MÜSAHİBƏ / Dr. Ahmet Hamdi YILDIRIM

Çap

Yazan redaktor 12.06.14 07:00

Share

     Ahmet Hamdi Yıldırım kimdir?

     Dr. Ahmet Hamdi Yıldırım 1971-ci ildə İstanbulda doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra “Hayırseverler” Quran kursunda hafizlik etmişdir. 

     1985-ci ildə başqa Quran kursa daxil olmuşdur. 1990-94-cü illərdə Misir Şəriət və Qanun fakültəsi İslam şəriəti, Hənəfi məzhəbi şöbəsində tədris almış və oradan məzun olmuşdur. 1994-cü ildə Türkiyəyə qayıdan Dr. A. H. Yıldırım Sakarya Universitetinin İlahiyyat fakültəsində İslam Hüququ üzrə maqistr təhsilinə başlamışdır. 1997-ci ildə “İslam Hüququnda Məhbusun İnsani Haqları” adlı elmi işini müdafiə edərək magistraturanı bitirmişdir. 2004-cü ildə Marmara Universitetinin İlahiyyat Fakültəsində İslam Hüququ fənni üzrə “İslam Hüququnda Xəstə Haqları” çalışması ilə doktor ünvanını almışdır. 1994-cü ildən bəri 20 ildir ki, Aziz Mahmud Hudayi Vəqfinin Elmi Araşdırmalar Mərkəzində həm xidmət göstərir, həm də elmi çalışmalarını davam etdirir. Ailəlidir, üç övladı var.

     - Bildiyimiz kimi, namaz dinimizdə önəmli yer tutur. Bir cəmiyyət üçün namaz nə qədər əhəmiyyət kəsb edir?

     - Hz. Peyğəmbərimiz (s.ə.s) namazı dinin dirəyi olaraq tərif edir. Bundan əlavə din cəmiyyət üçün nə qədər əhəmiyyətlidirsə, onun ayrılmaz parçası olan namaz da çox əhəmiyyət daşıyır. Namazın olmadığı cəmiyyətdə birlik, bərabərlik, hüzur və əmin-amanlıq olmaz. Çünki Allah-Təala Qurani-Kərimdə: “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər” (Ənkəbut, 45)- deyə buyurur. Demək ki, cəmiyyətin rifaha qovuşması, cinayətdən uzaq, hüzurun, sakitliyin və əmin-amanlığın olması üçün namaz vacibdir. Namaz qılan bir cəmiyyət çirkinliyin, pis əməllərin və günahların olmadığı bir cəmiyyətdir. Ancaq namazın da namaz kimi qılınması lazımdır. Bu gün həm namaz qılıb, həm də -Allah qorusun- pis əməllərlə məşğul olanlara baxaraq, bu necə namazdır deyib namazı tənqid etmək qeyri-mümkündür. Belə namaz Quranda bəhs olunan namaz deyil.

     İslam cəmiyyəti namaza görə formalaşan bir cəmiyyətdir. Bizim şəhər memarlığımızda şəhərin mərkəzində, qəlbində məscid vardır. Məscidin ətrafında şəhər salınır və yenə əcdadımızdan gördüyümüzə görə, məktəb, mədrəsə, kitabxana, xəstəxana, bazar kimi mədəniyyətin ayrılmaz ünsürləri daima məscidin ətrafında inşa edilirdi. Hz. Ömər (r.ə) Kufə şəhərinin planını çəkərkən mərkəzə məscidi qoymuş və məscidlə paralel kəsişən küçələr hazırlamışdır. Deməli, namaz və namazın əda edildiyi məscidlər bizim üçün həyatın bir parçasıdır, cəmiyyətin ayrılmaz hissəsidir. Namazın, məscidin olmadığı cəmiyyətdə əmin-amanlığın, asayişin hakim olması qeyri-mümkündür.

     - Yeri gəlmişkən, bəhs etdiyiniz cəmiyyətin formalaşması üçün cammatla namazın əhəmiyyəti nə dərəcədədir? 

     - Dinimiz namazı camaatla qılmağı əmr edir. Namazı camaatla qılmaq üç məzhəbə görə fərz, Hənəfi məzhəbinə görə isə fərzə yaxın sünnədir. Və fiqh metodologiyası kitablarımıza baxdığımız zaman “Ədayi-kamil” deyə namazın camaatla qılınması qeyd edilir. Camaatla qılınmayan namaz naqis, əskik hesab edilir. Bundan əlavə, namazın kamil mənada olması ancaq camaatla mümkündür. Əgər məscidə gedə bilmiriksə, məktəbdə, iş yerində, bazarda, evdə mütləq camaatla qılmağa səy göstərmək lazımdır. Çünki bu din camaatla, toplu şəkildə yaşanan bir dindir. Cəmiyyətin dinə olan ehtiyacı dinin cəmiyyətə olan ehtiyacından daha çoxdur. Digər bir xüsus, həftədə bir dəfə qıldığımız cümə namazıdır. Cümə namazı müsəlman birliyinin ayrılmaz hissəsidir. Həftədə bir dəfə xalqın problemlərinin müzakirə edildiyi bir namazdır. Bu baxımdan da namaz cəmiyyət üçün sığorta hökmündədir. Məscid də həmçinin elədir. Məscidi və namazı olmayan bir cəmiyyətin sığortası yoxdur deməkdir.

     - Namazlarımızın Peyğəmbərimizin namazına oxşaması üçün hansı xüsuslara diqqət etməliyik?

     - Önəmli məsələdir. Peyğəmbərimiz (s.ə.s): “Mən necə namaz qılıramsa, siz də elə namaz qılın”,- deyə buyurur. Demək ki, Peyğəmbərimiz (s.ə.s) bizdən namazlarımızı onun namazına oxşatmağımızı istəyir. Bu oşxama sadəcə şəkildən ibarət olmamalıdır. Eyni zamanda ehtiva yönündən də Peyğəmbərimizin namazına oxşatmaq lazımdır. Burada əsas şeyi unutmamaq lazımdır ki, bir müsəlman Peyğəmbərimiz kimi nə zaman namaz qıla bilər? Həyatını onun həyatına görə tənzim edəndən sonra o namazın dadını, ləzzətini, o namazın verəcəyi həzzini axtarar. Yəni tələm-tələsik, diqqətsizcə əda edilən bir namazdan xüşu və hüzur gözlənilməz. Peyğəmbərimiz: “Gözümün nuru namazdır” - deyə buyurmuşdur. Yəni “həyatda dad aldığım, həzz aldığım, məni rahatladan şey namazdır” buyurur. Və yenə canı sıxılanda namaza tələsdiyini görürük. Səhabələr rəvayət edirlər ki, Peyğəmbərimiz (s.ə.s) sıxılanda namaza durardı. Niyə? Çünki namaz dünya təlaşından sıyrılma və axirət həyatı ilə həmhal olma halıdır. Buna görə də Peyğəmbərimizin namazına çatmaq üçün Quranla həmhal olmaq lazımdır. Hz. Aişənin (r.a) dediyi kimi, Onun əxlaqı Qurandı. Ayrıca həyatı namaza görə nizamlamaq lazımdır.

     - Bəziləri namazla bağlı sırf zahiri hökmlərə ciddi riayət edir və işin batinini unudur. Bəziləri isə “əsas olan Allahın hüzuruna durmaqdır” deyib namazla bağlı fiqhi hökmlərə laqeyd yanaşır. Bir müsəlmanın bu xüsusda bağlı qalacağı ölçü necə olmalıdır?

     - Bizim zahirdə də, batində də rəhbərimiz Peyğəmbərimizdir (s.ə.s). Bundan əlavə, O bizə nəyi əmr etmişsə, bu zahirdir, bu batindir fərq qoymadan yerinə yetirməliyik. Bir dəfə səhabələrdən biri gəlib namaz qılır. Onun namazı Peyğəmbərimizin diqqətindən yayınmır və onun zahirdəki əskik əməllərini göstərərək namazı yenidən qılmasını tapşırır. Çünki zahir batinin güzgüsüdür. Daxili xarab olanın çölü də xarabdır. Bir adamın daxili pisdirsə, zahiri də pisdir. Zahiri yaxşıdırsa, daxili də yaxşıdır. Siz bir nəfərin xüşu və hüzur ilə namaz qılıb-qılmadığını onun zahiri namaz qılınışından başa düşərsiniz. Müfəssir Mövdudi deyir: “Fiqh namazda dəstəmazı incələyər. Qibləyə dönüb-dönməməyinə baxar. Ancaq sənin daxili aləminin Allaha dönüb-dönmədiyinə təsəvvüf baxar”. Namazdan sonra biz əllərimizi qaldırıb Allaha dua edirik: “Ya Rəbbi, bu namazı axirətdə köhnə əski kimi üzümüzə çırpma”. Bəlkə zahirən dəstəmazı almışıq, paltarımızda bir pislik yoxdur, ancaq qəlbimiz xarab ola bilər. Bundan əlavə, namazın zahiri şərtləri mükəmməl yerinə yetiriləcək, həm də batini şərtləri dediyimiz qəlb tamamilə Allaha yönələcək, başqa şeyləri qəlbdən keçirmədən, Allahın hüzurunda olduğumuzun fərqinə vararaq qılınan namaz namaz olar və bu namaz insanı hər cür pis əməllərdən çəkindirər.

     - İnsanların həyat tərzinin dəyişməsi ilə namaza olan diqqət də azaldı. Nədənsə insanlar işlərinin çoxluğunu dilə gətirərək namaza vaxt qalmadığını deyirlər. Bəllidir ki, namaz ağır gəlir. Bir müsəlman namazın ağır gəlməməsi üçün nələrə diqqət etməlidir? Yaxud da onun həyatında namazın ayrılmaz bir hissəyə çevrilməsinə hansı yollarla nail olmalıdır?

     - Əvvəlcə, bir müsəlman dünyaya nə üçün gəldiyinin şüurunda olmalıdır. Yəni kəlmeyi-şəhadətdə “əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və rəsuluhu”- deyirik. Yəni Peyğəmbərimizin ilk vəsfi “əbduhu”dur. O, ilk olaraq Allahın quludur. Rəsul olmaq ikinci gələn xüsusiyyətidir. Biz bu kainata Allahın qulu olaraq gəlmişik. Allahın bəndəsi olaraq bu kainatda varıq. Buna görə də bir kölənin, bir qulun boynuna düşən ağasının rizasına nail olmaqdır. Nə etsəm, Allah məndən razı olar? Allah məndən nə istəyir? - deyə buna diqqət etməliyik. Biz təəssüf ki, cildi dağılmış kitab kimiyik. Xoşbəxtlik Allaha qul olmaqdadır. Allaha qul olmaq deyincə bəziləri “mən azadam” deyə qiyamət qoparmasın. Anadolunun məşhur müfəssiri Elmalılı Hamdi deyir: “Kamali-hürriyyət kamali-ubudiyyətlə mümkündür”. Yəni bir adam heç kimin qulu olmadan tam azad olmaq istəyirsə, Allaha qul olacaq. Yoxsa bir qadının, malın, sərvətin, məqamın köləsi olacaqdır. Qul ola-ola gedəcəkdir. Amma azadə olmaq istəyirsə, onda Allaha qul olacaq. Allahın rizasını əldə etmək üçün səy göstərəcək. Onun rizası yanında hər şeyin rizası yox hökmündədir. Bir müsəlman dünyada varlıq səbəbini, Allaha qul olmağı dərk edibsə, məsələ həll edilmişdir. Onun başqa bir şeylə məşğul olmasına ehtiyac yoxdur. İbn Xaldun deyirdi: “Siyasət insanların axirət həyatlarını qurtarmaq üçün dünya həyatlarını tənzim etməsidir”. Bizim ən başlıca məqsədimiz Allahın rizasıdır. “Mən belə etsəm, ziyana düşərəm”- deyə qorxmaq lazım deyil. Əlbəttə, dünyada ziyana düşərsən, ancaq axirətdə kar əldə edərsən. Amma dünyada kar əldə etmiş kimi, axirətdə ziyana düşərsən.

     Bəzən təəssüflər olsun ki, cahillik səbəbilə deyirlər ki, biz elm cihadı edirik. Bəs namaz? Allah namaz üçün hər şeyi əmr edir. Sənin namazın olmadıqdan sonra sənin cihadının nə qiyməti var? Tarixdə bir hadisə rəvayət edilir. Hz. Ömər bir ordu göndərir, ancaq silahlar gecikir. Hz. Ömər də “Niyə silahlar gecikir?” deyə soruşanda komandir cavab verir: “Silahlar nə isə, əsgərlərin misvakı qurtarıb. Sünnəni yaşaya bilmirlər”. Dərhal silah yerinə misvak sövq edilir. Nəyə görə? Önəmli olan sənin Peyğəmbərimizin sünnəsini yaşaya bilməndir. Onun sünnəsini, onun dinini yaşatmadıqdan sonra ərazi fəth etməyin, torpaq genişləndirməyin nə qiyməti var? Hər halımız Allaha ibadət və Allahın rizasına görə formalaşmalıdır. Belə olsa, namaz insana rahat gələr və namazdan ayrılmaq istəmərik.

     - “Maun” surəsində “Vay o namaz qılanların halına” deyə buyurulur. Bir müsəlman bu ayədə bəhs olan “namaz qılanlar”dan olmaması üçün nələrə diqqət etməlidir?

     - Namaz həqiqi mənada namaz olacaq. Allah-Təala namazla bağlı “iqamətus-saləh” deyə buyurur. Ədais-saləh demir. Namazı iqamə etmək lazımdır. Yəni sən namazı qılacaqsan, namaz səni qiyama qaldıracaq. Namaz sənə ruh, kamillik verəcək. Əsnəyərək, tələm-tələsik qılınan, min cür fikirlərin zehindən keçdiyi bir namaz məqbul bir namaz deyil. Yoxsa qıldığımız namaz insanın əleyhinə bir vəbal olacaq. Çünki sən padşahın hüzuruna çıxmasan, niyə padşahın hüzuruna çıxmadın deməzlər. Ancaq padşahın hüzuruna çıxıb orada tərbiyəsizlik etsən onun hesabını səndən soruşarlar. Əlbəttə, buradan namaz qılmasaq da olar kimi bir məna çıxarmamaq lazımdır.

     Biz həqiqi mənada namaz qıla bilirikmi? Qıla bilmirik. Ancaq Allaha dua edirik ki, Ya Rəbbi, bu gün şəklən qıldığımız namazı bir gün həqiqətən də bizə qıldır. Bu gün şəklini əda edə bilirik, sabah ruhunu da əda etməyi bizə nəsib et və bizi həqiqi namaz qılanlardan et. Gəlin, söhbətimizin İbrahim peyğəmbərin duası ilə bitirək: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!” (İbrahim, 40).

     - Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk.

     - Mən də təşəkkür edirəm, Allah razı olsun!

Tecox component by www.teglo.info