Saleh ŞİRİNOV / QURTULUŞ SÜNNƏDƏDİR

Çap

Yazan redaktor 08.09.14 07:53

Share

    Müsəlman həmişə özünü hesaba çəkməlidir. Qüsurlarını görməli, onları bir daha etməməyə çalışmalıdır. Bədənin qidası olduğu kimi, ruhun da bir qidasının olduğunu dərk etməlidir. Özünə Allahın kitabını, Rəsulullahın sünnəsini rəhbər tutmalıdır. Hər dövrdə olduğu kimi, hər şeyi Quranda və Rəsulullahın sünnəsində axtarmalıdır. Bir sözlə, sünnəyə tabe olmalıdır.

    Abdullah ibn Ömər (r.a) səfərdə olanda dörd rükətli fərz namazını iki rükət qılır. Əməvilərin Xorasan valisi Umeyyə ibn Abdullah ona etiraz edir: "Beş vaxt namazla qorxu namazı Quranda var, amma səfər namazı Quranda yoxdur"- deyir. İbn Ömər (r.a) ona belə cavab verir: “Bax əzizim! Biz doğru yolu itirəndə və qafil olanda Allah-Təala bizə Muhammədi (s.ə.s) peyğəmbər göndərdi, bizə hər şeyi O öyrətdi. Dörd rükətli fərz namazları səfərdə iki rükət olaraq qılmamızı yenə Ondan öyrəndik. Biz Onda nə görmüşüksə, eyni şəkildə edirik" (Nəsai).

    Sünnə dindir

    Əshab-kiram Allahın əmrini əsas tutaraq Rəsuli-Əkrəmi (s.ə.s) özlərinə nümunə götürdülər. O, (s.ə.s) nə etdisə, eynisini etməyə çalışdılar. Onun kimi yaşamağa, Onun kimi ibadət etməyə diqqət etdilər. “Namazın fərz qılındığı ilk günlərdə Hz. Peyğəmbər (s.ə.s) əshabına təmiz ayaqqabı ilə namaz qıla biləcəklərini söyləmişdi. Bir gün namaz qılarkən Rəsulullahın (s.ə.s) ayaqqabılarını çıxarıb sol tərəfinə qoyduğunu gördülər. Səhabələr də eyni şəkildə etdilər. Namazdan sonra Allahın Rəsulu əshabından “Namazda ayaqqabınızı niyə çıxartdınız?”- deyə soruşdu. Onların cavabı hazır idi: “Sən çıxartdın, biz də çıxartdıq” dedilər. Rəsulullah (s.ə.s) onlara namazda Cəbrayıl (ə.s) gəlib, ayaqqabısında nəcasətin olduğunu xəbər vermiş,  buna görə də ayaqqabısını çıxartamışdır deyə səbəbini izah edir (Əbu Davud, Əhməd bin Hənbəl). Əshabi-kiram Rəsulullaha (s.ə.s) bu dərəcədə uyurdular. Həyatlarını sünnəyə görə nizamlayırdılar.

    Biz Alah-Təalanın “Kim Peyğəmbərə itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olur..” (Nisa 80), “..Peyğəmbər sizə nə verirsə, onu götürün..” (Həşr 7) əmrinə qulaq asıb Peyğəmbərimizin sünnəsini yaşamağa və yaşatmağa çalışmalıyıq. Rəsuli-Möhtərəmin (s.ə.s) “Sizə iki şey buraxıram. Onlara möhkəm sarıldığınız müddətcə yolunuzu çaşmarsınız. Biri Allahın kitabı, digəri Rəsulunun sünnətidir” (Malik, Muvatta) hədisini baş tacı edərək bir əlimizlə Qurana, bir əlimizlə də Rəsulullahın sünnəsinə yapışmalıyıq. Bir dəfə Abdullah ibn Ömər (r.a) qurbanıq dəvəsini çökdürərək kəsməyə hazırlaşan birini görəndə qalxıb yanına getdi. Dəvəni ayağa qaldırıb, heyvanın ayağını bağlayıb onu ayaqda kəsməsini bildirdi. Sonra da “Dəvəni bu şəkildə kəsmək, Muhammədin (s.ə.s) sünnəsidir”- dedi (Buxari, Müslim).

    Sünnəyə tabe olunmazsa

    Allah-Təala bəndələrinə İslamı təbliğ etmək üçün Rəsuli-Əkrəmini göndərdi. O da bu ilahi əmanəti əshabına çatdırdı. Nəyə və necə inanacaqlarını öyrətdi. Hər işdə onu nümunə götürsünlər deyə xatırlatdı. Əshabi-kiram dini tabeuna, tabeun da təbei-tabeuna öyrətdi. Onlar da bu elmləri həm yazaraq mühafizə etdilər, həm də nəsildən-nəsilə təlim və tərbiyə yoluyla yaşatdılar.

    Dinin sağlam şəkildə ayaqda qalması Rəsulullahdan öyrənildiyi kimi yaşamağa çalışmaqla mümkündür. Biz də bu səbəblə imanda, ibadətdə, əxlaqda Rəsulullahı özümüzə nümunə götürmək və həyatımızı sünnəyə görə şəkilləndirmək məcburiyyətindəyik. Əgər həyatımıza sünnə ilə istiqamət verməsək, şeytanın dostlarına uyarıq. Dini dinimizə, ruhu ruhumuza uymayanlar kimi yaşamağı müasirlik zənn edərik.

    Səhabələr Rəsulullahın (s.ə.s) etmədiyi və ya uyğun görmədiyi bir şeyi etməyə çalışana xəbərdarlıq edib çəkindirmişlər. Sad bin Hişam Hz. Aişəyə (r.a) gələrək evlənməyi düşünmədiyini, subay qalmaq istədiyini söyləyərək anamızın fikrini almaq istəmişdi. Möminlərin anası bu fikri xoş qarşılamadı: “Allahın Rəsulu sizin üçün gözəl bir nümunədir” ayəsini oxumadınmı sən? Rəsulullah evləndi və ailə-uşaq sahibi olmuşdur”- deyərək subaylığın yaxşı bir iş olmadığını xatırlatdı (Əhməd bin Hənbəl, Müsnəd).

    Abdullah bin Abbas (r.a) zövcəsinin qadınlara məxsus günlərində ondan ayrı yatmağı dindarlığa daha uyğun görmüşdü. Bundan xəbər tutan xalası və möminlərin anası Hz. Məymunə (r.a): “Abdullah! Yoxsa Rəsulullahın sünnəsindən üz çevirməyə başladın?”- deyə ona xəbərdarlıq etdi. Rəsuli-Əkrəmin (s.ə.s) ay halı görən xanımı ilə eyni yataqda yatdığını söylədi (Buxari, Əhməd bin Hənbəl).

    Demək ki, insan bir mövzuda sünnəni bilməzsə və ya günümüzdə özünü dini nüfuzlu şəxs zənn edən bəziləri kimi sünnəni diqqətə almazsa, nə qədər alim də olsa Peyğəmbərin əməlinə tərs düşə bilər. Bizim Rəsulullahdan öyrəndiyimiz bir adətimiz vardır; "bir məsələ haqqında doğru hökm vermək üçün əvvəlcə Qurana baxılır, əgər Quranda yoxdursa, Rəsulullahın sünnəsinə baxılır. Orda da yoxdursa, səlahiyyətli alimlər yenə Quran və sünnənin işığında ictihad edərlər". Zəmanə nə qədər dəyişirsə-dəyişsin, bu qayda dəyişməz. Müsəlman Hz. Peyğəmbərə (s.ə.s) təslim olandır. İnsanın dünyada və axirətdə qurtuluşu buna bağlıdır. 

Tecox component by www.teglo.info