İlham SOVQATOV / QARABAĞDA "GÖZÜ YAŞLI" MƏSCİDLƏR

Çap

Yazan redaktor 08.09.14 08:44

Share

   20 ildən çoxdur ki, Qarabağ həsrəti bizim ürəyimizdəki nisgilimizi artırır, yaramızı qanadır. Doğulan günəş isti şüalarını Qarabağda dağıdılmış, yerlə yeksan edilmiş məscidlərin üzərinə saçarkən biz burada titrəyirik, üşüyürük. Gecələr bədirlənən ayın işığında səhrada tənha qalmış qəriblər kimi məscidlərimiz azadlığı, ağ günü gözləyir.

   Azansız qalmış minarələrdən azan səsi əvəzinə səssiz iniltilər, hicran, həsrət nəğmələri ucalır göylərə. Boş qalmış məscidlər müsəlmanların yolunu gözləyir. İbadət eşqilə məscidə doğru addımlayan möminlərin qədəmlərini üstündə daşımaq, namazlarını, rükularını, səcdələrini görmək, dualarını, Quran tilavətlərini, təkbir sədalarını eşitmək istəyir.

   "Qarabağ işğal altındadır" acı həqiqəti ürəyimizdəki yaranı sızlada-sızlada Qarabağ məscidlərində xəyalən namazlarımızı əda edirik. Hər gün oxunan azanların sədasının Qarabağdakı məscidlərdən gəldiyini təsəvvür edib xülyamızda oradakı minarələrdən yüksələn azan səslərini mənən qəlbimizə daşıyırıq. Hər gün əlimizi göyə açıb Qarabağın azadlığı üçün etdiyimiz duamıza, mənən oradakı məscidlərin minarələri də əl açıb "amin" deyir.

   Qarabağ məscidləri haqqında yazarkən qələmim belə göz yaşını tuta bilmədiyi üçün məqaləmə "Gözü yaşlı" Məscidlər" adını verməyə məcbur oldum. Qarabağ məscidləri deyəndə ilk növbədə gözlərimizin önündə Şuşanın, Ağdamın qoşa minarəli məscidləri, eləcə də Bərdənin dörd minarəli məscidi canlanır. Şuşada Aşağı və Yuxarı Gövhər Ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindəndir. Ümumiyyətlə XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Bunlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidi, Təzə məhəllədəki məscid, Malıbəyli, Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan, Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli, Xunaşın kənd məscidləri idi. Şuşa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, Hacı Mərcanlı, Çoluçağa, Məhəlli, Çuxur, Quyuluq, Dördlər qurdu, Qapan kəndlərində də məscidlər olub. Şuşa şəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına Füzuli rayonunun mərkəzində yerləşən məscidin, Bərdə və Ağdamda olan məscidlərin, Şuşa şəhərinin bir sıra məhəllə məscidlərinin üzərində də rast gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir. Saatlı məscidi  də Şuşa şəhərində 1883-cü ildə “Saatlı” məhəlləsində tikilib. Tikildiyi məhəllənin adı ilə məşhurlaşan “Saatlı” məscidi öz хarici görünüşü ilə əvvəlki binalarından tamamilə fərqlənir.

   Şuşanın məscidləri:

   Culfalar məscidi - XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilib. Memarı Kərbəlayı

   Səfixan Qarabaği. İki mərtəbəlidir.

   Gövhərağa məscidi (Aşağı) — 1832-ci ildə Şuşada tikilib.

   Hacı Yusifli məscidi — XIX əsrdə tikilib, Şuşanın Hacı Yusifli məhəlləsiində yerləşir

   Köçərli məscidi — XIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilib

   Mamay məscidi — XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilib

   Mərdinli məscidi — XIX əsrdə Şuşanın Mərdinli məhəlləsində tikilib

   Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilib

   Seyidli məscidi — XVIII əsrdə Şuşanın Mamayı məhəlləsində tikilib

   Təzə məhəllə məscidi — XIX əsrdə Şuşanın Təzə məhəlləsində tikilib

   Xoca Mərcanlı məscidi — XVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilib

   Çöl Qala məscidi — XIX əsrdə Şuşanın Çöl Qala məhəlləsində tikilib.

   Ağdamdakı məscidlərdən Memar Kərbəlayi Səfixan Qarabağinin yadigarları olan bu məscidlər son zamanlar bir növ Qarabağın embleminə çevrilib. Tarixi baxımdan bu məscidlərin tikilməsi XIX-XX əsrin əvvələrinə təsadüf edir. Lakin Qarabağ bölgəsində elə məscidlər var ki, onlar XVIII, XVII və XVI hətta, XIII əsrin yadigarları kimi yarıuçuq vəziyyətdə olsa da, müasir dövrümüzə qədər gəlib çatıb. Onlardan biri Ağdamın Şahbulaq deyilən ərazisində Pənah xan tərəfindən 1751-1752-ci illərdə tikdirilmiş eyniadlı məsciddir.

   Ağdamın Paprəvənd kəndindəki məsciddə də plan etibarı ilə Şahbulaq məscidinin memarlıq ideyası davam olunur. Paprəvənd məscidindən fərqli olaraq Qubadlı rayonunun Dondarlı kəndindəki məscid dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. (Erməni işğalından sonrakı vəziyyəti bilinmir). Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscid də xarici görünüşü ilə Dondarlı məscidini yada salır. Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri isə Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır.

   Yuxarıda qeyd etdiyimiz və qeyd edə bilmədiyimiz məscidlərin hamısı hal-hazırda azansız, namazsız, cüməsiz, Quransız, təkbirsiz qalıb. Bunlardan bəziləri hal-hazırda yararsız halda, bəziləri yerlə-yeksan edilmişdir. Bütün bunlar damarında insaf qanı axmayan ermənilərin bəşəriyyət tarixində görülməmiş vəhşilikləri nəticəsində olmuşdur. Ümumilikdə ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında 800-dək məscid dağıdıblar.

   Allah-Təala Qarabağdakı "gözü yaşlı" məscidlərimizdə sevinc göz yaşlarımızı axıtmağı nəsib etsin!

Tecox component by www.teglo.info