İSLAMDA HƏRB HÜQUQU
Lüğət mənalarından biri “sülh və əmin-amanlıq” olan İslamda sülh əsas olub, hərb istisna bir hal kimi qiymətləndirilir. Məşhur bir zərbi-məsəl olan “Əgər sülh və əmin-amanlıq istəyirsənsə, müharibəyə hazır ol!” sözünün də işarə etdiyi kimi, qaçılmaz bir reallıq olan müharibə sülh, əmin-amanlıq və iki dünya səadəti üçün göndərilmiş İslam dinində də bir reallıq kimi qəbul edilmiş və buna dair hökmlər Quran və sünnədə öz əksini tapmışdır.
Rəhmət və şəfqət peyğəmbəri Hz. Muhammədin (s.ə.s) dövründə baş vermiş müharibələrin əksəriyyətlə məcburi və müdafiə xarakterli olduğu və bəzən də müharibələrdə İslamın önünə çıxan maneələrin aradan qaldırılmasının hədəfləndiyi gözə çarpır. Hər işdə “ehsan”ı, yəni gözəl davranmağı əmr edən rəhmət peyğəmbəri (Müslim, Sayd və zəbaih, 57) bunu müharibəyə də şamil etmiş və əsrlər öncə, dünya hərb hüququnun bu gün belə çata bilmədiyi yüksək əxlaqi prinsipləri ortaya qoyaraq müharibədə insan və heyvan haqlarının və həmçinin təbiətin qorunmasının zəruriliyini vurğulamışdır. Peyğəmbərimizin (s.ə.s) hərb əsnasında insan qanı axıtmamaq üçün aldığı tədbirlərə, müharibədə belə insan haqlarına nə dərəcədə diqqət etməyə çalışdığına dair hədis, siyər və İslam tarixi kitablarında bir çox qeydə rast gəlmək mümkündür. Peyğəmbərimizin (s.ə.s) müharibələrdə tətbiq etdiyi İslam hərb hüququna qaynaq təşkil edən bəzi qaydaları aşağıdakı kimi xülasə edə bilərik:
Hz. Peyğəmbər (s.ə.s) uşaqların, qadınların, qocaların, ibadət üçün məbədlərinə çəkilmiş din adamlarının və müharibədə iştirak etməyən mülki şəxslərin öldürülməsini qadağan etmişdir. O (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Savaş halında ikən belə uşaqları, məbədlərinə çəkilib ibadətlə məşğul olanları, qadınları, qocaları və savaş xaricində başqa işlər üçün tutulmuş işçiləri öldürməyin!” (Buxari, Cihad, 148; Müslim, Cihad, 24). Buna əsasən İslam müctəhidləri müharibəyə qarışmayan qadın və uşaqları öldürməyin caiz olmadığı mövzusunda həmfikirdirlər.
Öldürüləcək olan kimsəyə işgəncə edilə bilməz. Zülm və işgəncə bütün növləri ilə qadağan edilmişdir. Düşmən cəsədləri üzərində bədən üzvlərinin kəsilməsi, cəsədlərin təhqir edilməsi kimi həddi aşan davranışlara da yer vermək olmaz. Peyğəmbərimizin (s.ə.s) bu mövzudakı buyruğu belədir: “İnsanların cəsədlərini parçalamaqdan və orqanlarını kəsməkdən çəkinin!”. (Əbu Davud, Cihad, 82) Hz. Peyğəmbər (s.ə.s) düşmənlərin döyüş meydanlarında tərk etdikləri cəsədlərə insanca davranılmasını əmr etmiş və əsgərlərə onları dəfn etmələri üçün göstəriş vermişdir. Hətta bu da bir həqiqətdir ki, müsəlman əsgərlər yaralı düşmən əsgərlərinə laqeyd yanaşmamış və onları müsəlman yaralılarla bərabər müalicə etmişdir.
Müharibədə zərurət olmadıqca meşələr və əkin sahələri yandırılmamalı, heyvanlar tələf edilməməli və məbədlərə zərər verilməməlidir. Bu mövzuda Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Kilsələri yandırmayın, dağıtmayın, ağacları kəsməyin!”. (Buxari, Cihad, 148) İlk İslam xəlifəsi Hz. Əbu Bəkrin ordu komandirlərinə verdiyi əmrlərdə də bu mövzuya təmas edilmişdir: “Gedəcəyiniz bölgələrdə əsla həddi aşmayın və zülm etməyin! Heyvanları öldürməyin! Ağacları kəsməyin və məbədləri dağıtmayın!”.
Hz. Peyğəmbər (s.ə.s) əsirlərə çox yaxşı davranmış və səhabələrinə də bu mövzuda tövsiyələr vermişdir. Bədr döyüşü sonrasında Rəsulullahın (s.ə.s) əsirlərə yaxşı davranılmasını əmr etməsi səbəbiylə müsəlmanlar öz yeməklərini əsirlərlə bölüşmüş və onların bütün zəruri ehtiyaclarını qarşılamışdır.
Hz. Peyğəmbərin və İslam xəlifələrinin tətbiqatına əsaslanaraq İslam hərb hüququnda əsirlərin aqibəti ilə bağlı da qaydalar müəyyən edilmişdir: Fidyə qarşılığında azad etmək, müsəlman əsirlərlə dəyişmək, qarşılıqsız azad etmək, kölə halına gətirmək və edam. Müsəlman dövlət başçısı bunlardan uyğun gördüyünü tətbiq edə bilər. Hz. Peyğəmbər, rəşid xəlifələr və İslam tarixinin sonrakı dövrlərində fidyə qarşılığında düşmən əsirlərini sərbəst buraxma və ya müsəlman əsirlərlə qarşılıqlı dəyişdirmə üsulu tez-tez tətbiq edildiyi kimi, bəzən əsirlər qarşılıqsız olaraq da sərbəst buraxılmışdır. Əsirlərin edam edilməsi isə çox nadir və dövlətin bunu zəruri hesab etdiyi məqamlara xas olub, istisna hal təşkil etmişdir. Hətta düşmən əsirlərin sadəcə müsəlmanlarla müharibədə iştirak etdikləri səbəbi ilə öldürülmələrinin doğru olmadığına dair səhabələrin icma etdikləri də nəql edilmişdir.
Bir komandir kimi Hz. Peyğəmbər (s.ə.s) şəhərləri və qalaları fəth etmədən əvvəl öz əsgərlərini yüksək mənəviyyata çatdıraraq onların könül dünyalarına hakim olmuşdur. Bu komandir və əsgərlərin girdikləri döyüşlərdə zülm olmamışdır. Çünki onlar zülmü aradan qaldırmaq üçün savaşırdılar.
ŞƏRHLƏR