Rövşən Əhmədov - Xocalı Qətliamı

Çap

Yazan redaktor 24.02.15 09:52

Share

İki əsrdə Azərbaycan türklərinə qarşı etnik təmizləmənin əyani sübutu

Əsrlər boyu soyqırım siyasəti total ideoloji təcavüzlə, türk və azərbaycanlılara (müsəlmanlara) qarşı, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhu yüksək olan oğullarına qarşı terrorla müşayiət olunmuşdur.

 Bildiyimiz kimi son iki əsrdə Cənubi Qafqazda Azərbaycanlı Türk müsəlmanlarına qarşı məqsədyönlü şəkildə həyata keçirilən soyqırımı siyasəti nəticəsində xalqımız xüsusilə müsəlman toplumu ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Belə ki, XIX əsrin əvvəllərində Çar Rusiyası (Azərbaycanın bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra) qədim Azərbaycan ərazisində müsəlman və türklərin yaşadığı ərazilərdə bufer zona yaratmaq məqsədilə “Erməni dövləti” qurmaq planını həyata keçirməyə başlamışdır. Bu məqsədlə İran və Türkiyədən Azərbaycan ərazilərinə 300000 mindən artıq erməni milləti köçürülmüşdür. Bu insanlar İrəvan, Naxçıvan, Dağlıq Qarabağ, Zəngəzur, Mehri, Qafan, Ordubad, Gəncə və digər ərazilərdə yerləşdirilmişdir. Çar Rusiyanın hərbi-siyasi dairələrinə söykənərək ermənilər indiki “Ermənistan” dövlətinin qurulması üçün siyasi partiyalar, partiyaların ideyasını həyata keçirmək üçün hərbi birləşmələrin yaratmağa başladılar. 1880-1890-cı illərdə yaradılan “Armenikan” “Hınçaq” və “Daşnaqsütyun” partiyaları “Böyük Ermənistan” şüarı irəli sürüb, bu planın reallaşması üçün Anadolu türklərinə və Azərbaycan türklərinə qarşı nifrət və düşmənçilik təbliğatına başladılar. Hələ mən kiçik uşaq idim, Ağdamda yaşlı nənələr danışardılar ki, ermənilər 1905-ci ildə, müsəlman qadınlarının belinə qaynar samovar bağlayıb və körpə uşaqları süngüdən keçirmişlər. Dağlıq Qarabağ ərazilərində həmin dövri xarakterizə edən çoxlu bina və qala divarları var idi. Hiss olunurdu ki, həmin dağıdılmış kəndlərdə azəri türkləri yaşayırmış. Yaşayış məntəqələrindən heç bir əsər əlamət qalmamamışdır. Yaşadığım bir hadisəni paylaşmaq istəyirəm. Bildiyimiz kimi, analar ağlayan körpələrinin səsini kəsmək üçün bəzən xoxu gəlib səni yeyər deyir. Biz isə kiçik yaşlarımızda elə bilirdik ki,  xoxu cin və ya hansısa vəhşi heyvandır. Biz bir dəfə Bakının Montin qəsəbəsində 1985-ci ya da 1986-cı illərdə xoxu sözünü işlətdik, bunu eşidən qonşu ermənilərin necə hala düşdüyünü gözlərimlə gördüm. Bizdən soruşdular ki, xoxu nədir? Cavab verdik ki, vəhşi heyvan, yaxud cindir. Bu zaman başa düşdülər ki, biz məsələnin mahiyyəti bilmirik. Həqiqətən biz bilmirdik ki, xoxu sözü erməni dilində oğlan deməkdir. Artıq 1992-ci ildə Xocalı hadisəsi baş verəndə və onların ölü meyitlərin üzərində etdikləri vəhşilikləri gördükdə artıq anladıq ki, hər bir erməni iki əsr ərzində havadarlarının köməyi ilə biz müsəlman azəri türklərinə, insanlığa sığışmayan vəhşiliyi rəva görüblər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə saat 12-də erməni hərbi birləşmələri Xankəndində olan keçmiş SSRİ 366-cı motoatıcı polkunun ağır texnikası və şəxsi heyətinin köməkliyi sayəsində Xocalı səhərinin dinc, əliyalın, silahsız sakinlərinə qarşı bəşəriyyətdə heç vaxt olmamış, əsl erməni dəsti-xətti ilə insanlığa qarşı misli görünməmiş vəhşilik törətdilər. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Həmin gün Xocalı alovlanırdı. Körpələrin səsi və insan iniltisi göylərə qalxırdı. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlı müsəlmanının meyiti gətirilmişdir. Onlarca meyitin üzərində dərisi soyulmuş, gözü çıxarılmış, başı kəsilmiş və ilaxır təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuşdur. Müəyyən edilmişdir ki, 70 nəfər küt alətlə qətlə yetirilmişdir.

Həmin hadisə vaxtı, hətta diri adamların baş dərisinin soyulması faktı da hüquq müdafiəçiləri tərəfindən öz təsdiqini tapmışdır. İnsanlar amansızlıqla öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, burun və qulaqları kəsilmiş, hamilə qadınların qarınları deşik-deşik edilmişdir. Beləliklə Rusiyanın hərbi-siyasi dairələrinin himayədarlığı nəticəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlığa qarşı edilən vəhşilik nəticəsində 613 adam öldürülüb, 63-ü uşaq, 106-sı qadın, 70 nəfər yaşlı, 8 ailə isə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq isə həmin gecə bir valideynlərindən məhrum olub. 487 adam yaralanıb, onlardan 76-sı uşaq, 1275 nəfər insan erməni cəlladlarına əsir düşmüşdür. Azərbaycan iki hissəyə bölünəndən bizim məşəqqətlərimiz başlamış, iki əsr ərzində müsəlman azərbaycanlıların 2 mln. nəfəri erməni hərbi birləşmələri, quldur dəstələri tərəfindən qətlə yetirilmişdir.

Son iki əsrdə erməni millətçiləri və onların havadarları 1813-cü ildən ta 1992-ci il Xocalı faciəsinə qədər Azərbaycanlı müsəlman və türklərlə qarşı törədilən qətlamlardan hər birimiz ibrət almalıyıq. Tariximizi ən yüksək səviyyədə bilməli və tədqiq etməli, tariximizin qaranlıq səhifələrin öyrənməli, hər bir azərbaycanlı yaşayış yerindən asılı olmayaraq bu soyqırım siyasətlərini dünyaya olduğu kimi çatdırmalıdır. Xalqımızın elə bir ailəsi olmaz ki, zaman-zaman erməni millətçilərinin və havadarlarının məkrli siyasətinin qurbanı olmasın. Toplum olaraq üzərimizə düşən tarixi missiyanı yerinə yetirməliyik.

 Xocalı faciəsi son 4-5 ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur. Bu mərasimlərin keçirilməsinin və hazırlanmasında Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə” kitab və bukletlərin hazırlanıb paylanışı təqdirə layiqdir. Təklif edirəm ki, 1813-cü ildən, Azərbaycan bölünəndən ta 1992-ci il Xocalı faciəsinə qədər şəhidlər xiyabanında, yaxud şəhərin istənilən yerlərində 1905-1907, 1915-ci ildə, 1918-1920-ci illər ərzində, 1937-ci illərdə xalqımıza qarşı törədilən bu soyqırımı kompleksi hazırlamaq və ölkəmizə gələn xarici insanlar bütün səyahət edənlər iki əsrdə azərbaycanlı müsəlman türklərinə qarşı zaman-zaman edilmiş vəhşiliyin canlı sübutlarla şahidi olarlar. Şükürlər olsun iki əsrdən sonra yəni 1992-ci ildən sonra Azərbaycanın müstəqilliyi və ən əsası ordu quruculuğunda çox uğurla həyata keçirilən islahatlar və uğurlar bizim ən böyük milli sərvətimizdir. Gəlin tariximizdən ibrət alaq ən əsası dövlətimizi və ordumuzu canımızdan və malımızdan artıq sevək.

Allah xalqımızı saf və dövlətimizi güclü etsin! Amin.

Tecox component by www.teglo.info