgili”nin bu möhtəşəm ərməğanını, göz yaşlarını dili ilə yalamağa başlayır və bu acıdan qurtulmağa müvəffəq olur”.

 Rəbbi ilə eşq rabitəsi qurmuş ceyranın qurtuluş hekayəsi bizə bunları tərif etməkdədir: “Əbədiyyət yolçusu olan insan övladı qəlbini ona şah damarından da yaxın olan Sevgili Rəbbinin cəfa qazanında bişirərək təslimiyyət süfrəsinə qəlbindən fışqıracaq rəhmət və şükür zəmzəmləri ilə pənah gətirməyincə qurtuluş karvanına qoşulması çətin olacaqdır”.
Top of Form

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz