Sual-Cavab

Sual-Cavab

1.      Zəmanəmizdə demək olar ki, hər kəsin alış-verişdə kreditdən istifadə etdiyini görürük. İslam kreditlə ticarətə necə baxır?

Kreditlə alış-verişi iki qismə ayırmaq lazımdır. Birincisi, kreditə pul götürüb nə isə almaq. Burada pulla pul satın alınır və müəyyən müddət sonra həmin məbləğ faizi ilə birlikdə geri qaytarılır. Bu növ kredit İslamda Qurani-Kərimin müxtəlif ayələrində qəti şəkildə qadağan edilmişdir (əl-Bəqərə, 275, 276, 278, 179). Sözü gedən qadağa həm verən, həm də alanın hər ikisini də əhatə edir. İkincisi isə, mağazadan nisyə edilən alış-verişdir. Məsələn, 100 manatlıq nağd bir mal altı ay ərzində ödəməklə 120 manata satıla bilər. Belə ki, nağd satışlarda qazanc üçün maya dəyərinin üstünə müəyyən məbləğ əlavə etmək caiz (halal) olduğu kimi, nisyə satışlarda da caizdir. Hətta nisyə satışda pul bir müddət dövriyyədə olmadığı və ya əşyanın qiymətinin bahalaşacağı nəzərə alınaraq, qazanc miqdarı yüksək olaraq da təyin edilə bilər. Onu da qeyd etmək lazımdır ki, bir şəxs bank vaxitəsilə, yəni bankdan nağd pul götürərək hər hansı mağazadan bir əşya alıb, sonra həmin pulu banka faizi ilə hissə-hissə qaytarması caiz (halal) deyildir.   

 

2.      Hər gün işə gedirəm. İş vaxtı namazlarımı qılmıram, axşam evə gəldikdən sonra hamısını qəza edirəm. Bu nə dərəcədə doğrudur?

 

İslam dinində namaz qılmaq İslamın beş şərtindən biri olduğuna görə müsəlmanların kəlmeyi-şəhadətdən sonra yerinə yetirməli olduqları ilkin ibadət namaz ibadətidir. Ona görə də hər bir müsəlman gündəlik həyatında namazlarına vaxt ayırmalı, şərait yaratmalı və vaxtında qılmalıdır. İş vaxtında günorta və ikindi namazları qılmaqda müəyyən çətinliklər ola bilər. Lakin namaz ibadətini yerinə yetirmək üçün əvvəlcədən hər cür tədbir alınmalıdır. Məsələn, fasilə vaxtında qılmaq kimi. Bununla yanaşı vurğulamaq lazımdır ki, bir müsəlman işinə görə namazlarını qıla bilmədikdə, imkan daxilində namazlarına maneə törətməyən başqa işlər arayışında olmalıdır.

 

3.      Zəkatdan məsul olacaq qədər imkanlarım var. Hər ay imkansız adamlara müəyyən məbləğdə yardım edirəm, sədəqə verirəm. Bütün bunlar üzərimdən zəkat borcunu qaldırırmı? Əgər hər ay verdiyim məbləğ toplandıqda zəkat düşən miqdardan çox olsa necə?

 

İslamda sədəqə ilə zəkat terminləri bir-birindən müəyyən qədər fərqlənir. Sədəqə məfhumu zəkatdan daha əhatəli termin olmaqla həm vacib olan zəkatı, həm də nafilə olan digər infaq (Allah yolunda xərcləmə) növlərini ehtiva edir. Zəkat isə, zəkat olaraq təyin olunan mal növlərindən müəyyən qismini Allah-Təalanın bildirdiyi müsəlmanlara, onların mülkiyyətinə keçirməklə verməkdir. Nəslərdə (ayə və hədislərdə) zəkatın bir müsəlmana fərz olması üçün müəyyən şərtlər vardır; (mükəlləf olmaq, nisab miqdarı mala sahib olmaq, malın çoxalan mal olması, var-dövlət şəxsin özünə məxsus olması, malın üzərindən bir il keçməsi və malın borc qarşılığında olmaması). Hədislərdə zəkatın verilməli olduğu mal növləri və onların miqdarları geniş şəkildə izah edilmişdir; (əsli ehtiyaclardan savayı nisab miqdarına sahib olunan qızılda və ya pulda və ticarət malından qırxda bir; heyvanlarda; qoyunlarda qırxda bir, inəklərdə otuzda bir, əkin məhsullarında iyirmidə bir və ya onda bir və s. zəkat verilməlidir). Bundan əlavə Qurani-Kərimdə zəkatın sərf yerləri (verilməli olduğu yerlər) bir-bir açıqlanmışdır (fağırlar, miskinlər, zəkat işlərində işləyənlər, müəlləfeyi-qülub, kölələr, borclular, Allah yolunda olanlar və yolda qalanlar; Tövbə, 60). Bundan əlavə verilən malın zəkat sayılması üçün zəkat verərkən niyyət edilməli və həmin şəxsin mülkiyyətinə keçirilməlidir. Ona görə də hər verilən sədəqə zəkatdan sayılmır. Zəkatın ildə bir dəfə verilməsi fərzdir. Belə ki, bir müsəlman illik zəkatını hesablayaraq zəkat niyyəti ilə ayəyə müvafiq olaraq verərsə, zəkat borcunu ödəmiş sayılır. Verilən sədəqə zəkat miqdarından çox olsa belə, zəkat niyyəti ilə verilməyibsə, zəkat sayılmır. Ancaq bütün mal-dövlətini Allah yolunda sərf etsə, ondan zəkat məsuliyyəti qalxar.

 

4.      Parfümeriya mağazalarından aldığımız, tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir? Bu cür ətirlərin dəydiyi paltarlarla qılınan namaz səhihdirmi?

       İslam dini istər maye, istər qatı olsun sərxoşedici maddələrin, sərxoş olmaq məqsədilə istifadə olunmasını qətiyyətlə qadağan etmişdir. Lakin tərkibində spirt olan ətirlərdən təmizlik və ətir məqsədilə istifadə olunması mövzusunda müxtəlif fikirlər irəli sürülmüşdür. Belə ki, İslam alimlərinin əksəriyyətinə görə şərab nəcisdir (Maidə, 5/90). Paltara, bədənə və ya namaz qılınan yerə ovuc içi qədər bulaşsa, namaza əngəldir. Şərabdan başqa və içilən zaman azı və ya çoxu sərxoşluq verən içkilərin nəcis olduğuna dair isə hər hansı dəlil yoxdur. Məhz bu səbəblə bunlar nəcis deyil, sərxoşedicilik xüsusiyyəti səbəbilə içilməsi haram, ancaq bədən, paltar və ya namaz qılınan yerə tökülməsi namazın səhih (etibarlı) olmasına hər hansı əngəl təşkil etməz. Tibbi spirtdən istifadə etmək də buna daxildir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz