Alpay ƏHMƏDOV/ MİSİR ÇEVRİLİŞİNİN FƏSADLARI

Çap

11.09.13 14:19 ərzində olan dəyişikliklər Yazan redaktor 11.09.13 10:28

Share

İnqilab fenomeninə əsrlər boyu müxtəlif yanaşmalar olmuşdur. İnqilaba müsbət yanaşanlar adətən XXI əsrdə Serbiya, Gürcüstan və Ukraynada baş verən rejim dəyişiklikləri nəticəsində sözügedən ölkələrdə gedən inkişafa aparan islahatları, hər şeydən öncə, demokratik seçki hüququnun xalqa verilməsini misal çəkir, bunu hətta demokratiyanın 4-cü dalğası kimi xarakterizə edirlər.

 Məsələyə mənfi yanaşanlar üçünsə inqilab ilk növbədə yaranmış böhranın sonucda insan itikisi və dağıntlarla müşayiət olunan vətəndaş müharibəsinə (Suriya nümunəsi) çevrilməsi deməkdir.

Əslində Misirdə son aylarda baş verən hadisələr klassik inqilab və əks-inqilab paradiqmasından kənara çıxmır. Söhbət inqilabın əks-inqilabla nəticələnməsindən gedir. Hərçənd ki, bu ölkədə baş verənləri inqilab, kütləvi xalq etirazları kimi qiymətləndirənlər də var.

Prezident Məhəmməd Mursinin hərbi elita tərəfindən devrilərək ev dustağı edilməsini inqilab kimi dəyərləndirənlər hesab edirlər ki, buna qədər milyonlarla insan ölkənin müxtəlif şəhərlərində aylarla etiraz nümayişləri keçirmiş, Mursinin istefasını tələb etmiş, hətta istefa ilə bağlı qırx milyondan çox adamın imzasını toplamışlar, buna səbəb isə “Müsəlman Qardaşlarının” cəmi bir illik hakimiyyəti dövründə iqtisadi vəziyyətin daha da pisləşməsi, işsizlərin sayının kəskin şəkildə artması və guya şəriət rejimini tətbiq edən bir konstitusiyanın qəbul edilməsi olmuşdur.

Hadisələri əks inqilab, dövlət çevrilişi kimi dəyərləndirənlər isə hesab edirlər ki, Məhəmməd Mursi demokratik seçki yolu ilə hakimiyyətə gəlmiş legitim dövlət başçısıdır, bir il ərzində hər hansı bir uğursuzluq isə onun istefası üçün şərt və tələb ola bilməz. Üstəlik, dünyəvi rejim tərəfdarlarının və hərbçilərin narazı qaldığı, şəriətin bəzi prinsiplərini özündə əks etdirən yeni konstitusiya referendum yolu ilə qəbul edilmişdir. “Müsəlman qardaşları” tərəfdarları həm də Mursinin son ana qədər kompromislərə, ən son məqamda müxalifət qüvvələrinin də təmsil olunacağı geniş tərkibli koalisiya hökumətinə belə razı olduğunu vurğulayaraq, bu cür şərtlər daxilində Mursinin devrilməsinə etiraz edirlər.

Radikal proseslərə qıraqdan soyuq başla şərh vermək bəzən sadəlövh görünə bilər. Amma məsələ burasındadır ki, hadisələrin daha da kəskin, qanlı mərhələyə daxil olmaması üçün məhz soyuq başlar tələb olunur.

Faktlar, təəssüf ki, başqa şeyləri deyir: artıq qan tökülüb, mütəmadi olaraq insan itkiləri ilə müşayiət olunan vətəndaş qarşıdurmasının şahidi olmaqdayıq, - hakimiyyət çevrilişindən bu yana ölənlərin sayı artıq yüzə yaxınlaşmışdır. Ən dəhşətlisi isə Misirdə dərin və kəskin ziddiyyətli siyasi qütbləşmə baş vermişdir. Bir tərəfdə “Müsəlman qardaşları” tərəfdaşları olan milyonlarla insan, o biri tərəfdə isə təxminən o sayda olan dünyəviçilik tərəfdarları və onlara dəstək olan hərbi elita. (Bu yerdə Misir əsilli ilahiyatçı alim Yusif Qardavinin sözləri yerinə düşür: “Ey 40 ilə yaxın Mübarəkin istibdad rejiminə dözən misirlilər, nədən cəmi bir il hakimiyyətdə olan Mursinin hakimiyyətinə dözmək istəmirsiniz?)

Məntiqi olaraq sual meydana çıxır, - hadisələrin bu həddə gəlib çıxmasında hansı tərəf daha çox məsuliyyət daşıyır? Sözsüz ki, bu və ya digər dərəcədə rəqib tərəflərin proseslərdə məsuliyyət yükü var. Amma nəzərə alsaq ki, dünyada demokratik qaydalar böhranların həll edilməsi üzrə daha məqbul sayılır, - bunu zatən təcrübə də göstərir, - hərbçilərin faktiki olaraq həyata keçirdiyi dövlət çevrilişinə heç cür haqq qazandırmaq mümkün deyildir. Söhbət kortəbii şəkildə “Müsəlman qardaşlarının” siyasətinə haqq qazandırmaqdan getmir. Söhbət elə özlərini demokratik dünyanın tərəfdarları hesab edən dövlətlərin digər ölkələrdən tələb etdikləri qanunların tətbiqindən gedir. Demokratik dünya isə ənənəvi olaraq bu dəfə də ali ideyalardan yox, geosiyasi maraqlardan çıxış etdi.

Hələ ki, hərbi xuntanın dəstəyinə əsaslanan rejim tələm-tələsik “Müsəlman Qardaşlarına” bağlı olan “Ədalət və Azadlıq” partiyasının təmsilçiləri olan nazirləri istefaya göndərməklə, tərəfdaşlarını isə kütləvi şəkildə həbs etməklə məşğuldur. Hətta iş o yerə gəlib çıxmışdır ki, hərbi çevrilişə dəstək verən sələfi “Nur” partiyası belə  əhaliyə son çağırışlarında hakimiyyət qüvvələrini vətəndaş müharibəsinin baş verməməsi üçün müsəlman qardaşları ilə real nəticələri olacaq dialoqa getməyə çağırır.

Hadisələrin inkişaf dinamikası ilə bağlı isə bunları söyləmək olar. Təbii ki, sözün tam mənasında proseslərin müsbət məcrada davam edəcəyini söyləmək sadəlövhlük olardı. Misir üçün nisbətən məqbul olan variant hərbçilərin “taxta oturtduğu” Adli Mənsur hökumətinin ölkənin 50 faizindən çoxunun səs verdiyi “Müsəlman Qardaşlarının” təmsil olunduğu aparıcı siyasətçilər ilə kompromisə gedib siyasi böhrandan çıxmaqdır. Hətta belə olacağı halda tam stabilliyə nail olmaq uzun müddətli danışıqlar prosesini tələb edəcəkdir. Ən pis halda isə ölkə daha ciddi fəsadlarla müşayiət olunacaq vətəndaş qarşıdurmasına sürüklənəcək. Təəssüf ki, Adli Mənsurun son bəyanatlarında hədə-qorxu elementlərini eşitməkdəyik.

Unutmaq olmaz ki, keçən əsrin 90-cı illərində Əlcəzairdə onillərlə davam edən və yüz mindən çox insanın həyatına son qoyan vətəndaş müharibəsinin səbəbi də demokratik seçkilər yolla hakimiyyətə gəlmiş islamçıları tanımayan hərbi xuntanın seçkinin nəticələrini ləğv etməsi olmuşdu.

Unutmaq olmaz ki, Misir geosiyasi baxımdan həssas bölgədə yerləşir. Bu ölkədə İslamın mötədil formada belə siyasiləşməsindən qorxan supergüclər və regional dövlətlər yaxın perspektivdə daha təhlükəli vəziyyətlə üzləşə bilərlər. 80 milyonluq əhalinin yaşadığı nəhəng bir ölkə üzərində nəzarətin zəifləməsi nəticəsində Qərbin qorxduğu radikal islamçıların yaradacaqları təhlükənin yanında Müsəlman Qardaşları, loru dildə desək, toya getməli olacaqlar. Bəlli olduğu kimi, artıq Sina yarımadasında son zamanlar ordu ilə sələfi döyüşçülər arasında döyüşlər şiddətlənməkdədir. Bu isə sonucda İsrail-Fələstin münaqişəsinin daha da dərinləşməsi deməkdir.

Tecox component by www.teglo.info