Vətənpərvərliyin Əxlaqi Əsasları / Elsəvər SƏMƏDOV

      Share

      Vətən bir millətin üzərində yaşadığı, boya-başa çatdığı torpaq deməkdir. Lakin vətən  sadəcə müəyyən ərazini, torpaq sahəsini ifadə etməkdən daha geniş mənalar  kəsb edir.

       Beləki vətən, üzərində yaşayan insanlarla möhkəm bağları olan, incə duyğuların paylaşıldığı, mehriban  münasibətlərin davamlı izlərini özündə qoruyan torpaq parçasıdır. Hər bir insan üçün üstündə yaşadığı, gəzib dolaşdığı, anam deyib sarıldığı torpaq vətəndir. Vətən eyni zamanda  üzərində doğulub böyüyən, Allahın bəxş etdiyi ömürü axarı ilə yaşayıb, sonrada dünya ilə vidalaşan insan üçün bir yaşam mənbəyi, ana qucağı və bir sevgi çeşməsidir.

      Bir millətin üzərində yaşadığı torpaq onun vətənidir, heç şübhəsiz. Lakin eyni   millət həmin torpağın üzərində yaşamaya bilər. Bu əslində heç bir şeyi dəyişdirmir. Çünki,övlad harada olursa olsun, ana onun üçün müqəddəsdir. Millətlərin vətənlərindən sürülməsi, məcburi didərgin salınması tarixdən bizə məlumdur. Bu zülümlərə düçar olan millətlərin bütövlüyünü qoruyan əsas amillərdən biri aradan qalxmış olur. Lakin, milləti  millət kimi formalaşdıran, digər amillər (məsələn dil, din) qüvvətli olarsa, onda vətən torpağının əldən çıxmasına baxmayaraq, milləti yaşatmağa  bir səbəb olar.

      Bizlər də, tarixin axarı içərisində bir çox zülümlərə məruz qalaraq, torpaqlarımızı, maddi və mənəvi dəyərlərimizin bir hissəsini itirmişik. Buna baxmayaraq yenə də özümüzdə güc tapıb, mövcud olmağa çalışmışıq.

      Həyat, mübarizə meydanıdır. Vətən uğrunda çarpışmağa, döyüşməyə və yeri gələndə qan  töküb, şəhid olmağada hazır olmalıyıq. Çünki, vətən bizlərə Allahın bəxş etdiyi ən qiymətli nemətidir. Bizlər üçün bir əmanətdir. Onu qorumasaq, "Bizimdir" deyib uğrunda ölməsək əmanətə xəyanət etmiş olarıq. Eyni zamanda unutmamalıyıq ki, vətən bizə dədə-babalarmızın, mərd igidlərimizin   və qəhrəman el oğullarımızın canı və qanı bahasına göz-bəbəyi kimi qoruduğu və bizə ötürdüyü mirasdır. Bizlər vətənmizə sahib çıxmalıyıq, sevməliyik və gələcək nəsillərə bu qiymətsiz mirası çatdırmalıyıq. Bu bizim keçmişimiz, gələcəyimiz və daha önəmlisi bu cənnət vətəni bizə bəxş edən Allah qarşısındaki müqəddəs borcumuzdur.

      Bu duyğuları, ülvi hisləri biz ilk öncə özümüzə, sonrada gələcək nəsillərə aşılamalıyıq. Gənc nəsili vətənpərvər, millətinə, xalqına və dövlətinə bağlı bir vətəndaş kimi yetişdirmək bizlərin vətən qarşısındaki borcumuzdur. Məlumdur ki, bu duyğu və hisləri in-sanda aşılamaq təlim tərbiyənin və təhsilin işidir. Təlim-tərbiyə prosesi, yetişən nəsilin dəyərlərini, yetişməkdə olan nəsilə çatdırması və aşılanması prosesidir. Dəyərlər dedikdə, millət sevgisi, vətənin müqəddəsliyi, milli mədəniyyəti, millətin düşüncəsi və milli şüuru, millətin dili,dini, adət-ənənəsi və s. nəzərdə tuturuq. Əlbəttə ki, saydığımız bu dəyərləri öyrənmə-öyrətmə, təlim-tərbiyə prosesidir. Bu proses isə ilk öncə ailədən sonra təhsil ocaqlarından və bizi əhatə edən ətraf mühütdən başlayır. Ona görə də, valdeyinlərin, tərbiyəçilərin, müəllimlərin və ətrafımızdaki insanların  üzərinə olduqca mühüm vəzifələr düşür.

      Çünki, igid və qəhraman oğulları analar dünyaya gətirir və yetişdirir. Ata  nəfəsi və himayəsi isə övladı daha  cəsur və daha da yenilməz edir. Təhsil ocaqlarında isə, fərd daha da  püxtələşərək tam bir vətənə layiqli, intelekt səviyyəsi yüksək,  üfüqü geniş,  vətənpərvər  vətəndaş kimi formalaşır

      Bu təlim-tərbiyə prosesində, vətənin bölünməzliyi və "vətən" sevgisi devizi altında duyğu və hislərin aşılanması lazımdır.

      Vətən birliyi,bərabərliyi, bütünlüyü özündə cəmləşdirən dərin bir məfhumdur. Birlikdə, bütünlükdə məqsəd eyni zamanda millətin birliyi, bərabərliyi və bütövlüyüdür. Çünki, vətənin parçalanması, bölünməsi, millətin parçalanmasıdır. Vətən dediyimiz, dərin mənaları özündə daşıyan bu məfhum, əlbətdə ki, sevgi yağmuru ilə sulanmalıdır.Çünki, bu sevgi yağmuru vətəni  qüvvətli, güclü və basılmaz edər. Sevgi yağmurundan məqsəd, bizlərin vətənə qarşı sevgisi və bağlılığıdır. Bu sevgini, bağlılığı sözdə deyil, hərəkət və davranışlarda göstərməliyik.

      Gəncliyimizin mənəvi dünyasına həmişə diqqət və qayğı göstərilməlidir. Gənclərmizə vətən sevgisi, vətənpərvərlik hissi, millətə, xalqa sədaqət duyğusu, milli və dini dəyərlərmizə sahib çıxmaq məsuliyyəti qazandırmaq  kimi mühüm məsələlər dövlətmizin  gənçlər siyasətinin əsasını təşkil etməli və müxtəlif qurumların bu sahədə fəaliyyətləri daha da genişləndirilməlidir. Son zamanlar, bu istiqamətdə bir çox işlər görülmüşdür. Bu istiqamətdə hətta, geri belə qalmışıq deyə bilərik.

      Əlbətdə, bu istiqamətdə dövlət və qeyri dövlət təşkilatlarının bərabər fəaliyyəti labüddür.  Ona görədə, gələcəyin təminatı baxımından, bu məsələlər dövlət siyasətində önəmli yer tutmalıdır. Tədbirlər həyata keçirilməsə, bu günün və gələcəyin gəncliyi ciddi təhlükədədir. Çünki, cəmiyyətdəki bu boşluğu görən düşmənlər, bunları doldurmağa çalışacaqlar. Gəncliyin zehninə, vətən sevgisi, millət sevgisi, milli  və mənəvi duyğular yerinə öz mənfur  siyasətini yeridəcəklər. Belə yad təsirlərə məruz qalan gənçlikdən isə vətənə, millətə və dövlətə vətəndaş ola bilməz.

      • Hits: 926 clicks

      Tecox component by www.teglo.info