Anar Qurbanov / Sual Cavab

Çap

Yazan redaktor 06.05.13 05:25

Share

 

Sual: Xına, saç boyası, dırnaq lakı və dodaq pomadası kimi kosmetik vasitələr          dəstəmaz və qüslə əngəl təşkil edirmi?

Cavab: Xınadan sonra üzvdə qalan sadəcə olaraq rəngdir. Xına suyun dəri və ya dırnaqla təmas etməsinə əngəl təşkil etmir. Məhz bu səbəbdən xına qoymaq dəstəmaza əngəl deyil.

Burada istifadə olunan boyanın mahiyyəti mühüm əhəmiyyət kəsb edir. Boya saçın dərisi üzərində qat əmələ gətirir və suyun dəriyə nüfuz etməsinə mane olarsa, dəstəmaz və qüslə də mane olar. Çünki dəstəmazda dəstəmaz üzvləri, qüsldə də bütün bədən heç bir quru yer qalmayacaq şəkildə yuyulmalıdır.

Dəstəmaz və qüsldə əsas olan suyun yuyulmalı olan üzvlərə təmas etməsidir. Suyun təmasına əngəl olan hər şey dəstəmaz və qüslə də manedir. Dırnaq lakı və dodaq pomadası suyun dırnaq və dodaqla təmas etməsinə mane olduğu üçün həm dəstəmaza, həm də qüslə əngəl təşkil edir. Dırnaq lakı və dodaq pomadası kimi dərinin üzərində qat əmələ gətirən kosmetik vasitələrdən istifadə edənlər dəstəmaz və qüsldan əvvəl bunları aradan qaldırmalıdırlar.

Burada belə bir ümumi qayda qoymaq olar: Suyun dəriyə təmas etməsinə mane olan bütün maddələr dəstəmaz və qüslə əngəl təşkil edir. Odur ki, bütün kosmetik vasitələr qeyd edilən ümumi qaydaya görə dəyərləndirilməlidir.

 

Sual: Qadınlardan gələn bəyaz axıntı dəstəmazı pozarmı?

Cavab: Fiqh mənbələrimizdə ön və arxadan çıxan hər şeyin dəstəmazı pozduğu qeyd olunur. Ancaq bunun bəzi istisnaları olduğu inkaredilməzdir. Bəyaz axıntı da bunlardan biridir. Qadının ön tərəfində görülən islaqlığa mənbələrimizdə “rütubətül-fərc” deyilir və o, tər ilə məzi arası bir “bəyaz axıntı” kimi tərif edilir. 

İslam alimləri qadının cinsi orqanının dərinliklərindən (məsələn rəhmindən) gələn axıntının nəcis olduğunda həmfikirdirlər. Cinsi orqandan çıxan və dərinlərdən gəlməyən islaqlıq isə alimlərin əksəriyyətinə görə təmizdir. Daim soruşulan axıntı da, məhz bu axıntıdır. İmam Əbu Yusif və İmam Məhəmmədə görə isə, bəyaz axıntı tamamilə nəcisdir. Çünki nəcasət yerindən çıxır, lakin əksəriyyət təmiz olduğu rəyini mənimsəmişdir.

Odur ki, alimlərin əksəriyyətinə görə, qadınların cinsi orqanından gələn – dərinlərdən  gəlməməsi şərtilə bəyaz axıntı təmizdir. Bədəndən çıxan təmiz şeylər dəstəmazı pozmadığına görə bu axıntı da dəstəmazı pozmur. Bu, eynilə bədəndən çıxan tər, burun suyu, göz yaşı, tüpürcək kimi digər təmiz olan şeylərdən sayılır. Ancaq bu bəyaz axıntının dərinlərdən, yəni şəhvətlə gəlib-gəlmədiyi düzgün müəyyən edilməlidir, o cümlədən iltihablı olub-olmadığına diqqət edilməlidir. Əgər ehtiras nəticəsində gəlmişsə, yaxud iltihablı olarsa, pisdir və dəstəmazı pozar. Bu, bəzən qoxusundan və rəngindən aydın olur. Əgər aydınlaşdırmaq mümkün olmaz və şübhəli qalarsa, zərurət olduğu üçün həkimə müraciət etmək məqsədəuyğundur. Axıntı ilə bağlı bir nəticəyə gələ bilməyən və şübhəyə düşən qadınlar vəsvəsə qurbanı olmamaq və bu məsələni çıxılmaz bir vəziyyətə gətirməmək üçün, axıntının təmiz olduğuna qərar verib ibadətlərinə davam edə bilərlər. Çünki dinimiz asanlıq dinidir. Vəsvəsə isə insanın əsas düşməni olan şeytanın ən böyük silahlarından biridir. Axıntının nəcis ola biləcəyini düşünən qadınlar hər namaz üçün dəstəmaz alma imkanları varsa, vəsvəsəyə yol verməmək şərtilə İmam Məhəmməd və İmam Əbu Yusif kimi iki böyük imamın fikirlərinə əsasən bu həssasiyyətlərini mühafizə etməyə səy göstərməlidirlər. Ehtiyata müvafiq olan da, məhz budur.

 

Sual: Qüslda saçları açmaq və qulaq dəliyini yumaq vacibdirmi?

Cavab: Qadının saçları hörülmüşsə və açmaq çox çətin olacaqsa, suyun saçın diblərinə dəyməsi kifayətdir. Qadına məşəqqətli olduğu üçün hörüklərini açmasına ehtiyac yoxdur. Ancaq saç hörüklər ucbatından su saçın diblərinə çatmazsa, hörüklər mütləq açılmalıdır. Əgər qadının saçları hörülməmişsə, saçların hər tərəfinə suyun dəyməsi fərzdir. Kişilərə gəlincə, onların saçları hörülmüş olsa belə, mütləq açılıb yuyulmalıdır. Çünki uzun saç qadının zinəti və fitrətindəndir. Kişi üçün isə saç nə zinət, nə də fitrətindəndir. Şafei məzhəbinin rəyi də, məhz belədir.

Qadının başında yara kimi bir üzr olarsa və başını yumaq ona zərər verərsə, başını sadəcə olaraq məsh etməsi kifayətdir.

Tənə qulaqdan çıxarıldıqdan sonra, su qulaqdakı tənə dəliyinə dəyməlidir. Ancaq suyu dəliyin üstünə tökmək və əllə yüngül ovmaq kifayətdir. Belə olan halda, çöp və ya iynə soxmağa ehtiyac yoxdur. Çünki belə etmək məşəqqət hesab olunur. Suyun dəyib-dəyməməsində isə zənni-qalibə, yəni qəlbin gətirdiyi qənaətə etibar edilir. Qulaq dəliyi tutularsa, yuyulmasına ehtiyac yoxdur.

 

Sual: Namazda Qurani-kərimi kitabdan oxumaq olarmı, namazı batil edərmi? Məsələn, bir kimsə namazda uzun-uzadı Qurani-kərim tilavət etmək istəsə bunu edə bilərmi?

Cavab: Əvvəlcə bu mövzu ilə bağlı məzhəb alimlərinin fikirlərini qeyd etmək məqsədəuyğundur. Belə ki, Şafei və Hənbəli məzhəblərinə görə, həm fərz, həm də nafilə namazlarda qiraəti (Qurani-kərim tilavətini) müshəfdən (Quran kitabından) və ya surə və ayələrin yazıldığı bir yerə baxaraq oxumaq olar (caizdir). Malikilərə görə, fərz namazlarda məkruh, nafilə namazların başlanğıcında oxumaq caizdir. Əbu Hənifəyə görə, müshəfə baxaraq oxumaq namazı batil edər. Lakin onun tələbələri olan Əbu Yusif və Məhəmmədə görə, əhli-kitaba oxşamaq məqsədi daşıyırsa məkruh olar.

            Qeyd edək ki, bu mövzu ilə bağlı məzhəblərarası ixtilafların səbəbləri və dəlilləri vardır. Belə ki, caizdir deyənlər əshabələr və tabeun dövründə belə namaz qılanlar olduğuna istinad etmişlər. Caiz olmadığını söyləyənlər isə, namazda başqa bir işlə çox məşğul olmağın namazı batil edəcəyi prinsipindən çıxış etmişlər.

            Nəticə etibarilə, çox məşğul olmadan kitabdan oxuyacaq şəkildə əvvəlcədən tədbir alınar və oxunacaq qisim müvafiq yerə yerləşdirilərsə və ya divara əks olunarsa, namazda bu kimi şeylərə baxaraq Qurani-kərim oxumaq caiz olar.

 

Tecox component by www.teglo.info