Sosial şəbəkələr və biz

Sosial şəbəkələr və biz

 Başlanğıcda niyyətlər yaxşı idi. Bizi azad edəcək qədər güclü, fərqli düşünməyimizə yardım edəcək qədər ağıllı, təsirli iş görən vasitələrə qovuşmuşduq. Sevdiklərimizi hər an yaxınımızda hiss etməyi təmin edən texnologiyaya sahib olmuşduq. Bəli, həqiqətən, işə yaradı, gözlərimizi açdı, oyunu dəyişdirdi, bütün bu möhtəşəm kəşflər günlük həyatımızın bir parçası oldu. Biz bu texnologiyanı çox sevdik; ac qaldığımız, tənha qaldığımız zamanlarda, yaxud da canımız nədənsə sıxıldığı anlarda bu kəşflər ehtiyacımızı qarşıladı və beləcə, qopduq, bunu hər kəs hiss etdi. Amma kimsə buna qarşı çıxmadı. Dünyanın o biri ucuyla görüşdük, qitələrarası xəbərləşə bildik. Ancaq yemək süfrəsində yaxınlarımızla birlikdə olanda, yan-yana oturanda belə bir-birimizdən qopduq. Danışıb hal-xətir soruşmağın yerini qısa mesajlar aldı.

Sosial şəbəkələrdə bütün köhnə və yeni dostlarımızı tapdıq, amma aldığı oyun dəvətlərinin onda biri qədər çay  dəvəti ala bilən varmı? Texnologiya bizə xidmət edən bir maşın ikən biz onun maşını olduq.

Tez-tez rastlaşdığım belə bir söz var: “İnsanları silahla məhv etməkdənsə şüurlarını məhv edirlər”. Nə ilə? Sosial şəbəkələr vasitəsilə. 

Gəlin, buna bir nümunə verək. Yarım milyard insan tərəfindən istifadə edilən, Çin tərəfindən yaradılan və çinli uşaqlara qadağan olunan platforma: Tiktok. Pekin Universitetinin alimləri sübut edib ki, Tiktok insanların beyin hüceyrələri arasında rabitəsizlik formalaşdırır; saniyələr içində fərqli emosiyalar yaşadan videoların təsiri ilə beyin bir emosiyanı filtrdən keçirmədən, digərini qəbul etmədən, başqa biri ilə üzləşir və sağ yarımkürə iflic olur. Təsəvvür edin, adi insan bir neçə dəqiqə içində yüzlərlə fərqli hisslər yaşayır. Stanford Universitetinin alimləri öz araşdırmalarında bildiriblər ki, Tiktokdan istifadə infantilizmə səbəb olur. İnfantilizm şəxsiyyətin yetişməməsi, böyüklərdə uşağa xas olan xarakterdə davranış kimi hərəkətlərin baş verməsi deməkdir. Həmçinin Tiktokdan gün ərzində 40 dəqiqədən çox istifadə kəskin kortizol hormonunun ifrazına səbəb olur.

Bu gün artıq uşaqdan böyüyə, demək olar ki, hər kəs sosial şəbəkələrdən istifadə edir. Dövrümüzdə daha çox uşaqlarda rast gəlinən klip sindromu deyilən bir psixoloji xəstəlik var. Bu sindrom nədir, hansı xüsusiyyətlərə malikdir? Daha çox 1-5 yaş arası uşaqlarda rast gəlinən bu sindrom valideynlərin uşaqlarının məşğuliyyəti üçün televizorun başına oturdub və ya telefonu verib klip və reklamları izləməyə buraxmaları nəticəsində uşaqlarda görülən və autizmə qədər gedib çıxa bilən psixoloji pozulma meydana gətirən bir xəstəlikdir.

Amerika alimləri araşdırmalarda sübut etmişdir ki, insanlar 15 dəqiqədən bir telefonlarını yoxlayır və işin daha bir qorxunc tərəfi, tez-tez telefona baxan bu insanların yarısı hər hansı bir mesaj almadan bunu edir. Bəli, dəyərli oxucular, araşdırmalar nəticəsində aydın olur ki, internet asılılığı bu kimi zərərli vərdişlərə gətirib çıxarır.

Artıq  insanlıq deyil, texnologiya irəliləyir. Sadəcə texnologiya sayəsində özümüzü ifadə etməyimizin asanlaşması bununla yaxşı bir nəticə əldə etdiyimiz mənasına gəlmir. Texnologiya yox ikən hər şey daha səmimi, daha məsum, daha saf və təmiz idi. Amma bu alət bizi çox dəyişdirdi. Davranışımızı, əxlaqımızı, insanlarla münasibətimizi dəyişdi və ən əsası da bizi bir-birimizdən uzaqlaşdırdı. İnsanlıq azalır, amma kimsə bunun fərqində deyil və əhəmiyyət vermir. Mədəniyyətimiz bizim üçün çox önəmlidir. Amma mədəniyyətimizi yaşadan insanlar get-gedə azalır. Bəs necə edək; bu gün texnologiyadan istifadə etməyək? Məqsədim bunu demək deyil. Sadəcə, bunu bilməliyik ki, ondan istifadə edən biz olaq, o bizdən istifadə edən olmasın. Gəlin, bu texnologiyaya məğlub olmayaq. Çalışaq ki, dostlarımızla, sevdiklərimizlə daha çox vaxt keçirək. Bir-birimizlə canlı ünsiyyət quraq. Müasir dövrdəki ünsiyyətsizlik problemini ancaq bu yolla həll edə bilərik.

Yaşamaq. Həyatı anlamaq, anı yaşamaq. Sosial şəbəkələrdə yox, real həyatda, cəmiyyət içərisində yaşamaq. Əsas məqsəd bu olmalıdır! Yeganə çıxış yolumuz budur! Bu gün buna yox deyib təxirə salırsınızsa, təhlükənin fərqində deyilsiniz. Oyunlar səbəbilə üç canımız varmışcasına özümüzü rahat hiss edə bilərik. Amma həqiqət budur ki, üç canımız deyil, tək canımız var. Və bu an həmin canı yaşayaraq tükətməkdəyik.

Həyatı gərəkli şəkildə yaşamaq mümkündür, həm də bu gün. Boş zaman yoxdur, boşa keçən zaman var. Çalışaq ki, zamanımızı sosial şəbəkələrlə yox, sevdiklərimizlə, yaxınlarımızla, faydalı işlərlə dolduraq. Sevdiklərinizə zaman ayırın, yoxsa zaman sizi sevdiklərinizdən ayırar!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz