TÜRKİYƏYƏ SON ZİYARƏT/Solmaz Cəfər ÖZKUL

Çap

04.05.13 07:18 ərzində olan dəyişikliklər Yazan redaktor 04.05.13 05:11

Share

  1990-cı illərdə Sovet imperiyasının buxovlarından xilas olduqdan sonra Azərbaycan cəmiyyətini aydınlatmağa gələn, İslamın nurunu Qafqaz dağlarının ətəklərinə, uçulmuş məscid minarələrinə, İslamdan uzaq qalan insanlara çatdırmaq istəyən könül insanları olmuşdur. Bu insanların gəlişiylə yüzlərlə, hətta minlərlə insan kimi Dr. Əfəndi Cəfərov da mənəvi qidasını almışdı. O, eyni zamanda bu niyyətlə gələnlərə hər zaman könül qapılarını taybatay açmış, bağçasındakı özəl müayinəxanasını Şəkidə ilk dəfə məsciddən əlavə qızlar üçün Quran kursuna vəqf etmişdi. Bu gün də həmin kurs sədəqeyi-cariyə olaraq varlığını davam etdirir.

Həkim olmaqla bərabər ədəbiyyatçı ruha sahib olan Dr. Əfəndi Cəfərov incə qələmindən çıxan yazılarıyla Hz. Peyğəmbərin sevgisindən, mənəvi tərbiyəsindən dərs alıb vəcdə gələrək yazdığı şeirləri hər qəlbə sonsuz sevgi və zövqlə xitab edirdi.

Gözəl insan olması, həssas və zərif qəlb daşıması və həkimliyi ilə tanınan, eyni zamanda mükəmməl ailə başçısı, uşaqlarına İslamı sevdirən şəfqətli ata idi.

Həkim olmağın verdiyi həyəcan və məsuliyyət duyğuları ilə ömrü boyu insanlara xidmət etməyi özü üçün düstura çevirmişdi. İslamla dərindən tanış olduqdan sonra xəstələrini yalnız maddi cəhətdən deyil, mənən və ruhən də müalicə etməyi borc bilən, onların sağlam düşüncəyə sahib ola bilmələri üçün əlindən gələni əsirgəməyən, sağalmayacaq xəstələrini belə ruhən sağaltmağa çalışan bir həkimdi. Əsla bu xidmətindən usanmazdı. Hər hərəkətində İslam əxlaqını və Rəbbinə qarşı qibtə olunacaq dərəcədə təqvasını görmək mümkün idi…

Xidmətlərinin başında ən çox diqqət etdiyi xüsus insanlara İslamı sevdirmək, doğru bildiyi və hədsiz dərəcədə üzərinə titrədiyi Haqq yolundan əsla dönməməsi idi. İnsanı başqa aləmə aparan, düşündürücü, zərif və rəqiq ruhla yazmış olduğu şeirləri, məqalələri eyni zamanda “Maddə və Kainatın Yaradılışı” adlı kitabını və yarımçıq qalan yazılarını ailəsinə, yoldaşına, dostlarına və sevənlərinə miras qoyaraq aramızdan ayrıldı. O, 2012-ci ilin oktyabr ayında Haqqın dərgahına qovuşdu…

Yaxalandığı amansız xəstəliyi səbəbilə dörd ay müalicə aldığı Ankara özəl xəstəxanasında yaşadığı bütün acılara sinə gərərək imanına bağlı qalması, süni nəfəs aparatı vasitəsilə həyatda qalma mücadiləsi verərkən, danışa bilmədiyi halda gözlərindən qeyri-ixtiyari olaraq süzülən yaşlar əslində insana çox şeydən xəbər verirdi…

Vəfatından bir həftə əvvəl onu ziyarətə gələn sevdiklərinə və ailəsinə yatağının yanındakı kağız-qələmi işarə edərək özünə verilməsini arzu etdi. Böyük çətinliklə yazdığı son cümləsi həddən artıq mənalı və ibrətamiz oldu:

“Ölmədən əvvəl mənə ölümün hər acısını yaşatdığı üçün Rəbbimə şükürlər olsun… Ölmək istəyirsən, amma ölə bilmirsən… Ölüm düşündüyümüzdən qat-qat şiddətli və acı imiş… Rəbbimə şükürlər olsun!..”

Haqqa bağlılığı, Rəsulullaha sevgisi, sanki qəlb dünyasına zühur edən xəbərdarlıqla yaxın zamanlarda Haqqa qovuşacağını hiss edərək qələmə aldığı “İstanbul Poeması” Allah üçün dostluq etdiyi hər kəsə “Vida Poeması” idi. Bu poemada dostlarını, hətta yalnız əl uzadıb görüşdüyü insanları belə unutmamış və onlara son borcunu təşəkkür mahiyyətində bu poemada əda etmişdi.

Ömrünün son anlarını Türkiyədə yaşaması və gördüyü bütün dostlarıyla halallaşıb orada vəfat etməsi Dr. Əfəndi Cəfərovun Allah üçün dost seçməkdə nə qədər sadiq olduğuna və 63 yaşında vəfat etməsi nə qədər vəfakar olduğuna işarə idi…

   

Tecox component by www.teglo.info