Qafqaz Müsəlmanlari İdarəsi Və Şeyxülislamlıq
"Şeyxülislam" ərəb sözüdür: "şeyx" - qoca kişi, "İslam" isə dinin adıdır. Mənası - İslam aləmində "qocalan nüfuzlu alim", "mürşid", "İslamın şeyxi" deməkdir.
"Şeyxülislam" şərəfli rütbədir. Bu ad əsasən fəqihlərə (İslam hüququnu bilən) verilir. "Fiqh" də "başa düşmək", "bilmək" deməkdir. "Füqəha" isə müsəlman hüququnu bilənlərə - fiqhin bilicilərinə deyilir. Fiqh məsələlərinin həlli ilə məşğul olan, fiqhdən dərs deyən və ya sadəcə bu sahədə müvafiq təhsil alan və fiqh baxımından cəmiyyətin müxtəlif məsələləri barəsində mühakimələr edən adama fəqih deyilir. Fəqihin dini təlimə rəhbərlik emək hüququ olduğu üçün bu sahədə rəhbər vəzifəni aparan şəxsə "şeyxülislam" rütbəsi verilir. Əvvəllər şeyxülislam rütbəsi əsasən dövlət başçılarının məsləhəti, zəmanəti ilə din rəhbərlərinə verilərdi. Son illərdə isə şeyxülislam həmin rütbəyə seçki üsulu ilə (dini qurultaylarda səsvermə yolu ilə) seçilir.
Tarixə nəzər saldıqda şeyxülislam sözünün hicri IV əsrin ortalarından istifadə edildiyini görürik. Azərbaycanda isə miladi XVII əsrin sonu XVIII əsrin əvvəllərində şeyxülislam və müfti sözlərinin istifadə edildiyinin şahidi oluruq.
Qafqazın Rus İmperiyası tərəfindən işğalından sonra burada yaşayan müsəlman əhaliyə qarşı çox sərt olan ruslar sonradan bu siyasətlərini dəyişdirmək məcburiyyətində qaldılar. 1788-ci il 22 oktyabrda II Yekaterina mərkəzi Ufa şəhərində olmaqla Rusya müsəlmanlarının ruhani idarəsinin qurulması fərmanını vermişdir.
Daha sonra Qafqaz (Zaqafqaziya) ərazisində yaşayan müsəlmanların sayını və aid olduqları məzhəbləri diqqətə alan Rusiya imperiyası bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişikliklər etdi. 1823 - ci ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edildi. Bundan 9 il sonra - 1832-ci ildə Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis olunur. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ Qafqaz (Zaqafqaziya) Ruhani İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada fəaliyyət göstərən dini başçılar idilər.
Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə Tiflis şəhərində təsis edilmişdir ki, bu da 1917-ci ilin fevralına qədər fəaliyyət göstərib. Şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyəti isə çarizm üsuli-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bərabər tutulurdu. İslam ideologiyasını imperiyanın səadəti naminə xeyirxah istiqamətə yönəltmək məqsədilə çarizm Qafqaz şiə və sünni ruhanilərinin idarə olunması haqqında xüsusi nizamnamə də elan edir. Həmin nizamnaməyə görə buraya (şiəlikdə) şeyxülislamlar qazilər və axundlar, sünnilikdə isə müftilər, imam-xətiblər, əfəndilər, habelə hər iki cərəyana daxil olan mollalar, müəzzinlər, İslam dininin müxtəlif məddahları, seyyidlər, mürşidlər və başqaları daxil idi.
1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda müsəlman ruhaniləri iki hissəyə bölünürdü: 1. Şeyxülislam, müfti və digər şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məclislərinin üzvləri; 2. Məscid mollaları. Bununla yanaşı olaraq, ruhanilər dini ideologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və onlara dini, ictimai qiymət vermək səlahiyyəti baxımından isə üç zümrəyə aid edilirdi: 1. Ali zümrə- buraya Qafqaz Ruhani idarələrinin başçıları - şeyxülislam və müftilər; 2. Orta zümrə- quberniya ruhani məscidlərinin üzvləri və qazilər; 3. Aşağı zümrə- yerli məscid mollaları (axundlar, imam-xətiblər, müəzzinlər, mükəbbirlər), əməleyi-movtlar (yas mərasimini aparanlar) və digərləri daxil idi.
Bakı və Gəncə quberniyalarının hər birində şiə və sünni cərəyanlarına aid olan və yanaşı fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədrləri, hər məclisdə iki nəfər üzv və başqa məmurlar olurdu. Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 16 nəfər isə sünni qazı olub. 1823-cü ildən bu günə kimi 12 şeyxülislamımız və 11 müftimiz olub.
1943-cü il 14 aprelde Sovet İttifaqı rəyasət heyətinin fərmanı ilə müsdəqil formada dörd Müsəlman Ruhani İradəsi quruldu. Bununla da şeyxülislam, müfti və digər vəzifəlilərin fəaliyyəti vahid idarə altında toplandı. Bunlardan birincisi, SSRİ-nin Avropa və Sibir bölgəsindəki müsəlmanların Ruhani idarəsi mərkəzi Ufa şəhəri, ikincisi Orta Asiya və Qazaxstan müsəlmanlarının Runahi İdarəsi mərkəzi Daşkənd şəhəri, üçüncüsü Zaqafqaziya müsəlmanlarının Ruhani İdarəsi mərkəzi Bakı şəhəri və dördüncüsü Şimali Qafqaz və Dağıstan müsəlmanlarının Ruhani İdarəsidir ki onun da mərkəzi Maxaçqala şəhəri olmuşdur.
Azərbaycanda olan idarə müstəqilliyə qədər davam etmiş və Azərbaycan müstəqilliyini qazandıqan sonra, xüsusən də Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərliyi ilə daha fərqli və müsbət cəhətləri ilə seçilməyə başlamışdır.
Məqalənin hazırlanmasında Abbas Qurbanovun Azərbaycanda Şeyxülislamlıq adlı magistr elmi işindən və www.qafqazislam.com saytından istifadə edilmişdir.
ŞƏRHLƏR