Əziz SULTANOV - BAYRAQDAR

      Share

      Sirr deyil ki, hər bir millətin gələcəyi olan gənclərində nikbinlik, özünəinam və yüksək əhvali-ruhiyyənin təmin edilməsində nümunəvi şəxsiyyətlərin böyük rolu var. Bu günün gəncləri elə bir atmosferdə böyüyürlər ki, hər şeyi əlləri ilə toxunub gözləri ilə görmək, yalnız bundan sonra ağıl olaraq qəbul etmək istəyirlər. Yəni tarixdən onlar üçün misal göstərdiyimiz hər hansı bir ibrətlik səhnə, yaşanmış xariquladə müvəffəqiyyət nümunəsi onlar üçün bir nağıl, ya da hekayə təəssüratı göstərir, əksər hallarda. Buna görə də onlar üçün daha real, daha güncəl və daha rasional nümunələr axtarışına düşürük, istər-istəməz.

      Arxada qoyduğumuz son əsr böyük bir elmi tərəqqi nümayiş etdirərək hər on-on beş ilə öz adını dəyişdirmək üçün insanlığı düşünməyə vadar etdi: “elektrik dövrü”, “maşın dövrü”, “texnologiya dövrü”, “internet dövrü” və s. Gəldiyimiz son nöqtədə elektronika elə bir həddə gəlib ki, müharibə başda olmaqla, həyatın hər sahəsində ən öndə yer alır. Belə bir zamanda digər dünya xalqları ilə yarışa bilmək, yüksək tonda danışa bilmək üçün bu sahədə söz sahibi olmaq zəruri hala gəlmişdir. Bəs bunu bizim üçün edəcək olan gənclərə “kumir” kimi, “rol modeli” kimi göstərə biləcəyimiz şəxsiyyətlərimiz varmı? Çox şükür ki, var. Yaxın dövrü aydınladan Lütfi Zadə, Əziz Səncər kimi böyük elm xadimlərinin yanında bir də gənclər var ki, məharətləri ilə bütün dünyanı heyran qoyurlar. Onlar əldə etdikləri müvəffəqiyyətlə öndə gedərək bayraqdarlıq edir, gəncləri öz arxalarınca sürükləyərək neçə-neçə zirvələrin fəthinə aparırlar. Belə şəxsiyyətlərdən biri də məhz müasir elektrotexnika sahəsində adından söz etdirən Türkiyəli mütəxəssis Selçuk Bayraktardır.

      Selçuk Bayraktar 1979-cu ildə İstanbulun Sarıyer bölgəsində anadan olmuşdur. Əslən Trabzondan olan atası Özdemir Bayraktar 1984-cü ildə qurulan, mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələr istehsal edən Baykar Makina şirkətinin qurucusu və sahibidir. 2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. 2007-ci ildə şirkət ilk türk pilotsuz kəşfiyyat dronu “Kale-Baykar Mini”ni hazırladı. Selçuk Bayraktarın təşəbbüsü ilə taktiki sinif PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı. 2014-cü ildə şirkət yeni bir layihəsini müvəffəqiyyətlə başa çatdırdı. Şirkətin bu yeni məhsulu Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilən ilk milli və yerli PUA olan “Bayraktar TB2” hücum dronu idi. “Bayraktar Akıncı”  dronu isə ilk uçuşunu 6 dekabr 2019-cu il tarixində gerçəkləşdirdi və bütün sınaqlardan uğurla keçərək 2020-ci ilin ilk aylarında hərbi envanterə daxil edildi.

      2000-ci ildən etibarən yüksələn bu qrafikin altındakı ən əsas səbəb məhz ailənin ortancıl oğlu Selçuk Bayraktar idi. Onun qurduğu Türkiyə Texnoloji Komandası Vəqfi isə bu sahədə gənclərə verdiyi dəstək ilə açdığı cığırın gedərək böyüməsinə və gələcək nəsillər üçün geniş yollar açmasına ən böyük töhfə olmuşdur.

      İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsil alan Bayraktar Amerikanın Pensilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamladı. Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirdi. Uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar apardı. Bu böyük qabiliyyət və elmi səylər, nəhayət, öz bəhrəsini verdi və ölkəsinə qayıdaraq ailəsinə məxsus Baykar Makina şirkətinin texniki meneceri kimi fəaliyyətə başladı. 2016-cı ildə R.T.Ərdoğanın qızı Sümeyyə Ərdoğanla ailə həyatı qurdu. Bu evlilikdən sonra da özünü həsr etdiyi sahədən və hədəflərindən yayınmadı, daha inamlı addımlarla irəliləməyə davam etdi.

      Komandası ilə düzəltdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatları Türkiyə Ordusunun PKK-ya qarşı hərbi əməliyyatlarında, həmçinin Liviyadakı döyüşlərdə geniş şəkildə istifadə edildi. 2018-ci ildə terror qruplarına qarşı Suriya ərazisində başladılan hərbi əməliyyatlar zamanı uçuş aparatlarının ən yüksək səviyyədə xidmət göstərməsi üçün əsgərlərlə birgə göstərdiyi səylər onun bir müsahibəsinə bu sözlərlə əks etmişdi: “Ərdoğanın kürəkəni olsam da, Zeytun Budağı hərəkatında dörd ay anqarda yatdım”.

      Bu uğurlu əməliyyatlardan sonra Azərbaycanda 27 sentyabr 2020-ci il tarixində başladılan İkinci Qarabağ müharibəsində də “Bayraktar” PUA-ları çox böyük təsir gücünə malik olduğunu sübut etdi və manevr qabiliyyəti və vuruş dəqiqliyi ilə dünyanın ən müasir müdafiə sistemlərini və hərbi mütəxəssislərini mat qoydu.

      Covid-19 pandemiyasının vüsət aldığı dövrdə tənəffüs respiratoru istehsalına verdiyi texniki dəstək sayəsində Bayraktar təkcə hərbi sahədə deyil, səhiyyə sahəsində də öz adından bəhs etdirdi. Qarşısına məqsəd qoyduğu sahədə hər cür çətinliyə sinə gərən Bayraktar, belə görünür, texnoloji aludəlik dərəcəsindəki gəncliyimiz üçün bu sahəni müvəffəqiyyətə çevirməyin böyük bir nümunəsi olaraq “rol model” göstərilməyə, bayraqdarlıq etməyə davam edəcəkdir.

      • Hits: 44 clicks

      Tecox component by www.teglo.info