O, dünyaya solmaz bir bahar mövsümü bəxş etdi

O, dünyaya solmaz bir bahar mövsümü bəxş etdi

İRFAN: Ömer bəy, qısaca olaraq sizi tanıya bilərikmi?

Prof. Dr. Ömer Çelik: 1966 –cı ildə dünyaya göz açmışam. Mərmərə Universiteti İlahiyyat Fakültəsi məzunuyam. Hal-hazırda o fakültədə Təfsir və Qurani-Kərim müəllimiyəm. Üç il Qırğızıstan Oş Dövlət Universiteti Araşan İlahiyyat Fakültəsində qonaq müəllim olaraq çalışdım.

Əsərlərimdən bəziləri bunlardır: “Kur’an’a Göre Kur’an-ı Kerim ve Muhatapları; Kur’an Ayetlerinin Bilimsel ve Teknolojik Gelişmelerle İlişkisi; Teşbih, Temsil ve Tasvirler Işığında Kur’an’da İnsan; Üsve-i Hasene-1: Kullukta-Ahlakta-Adapta En Güzel İnsan; Üsve-i Hasene-2: Tebliğde-Terbiyede-Muamelede En Güzel İnsan.

 

İRFAN: Azərbaycan oxucusunun yaxından tanıdığı “Üsveyi-Hasənə" (Ən gözəl İnsan) kitabının müəlliflərindənsiniz. Bu kitabı yazma ehtiyacı haradan yarandı?

 

Prof. Dr. Ömer Çelik: Kitabın təlifinin başlanğıcında belə bir gözəl xatirə var: Kitabın ilk toxumunun torpağa düşməsi Möhtərəm Osman Nuru TOPBAŞ bəy ilə olmuşdur. 2002-ci ildə ümrədə ikən Məkkədə Dr. Necati Öztürk bəylə tanış olmuşlar. Bu şəxs Osman bəyi Məkkədə Rəsulullah (s.ə.s)-in xatirələri ilə dolu yerlərdə gəzdirmiş; daha əvvəl getmədiyi yerlərə aparmış, burada tarixi məlumatlar vermiş. Bu vaxt da Rəsulullah (s.ə.s)-lə əlaqəli bir qism kitablar toplayaraq ona hədiyyə etmişdir. Sayı on-on beş qədər olan bu kitabların içərisində Rəsulullah (s.ə.s)-in güldüyü, təbəssüm etdiyi yerlər deyə 150 səhifəlik bir kitabça, Rəsulullah (s.ə.s)-in səhvləri düzəltmə üslubu, Rəsulullah (s.ə.s)-ə itaət və məhəbbət, “Üsveyi-Həsənə” kimi fərqli əsərlər vardı. Osman bəy bunları özü ilə gətirmiş; bir gün səhər namazından sonra mənə bu kitabları verdi və “Bu kitablara bir baxaq, bunlardan Rəsulullah (s.ə.s)-in nümunəvi həyatı ilə əlaqəli bir kitab hazırlayaq, adı da “Üsveyi Həsənə” olsun” dedi. O axşam sanki mənəvi bir vəzifə almış kimi həyəcan duydum. Bu şəkildə həyəcanlandığım çox az olmuşdur. Kitabların nə ehtiva etdiyinə baxdım; adlarını, içindəkiləri, qaynaqlarını araşdırdım. Səhəri gün görüşdük. “Xocam, bu kitablar Rəsulullah (s.ə.s)-in həyatının müxtəlif anlarını izah edir” dedim. Beləcə “Üsveyi-Həsənə” fəaliyyəti başlamış oldu.

Bəşəriyyət Allah Rəsulu (s.ə.s)-in nümunə həyatına, sünneyi-səniyyəsinə suya, havaya möhtac olduğu kimi möhtacdır. Lakin insanların bəzisi bunun fərqində deyil. Bu səbəblə onların anlayacaqları dildən yeni-yeni əsərlərlə bu ehtiyacı xatırlatmaq və insanlığı Peyğəmbərimiz (s.ə.s) ilə görüşdürmək çox müqəddəs bir vəzifədir. Yeni həyəcanlar, tərtəmiz duyğular, gənc və günahsız qələmlərlə bu yolda daha gözəl və təsirli işlərin görülməsinə zəruri ehtiyac vardır. Günümüzün əxlaqi tənəzzülü və günah çuxurları içində boğulan, yox olan insanlığa həyat verən nəbəvi nəfəsləri çatdırmağın əhəmiyyəti şübhəsiz çox böyükdür.

 

İRFAN: Ömer bəy, yeri gəlmişkən “Üsveyi-Həsənə” anlayışını bir neçə cümləylə izah edərsinizmi?

 

Prof. Dr. Ömer Çelik: “Üsvə” örnək, nümunə deməkdir; “həsənə” də gözəl deməkdir. Buna görə “Üsveyi-həsənə” gözəl nümunə mənasınına gəlir. Hər peşənin bir piri vardır; o peşəni öyrənmək istəyənlər onu nümunə götürürlər. Allah Rəsulu (s.ə.s) bütün yönləriylə Allaha qulluqda pirdir; ən gözəl nümunədir. Bu səbəbdən bir insan:

Allaha qul olmaq üçün, gözəl əxlaq sahibi ola bilmək üçün, islam ədəbiylə ədəblənə bilmək üçün, təhsil və tərbiyədə, təbliğdə, dəvətdə ən gözəl müvəffəqiyyəti əldə edə bilmək üçün, dünya və axirət, maddə və məna tarazlığını təmin edə bilmək üçün, xoşbəxt bir ailə qurmaq, xanımlarına, uşaqlarına, nəvələrinə islami ölçülərə görə ən gözəl şəkildə davrana bilmək üçün, qohumlara, qonşulara, yetimlərə, yoxsullara ikramla, ehsanla, islami bir zəriflik və nəzakət içində rəftar edə bilmək üçün Allah Rəsulu (s.ə.s)-in nümunə həyatına baxmalı və oradan hal və mövqeyinə görə tətbiq edəcəyi model davranışları götürməlidir. Rəsulullah (s.ə.s) bir büllur çilçıraq kimidir. Hər baxan baxdığı yerdən fərqli bir yeri və rəngi görər. Rəsulullah (s.ə.s)-in həyatını bir qadın da oxusa, özünə görə bir nəticə çıxaracaq, bir şair də oxusa, özünə görə bir nəticə çıxaracaq. Bir uşaq oxusa, bir gənc oxusa, bir yetim, bir kasıb oxusa; bir tacir, bir müəllim, bir ordu komandiri, bir dövlət başçısı oxusa eyni şəkildə özünə görə bir nəticə çıxaracaq. Bu səbəbdən hər kəsin Allah Rəsulunun həyatına xüsusi diqqət göstərməsi lazımdır.

 

 

İRFAN: Mübarək Doğum Həftəsinin yaşandığı bu günlərdə Peyğəmbərimiz (s.ə.s)-in günümüzün insanına mesajı nələrdir?

 

Prof. Dr. Ömer Çelik: Peyğəmbərimiz (s.ə.s)-in ən aşkar xüsusiyyəti aləmlərə rəhmət olaraq göndərilməsidir. Rəbbimiz: “Ya Rəsulum! Biz səni aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.” buyurur (əl-Ənbiya, 107). Mərhəmət imanın ilk təcəllisi olub, səndə olan maddi və mənəvi imkanları bundan məhrum olan insanlara böyük bir həssaslıq, məhəbbət və həvəslə çatdırmağa çalışmaqdır.

Allah Rəsulu (s.ə.s) insana, cinə, mələyə, möminə, kafirə, yerə, göyə, dağa, daşa, uçan quşa, inləyən kötüyə, ağlayan dəvəyə rəhmət idi. O, bir rəhmət yağışı olaraq yağdı, könülləri, ruhları yaşıllaşdırdı. Dünyaya solmaz bir bahar mövsümü gətirdi. Bu səbəbdən indiki vaxtda yaşayan möminlər, yəni bizlər bütün insanlığın hidayəti üçün eynilə Peyğəmbərimiz (s.ə.s) kimi şəfqət, mərhəmət, comərdlik, səxavət qanadlarımızı sonuna qədər açmalıyıq.

Peyğəmbərimiz (s.ə.s) sonsuz bir əfv və bağışlama sahibi idi. Şəxsinə edilən ən böyük zülmləri və haqsızlıqları comərdcə bağışladı. Hamısından keçdi. İllərlə özünə və səhabələrinə zülm edən məkkəliləri, Məkkənin fəthi günü necə bağışladığı dillərə dastandır. Onlardan:

“Bu gün sizə nə edəcəyəyimi düşünürsünüz?” deyə soruşdu. Onlar da: “Sən kərim, comərd, şərəfli bir insansan. Səndən, ancaq xeyir gözləyirik” dedilər. Peyğəmbərimiz (s.ə.s):

“Bu gün başa qaxmaq yoxdur. Hamınız azadsınız, sərbəstsiniz.” Buyurdu. (İbn Hişam, Sirət, IV, 32)

Biz də əsasən şəxsimizə edilən səhvlər mövzusunda qohumlarımıza, qonşularımıza, bütün insanlığa qarşı sonsuz bir əfv və dözüm içində olmalıyıq. Allah üçün, könülləri islama cəlb etmək üçün.

Bütün bunları gözəl əxlaq olaraq qiymətləndirə bilərik. Günümüzün insanı ən çox halıyla, söz və hərəkətləriylə islamı tam olaraq təmsil edəcək və nümunə olacaq gözəl əxlaq sahibi görkəmli şəxsiyyətlərə möhtacdır.

 

 

İRFAN: Peyğəmbərimiz (s.ə.s)-in dünyanı əhatə edən qardaşlıq və barış anlayışını çağımızın insanı necə şərh etməlidir? Xüsusilə barışa möhtac olduğumuz bu günlərdə qardaşlıq ruhunu necə təsis etməliyik?

 

Prof. Dr. Ömer Çelik: Allah Rəsulu (s.ə.s) zülmət dünyaya bir günəş kimi gəlib, daşdan daha qatı ürəkləri iman nuruyla qızdırıb, yumşaldıb onları necə iman qardaşları halına gətirdisə; nümunəsini Mədinədə ənsar-mühacir qardaşlığında gördüyümüz kimi mallarını və canlarını bir-birlərinə fəda edəcək isti dostlar halına gətirdisə, bu gün də insanların ürəklərində o duyğunu təmin edəcək nəbəvi nəfəsli insanlara və tətbiq ediləcək nəbəvi metodlara ehtiyac vardır.

Bu sual çərçivəsində Peyğəmbərimiz (s.ə.s)-in bu bəyanlarını xatırlaya bilərik:

 “Müsəlman, əlindən və dilindən insanların salamatlıqda olduğu kimsədir.” (Buxari, İman 4-5; Müslim, İman 64-65)

“Özü üçün istədiyini mömin qardaşı üçün də istəməyən kamil bir imana sahib deyil.” (Buxari, İman, 7; Müslim, İman, 71-72)

“Qonşusu açkən tox yatan gerçək mömin deyil.”  (Hakim, Müstədrək, II, 15)

“Ey Allahın qulları qardaş olun.”  (İbn Hənbəl, Müsnəd, 9387)

“Heç kimin digərinə, heç bir irqin başqasına üstünlüyü yoxdur. Hər kəs Adəmdəndir, Adəm də torpaqdandır. Üstünlük ancaq təqvadadır.”  (İbn Hənbəl, Müsnəd, IV, 158).

 

İRFAN: Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Qırğızıstanda da İlahiyyat Fakültəsində çalışmısınız. Türk cümhuriyyətlərinin müstəqillikdən sonrakı milli və mənəvi inkişafını necə görürsünüz?

 

Prof. Dr. Ömer Çelik: Bu xidmət vəsiləsiylə Türk cümhuriyyətlərində yaşayan qardaşlarımızı daha yaxından tanıma fürsəti əldə etdim. Bizlər eyni dili danışan, eyni dinə, kitaba və Peyğəmbərə inanan, tarixi eyni, ənənə və adətləri eyni olan bir atanın övladları kimi qardaş olduğumuzu yaxından hiss etdik, yaşadıq. Üfüqümüz genişləndi, dualarımız ayrı bir dərinlik qazandı. Gələcəyə daha da ümid və həyəcanla baxma imkanı tapdıq. Bu bölgələrdə müşahidə etdiyimiz milli və mənəvi oyanış, bu istiqamətdəki inkişaflar bizi həqiqətən sevindirir.

İRFAN: Vaxt tapıb bizim suallarımıza cavab verdiyiniz üçün təşəkkür edirik.

Prof. Dr. Ömer Çelik: Mən də bu öz növbəmdə mənə beləbir fürsəti verdiyiniz üçün sizə çox təşəkkür edirəm. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz