Home


Redaktordan

Əziz Oxucu!

İnfaq və paylaşma duyğularına sahib İslam mədəniyyətinin özünəxas keyfiyyətlərindən biri də bu mədəniyyətdə vəqf anlayışının olmasıdır. Yaradandan ötrü yaradılmışlara şəfqət və mərhəmətin müəssisələşmiş halı olan vəqf xeyriyyəçi müsəlmanların cəmiyyətdəki qəlbiqırıqları təsəllisi, ehtiyac içində qıvrananlara qucaq açmasıdır. İslam tarixinin elə bir dövrü yoxdur ki, yardımlaşma və xeyriyyəçilik ənənəsinin bariz nümunəsi olan vəqflərdən xali olsun. Allaha həqiqi mənada qul olanlar məxluqata Rəhman sifəti ilə baxmağı bacaran, bütün insanlığı, heyvanatı və nəbatatı sevgi ağuşuna almağı bacaranlardır. Jurnalımızın bu sayını əcdadımızdan infaq nümunələri verərək vəqf mədəniyyətimizə həsr etdik.

Bu sayımızda “Mədəniyyətimizin vəqf abidəsi” haqda oxuduqca müsəlman cəmiyyətin məxluqata nə qədər həssas duyğularla qanad gərdiyini görəcəksiniz. “Mərhəmət olmasaydı” məqaləsi ilə dünyanı ayaqda tutan insani keyfiyyətlərə toxunduq. “Vəqfçilik tarixi” mədəniyyətimiz qədər qədim olan vəqflərin yaranmasından bu günə qədər keçdiyi ömür yolu ilə tanış olacaqsınız. Yoxsul və kimsəsizə xərclənən hər bir qəpiyin böyük mükafatları cəlb edən “Allah yolunda infaq” olduğunu bir daha xatırlatmaq istədik. “Xeyriyyəçilik ənənəsi” Azrəbaycanın xeyirxah xanımlarından bəhs edir. “Vəqf mədəniyyətimizdən nümunələr” başlıqlı yazıda ötən əsrin əvvəllərində Bakıda və Gəncədə qurulan xeyriyyə cəmiyyətlərindən söz açılır. Həmçinin ölkəmizin dilbər guşəsi olan Şəki bölgəsinə xas xeyriyyəçilik ənənəsini eyniadlı məqalədən oxuyacaqsınız. Vəqflərdən söz açmışkən qardaş Türkiyədə qurulan Aziz Mahmud Hüdayi Vəqfinin əməkdaşı Serdar Eryılmazla müsahibəmiz oldu.  Yardımlaşma duyğusunun önəmi və son illər ərzində vəqf fəaliyyətləri haqda geniş söhbət etdik. Həmçinin bu sayımızda “Ruzimizi artıran səbəblər”in başlıcaları ilə tanış olacaq, valideynə ehtiramın, qohumlara qol-qanad gərməyin və paylaşmağın nə qədər mühüm olduğunu oxuyacaqsınız. Möhtərəm könül insanı Osman Nuri Topbaşın qələmindən könüllərə işlənən Haqq dostlarından hikmətlər silsiləsi davam edir. Bu ay Mövlanadan hikmətlər könül dünyanızı aydınladacaq.

Sözü çox uzatmadan sizi “İrfan”la baş-başa qoyuruq.

27.10.17 13:02 ərzində olan dəyişikliklər | Yazan Administrator 21.06.12 09:44