Eldar KƏRİMOV / KİŞİLƏRİN KİTABI YOX (SA)?

Çap

20.11.13 07:37 ərzində olan dəyişikliklər Yazan redaktor 13.11.13 07:38

Share

      Son zamanlarda fərqli düşüncə insanlarının kitablarının dilimizə tərcümə olunmasıyla bərabər insanlar arasında maraqlı fikirlərin sayı da artıb. Bu fəaliyyətləri daha da yüksək qiymətləndirmək olar, ancaq bəzi əmmaları olmasa. Dünyada illər öncə öz sözünü demiş bu fikir insanları indi də bizim oxucularımızın fikirini qarışdırır. Nəzərə alsaq ki, bizimkilər illərdir monoton fikirlərin daşıyıcısı və təbliğçisi olub, onda fərqli düşüncələrin onlara necə mənfi təsir edəcəyini rahatlıqla deyə bilərik. 

     Təbii ki mən bunları kitab oxuyan həmvətənlərimizi nəzərə alıb deyirəm, yoxsa kitabdan uzaq qalanların fərqli düşüncə adamları və onların düşüncələri ilə nə əlaqəsi var. Onların olsa-olsa ən fərqli düşüncələri pul qazanmaq üçün başqalarını necə aldada bilərik düşüncəsi ola bilər. Necə deyərlər, çox kitab oxuyandan deyil, bir kitab oxuyandan qorx. Nə yazıq ki, bizim cəmiyyətimizdə heç bir kitab oxumayanlar da var. Kitab oxumaq gözəldir amma öz həyatını hər kitabda yazılana uyğunlaşdırmaq bir az ağılsızlıqdır. Hər kitabın öz oxucusu olduğu kimi hər fikrin də öz yaşayıcısı vardır. Bunları qarışdırmamaq lazımdır. Əslində cəmiyyətimizdəki insanların kitab oxuyub-oxumaması mənim problemim deyil. Ancaq məni narahat edən bir məsələ var ki, o da əqidəsi düzgün formalaşmayan insanlara əqidəsizliyi təlqin edən kitabların olmasıdır. İlk səhifədən onun tilsiminə düşən biçarə oxucu kitabın sonunda illərlə doğru qəbul edib inandıqlarının üstündən birdəfəlik xətt çəkir. Bu qədər girişdən sonra mənə elə gəlir ki, əsas məsələyə toxuna bilərik.

     Elə sözü çox uzatmadan keçək mövzumuzun əsas qəhramanına. Bxaqvan Şri Racniş, məşhur adıyla desək Oşo. Onu da qeyd edim ki, Oşodan yazmaq təsadüfi bir mövzu deyil. Belə ki, artıq bir neçə aydır ki, söhbətləşdiyin insanların tez-tez Oşodan strat gətirdiklərinin şahidi oluram və dəfələrlə onlara izah etməyə çalışıram ki, hər oxuduğunuzu düzgün qəbul etmək məcburiyyətində deyilsiniz. Onlar o insanı elə bir şəkildə anlayıb, təbliğ edirlər ki, xəbəri olmayan elə bilər ki, bu dünyanın qurtarıcısı elə məhz Oşonun fikirləridir. -Bir reallığı da qəbul etmək lazımdır ki, maraqlı bir müəllifin maraqsız yazıları da insanları maraqlandıra bilir.- Onun haqqında məlumatı olmayanlar üçün qeyd edim ki, bu adam böyük hind filosofu və sadəcə düşüncə insanıdır. O, öz yaşadığı bölgədə insanlara fərqli olduğunu və fərqli düşündüyünü sübut edə bilmişdi. Çünki onun ətrafındaki insanlar da bu günkü bizim yaşadığımız dünyanı yaşayır və bizim kimi düşünürdülər. Onlar da Allahın son dini olan İslamdan uzaq, son Peyğəmbərin yaşam tərzindən xəbərsiz idilər. Ortalığı qarışdıran da elə Oşonun yaxın keçmişdə azərbaycanlı oxuçulara qazandırılan “Kişilərin kitabı” (The Book of Man) adlı əsəridir. Müəllifin fərqli ölkələrdə “İnsanın qurtuluşu” mövzusunada olan çıxışlarından toplanmış materiallar əsasında hazırlanan kitab, insana bu həyatda sadəcə özü olmağı və bunun üçün də bütün sevgilərdən öncə özünü sevməyi məsləhət bilir. Kitabda yer alan fikirlərin əsas qayəsi insanın daxilindəki eqonu inkişaf etdirməklə yanaşı ümumi bir eqoizmin təbliğindən ibarətdir. Həyatın boyu xöşbəxt olmaq istəyirsənsə ata-ana sevgisindən uzaq yaşamağı, özün yüksəlmək istəyirsənsə ətrafındakı insanlara qarşı mərhəmətsiz davranışları sərgiləməyi gözə almalısan. Bunlar hamısı deyil, sadəcə dəryadan bir damladır. Kitab haqqında bu kimi misalların sayını artırmaq olar.  Ancaq bu qədərlə kifayətlənirəm. Hesab edirəm ki, zehinlərdə kitab haqqında ilkin fikirlərin formalaşması üçün bunlarla yetinmək olar.

     Əslində mən günahı nə Oşoda, nə də Oşonun oxucusunda görürəm. Bura qədər hər şey normaldır. Normal olmayan bizim öz köklərimizdən uzaqlaşmağımızdır. Nə qədər ki, dinimizdən imanımızdan uzaq qalacağıq o qədər də bu kimi insanlar bizim gözümüzdə əlçatmaz və dərk edilməz olacaqdır. Oşonun və onun kimilərin dediklərini deyil, bizi yaradan Allahın müqəddəs kitabımız Qurani-Kərimidə bizlərə bildirdiklərini əsas götürmək və onunla qucaq-qucağa yaşamaq daha yaxşı deyilmi? Sadəcə özünü deyil bütün məxluqatı sevmək daha məntiqli olmazdımı?

     Son olaraq onu deyə bilərəm ki,  kitabdakı bütün fikirləri bizim bəzi oxuçularımıza bu şəkildə özətləmək olardı; “Bəli, özün olmağa çalışmaq lazımdı. Bu zaman nə başqasına paxıllıq edərsən, nə həsəd apararsan, nə narazı olarsan, nə də narahat qalarsan. Əgər öz həyətində yaşıllıq arzulayırsansa bunu çox asan yolla gerçəkləşdirmək mümkündür. Niyə ömrünü başqasının həyətinə boylanmaqla keçirəsən? Öz həyətində yaşıllaşdırma apar. Yoxsa hamının bağı, bağçası sənə daha gözəl görünəcək həmişə. Sən qibtə hissindən qurtulmayacaqsan və həmişə özünü bədbəxt hiss edəcəksən.”

     Oşonun dediyi kimi: “Özün ol! Səni kimsə çaşdırmasın!

Tecox component by www.teglo.info