Reportaj / "Xocalı Soyqırımı Tanitma" İctimai birliyinin sədri Şamil Sabiroğlu :"GECƏ SAAT 11-DƏ ARTIQ ŞƏHƏRİ ALOV BÜRÜMÜŞDÜ".

    PDF faylını alÇapE-poçt

      Share

       

      İrfan: İlk növbədə özünüz haqda qısa məlumat verərdiniz mümkünsə?

      Şamil Sabiroğlu: 1965-ci ildə Salyan şəhərində dünyaya gəlmişəm. Ali təhsilli jurnalistəm. Əmək fəaliyyətimə Səhər qəzetinin müxbiri kimi başlamışam. Xocalı soyqırımı haqqında Azərbaycan mətbuatına ilk məlumat verən jurnalistəm. Müdafiə Nazirliyinin Azərbaycan Ordusu qəzetində müxbir, şöbə müdiri, daha sonra Veteran qəzetinin baş redaktoru işləmişəm. Hazırda Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin sədri, o cümlədən Ana Harayı qəzetinin baş redaktoruyam. İki kitabım işıq üzü görüb. İlk kitabım belə adlanır: “Onu eldən soruşun”. “Bir kışın vahşeti: Hocalı” adlı ikinci kitabım Ankarada nəşr olunub. Üçüncü kitabım çapa hazırlanır. Adı belə olacaq: “Qəhrəman şəhər”. Tərəqqi medalına layiq görülmüşəm. Müharibə veteranıyam.

       

      İrfan: Qeyd etdiyiniz kimi müharibə veteranısınız. Necə oldu ki, bu prosesdə iştirak etdiniz? Qarabağ müharibəsindən danışın bir az zəhmət olmasa.

      Şamil Sabiroğlu: 1988-89-cu illərdə Ermənistanın Azərbaycana təcavüzü hələ yeni-yeni başlayarkən mən çox gənc idim, 21 yaşım vardı. Komsomolun Mərkəzi Komitəsi hələ fəaliyyət göstərirdi. Laçında “Qayğı” qəsəbəsinin salındığı haqda xəbər aldım. Ermənistan Gorus rayonundan Xankəndinə tunel yolu çəkmək istəyirdi. Bunun qarşısını almaq üçün belə bir qəsəbə salınırdı. Başqa çıxış yolu yox idi, hələ Sovet hakimiyyətinin tərkibində idik. Mən də könüllü olaraq 1989-cu ildə Laçına getdim. 8 aya yaxın Laçında qaldıq. Böyük işlər görüldü. 43 mənzilli bina tikilirdi. Həm tikinti işləri ilə məşğul olur, həm də camaatı müdafiə etməyə çalışırdıq. 20 Yanvar faciəsi baş verəndə Bakıya yeni gəlmişdim. 20 Yanvar faciəsinin iştirakçısı oldum. 1990-cı ilin mart ayında Xocalıya şəhər statusu verilməsi ilə bağlı söhbətlər gedirdi. Burada da abadlıq işləri və islahatlar üçün könüllülər cəlb olunurdu. Mənim Laçındakı xidmətlərimi bildikləri üçün 23 nəfərdən ibarət olan bu komandaya rəhbər təyin etdilər. Qısa müddət ərzində şəhər camaatına qaynayıb-qarışdım. İlk böyük tədbiri 1990-ci ilin may ayının 28-də məktəblilərlə birlikdə Xocalı şəhər stadionunda keçirdik. Hələ onda müstəqil deyildik, amma biz 28 May bayramını qeyd edirdik. Daha sonra isə həmin tədbiri keçirdiyimiz məktəblilərin çoxu Xocalı soyqırımı zamanı həlak oldu.

      Mən artıq Xocalıya bağlandım. Sadəcə abadlıq işlərində deyil, bütün işlərdə fəallıq göstərməyə başladım. İlk dəfə mənim təşəbbüsümlə, sonra yoldaşlarımızın təklifi ilə Xocalıda ilk beşmərtəbəli bina tikildi. Təəssüflər olsun ki, Xocalı faciəsi yaşanarkən həmin bina da, 150 nəfərlik tam təchizatlı xəstəxana da digər tikililər kimi ermənilərə qaldı. Dəfələrlə məsələ qaldırmışdıq ki, bizi silahlandırın, amma imkan vermirdilər. Biz ov tüfəngləri ilə müdafiə olunurduq. Ermənilərsə silahlanmışdılar. Yol gedib-gəlmək imkansız idi. Avtobusları daşa basırdılar, dağlıq yollarda pusqu quraraq sürücünü vururdular ki, müvazinətini itirib avtobusu aşırsın. Bilirdik ki, hakimiyyət bizim silahlanmağımıza imkan vermir, amma əl altından silahlanmaq lazım idi. Deyirdim ki, üç binanın yerinə iki bina tikilsin, artıq qalan pulla silahlanaq. Qulaq asan yox idi.

      İrfan: Hadisələrin daha da kəskinləşdiyi dövrdə siz nə ilə məşğul idiniz?

      Şamil Sabiroğlu: Həm Səhər qəzetinin müxbiri kimi fəaliyyət göstərirdim, həm də könüllü müdafiə dəstəsinin tərkibində xidmət edirdim. İnandırım sizi, camaat xətrimi o qədər istəyirdi ki, məni gözətçi məntəqələrinə getməyə qoymurdular. Qonaq olduğumu tez-tez dilə gətirib mənə mane olmağa çalışsalar da, ən çətin əməliyyatlara getməyə cana atırdım. Xocalının tabur komandiri vardı rəhmətlik Tofiq Hüseynov, Azərbaycanın milli qəhrəmanı. Onunla birlikdə çox əməliyyatlarda iştirak etmişik. Heyif ki, bütün zəhmətlərimiz hədər getdi. Dəfələrlə Xocalının işğal olunacağını bildirsək də, o vaxt lazımi tədbirlər görülmədi.

      İrfan: Xocalı işğal olunan gün orada idiniz?

      Şamil Sabiroğlu: Yox. Həmin gün mən Xocalının yaxınlığında olsam da, dörd-beş gün idi ki, şəhərə girə bilmirdik. Hələ 1991-ci ilin noyabr ayının 1-dən ermənilər Ağdamdan Əsgərana, oradan da Xocalıya gedən yolu beton dirəklərlə bağlamışdılar. Şuşa tərəfdən də, buradan da yollar bağlı idi. Biz yalnız hava nəqliyyatından istifadə edirdik. Bir də ara yollar vardı ki, orda da ermənilər pusqu qurmuşdular, gəlib-gedəni tuturdular. Lakin bəzən yol boş olurdu. Biz bir az silah-sursat və köməklə gəlib Xocalıya keçmək üçün yol axtarırdıq. Fevralın 21-dən 25-nə qədər dəfələrlə cəhd etsək də, planımızı həyata keçirə bilmədik. Məqsədimiz mühasirədə qalan əhalini, heç olmasa qadınları, körpələri, yaşlıları Xocalıdan çıxarmaq idi. Amma buna imkan vermirdilər. Rusiyanın da bu işdə barmağı vardı. Dörd aydan artıq idi ki, şəhər hər tərəfdən mühasirədə idi. Sadəcə 1992-ci il fevral ayının 13-də Xocalıya çox az miqdarda ərzaq gətirən bir hərbi vertolyot düşmüşdü. Məhz həmin vertolyotla 80-nə yaxın qadın, uşaq və qocanı oradan çxıarmışdılar. Yeganə kömək o olmuşdu. Hətta Elman Məmmədov (bu gün milli məclisin deputatıdır) şəhəri tərk etmək istəyən kişilərə icazə verməmişdi ki, biz kişilər burada qalacağıq. Yol açılmırdı ki, açılmırdı. Belə olan halda Xocalıya girmək üçün başqa yollardan istifadə etmək qərarına gəldik. Dəstəmizdəki uşaqlardan yeddi nəfər minaya düşdü. Bununla da əməliyyat pozuldu. Mən geri qayıtdaraq milli qəhrəmanımız şəhid Şirin Mirzəyevin rəhbərlik etdiyi alayda onunla birlikdə hərəkət etməyə başladım. Artıq gecə saat 11-dən sonra şəhərdən alovlar yüksəlirdi.

      İrfan: Xocalının alınacağını hiss etmişdinizmi əvvəlcədən?

      Şamil Sabiroğlu: Biz Xocalının işğal olunacağını gözləyirdik, amma bu cür dəhşətli olacağını təxmin etmirdik. Hadisələr o qədər dəhşətli idi ki, gözümüzə heç nə görsənmirdi, geri durmaq niyyətində deyildik. Bir az da irəlilədik. Ayın 26-da axşama kimi yaralıları və meyitləri daşımağa çalışdıq. Əsas yaralıları daşıyırdıq. Mən bu qədər dəhşətli mənzərə ilə qarşılaşacağımı gözləmirdim. Artıq müxbir olduğum heç yadıma da düşmürdü. Dərs dediyim uşaqları, cavanları, yaşlıları və qadınları həlak olmuş görəndə şok yaşayırdım. Axşam 6-da yüzə yaxın yaralını bölgədən uzaqlaşdırmışdıq. Təpələr dolu idi adamla. Yaralıların səsini eşidirdik. Bəzilərini ermənilər pusquya salıb tuturdular hətta. Azərbaycan dilində yaralıları çağırırdılar ki, filankəsəm, hardasınız gələk. Aldadıb tuturdular. Başım o qədər qarışmışdı ki, hər şeyi unutmuşdum. Axşam saat 6-da yadıma düşdü ki, axı mən müxbirəm, Bakıya xəbər verməliyəm. Sağ olsun Ağdam camaatı, həmin gecə onlar böyüklü-kiçikli səfərbər olub yaralıların Ağdam xəstəxanasına yerləşdirilməsində, qaçanların köçürülməsində əllərindən gələni əsirgəmədilər. Böyük xidmətləri oldu. Təkcə Allahverdi Bağırovun rəhbərlik etdiyi batalyonun döyüşçüləri yaralı, girov, meyit qarışıq 1300 nəfər Xocalı sakinini mühasirədən çıxarmışdılar. Kiçik fotoaparatım vardı. Bəzi kadrları çəkirdim onunla.

      Axşam saat 7-də Ağdamdan Bakıya zəng elədim. Saat 8-də qəzet çapa verilməli idi. Telefonu baş redaktorun müavini götürdü, dedi ki, Məzahir müəllimin başı qarışıqdı, qonaqları var. De görüm bölgədə nə baş verir. Dedim: “Hidayət müəllim, vəziyyət həddindən artıq gərgindir, Xocalı işğal olunub”. Dedi: “Sən nə danşırsan? Axı bizdə olan məlumata görə cəmi iki nəfər həlak olub, vəziyyət stabildir”. Deməli, mən məlumatda ölənlərin sayı yüzlərlədir yazmışam, bunlarda olan məlumata görə isə iki nəfər göstərilirdi. Tanıdığım adamlardan şəhid olanlar gəldi gözümün qabağına və özümdən asılı olmayaraq ağlamağa başladım. Dedim: - Hidayət müəllim, siz öz bölgə müxbirinizə inanmırsınız? Dedi ki: -Ağlama, AzərTacın məlumatını çıxarıb sənin məlumatını manşetə yerləşdiririk. Narahat olma, biz sənə inanırıq. Əlaqə saxla.

      İrfan: Bəs belə bir xəbərin yayılması hansı reaksiyanı doğurdu?

      Şamil Sabiroğlu: Düşünün ki, axşam efirdə Xocalının bizdə olması ilə bağlı xəbər səsləndirilmişdi. Ertəsi gün isə Səhər qəzetində belə bir xəbərin yayılması aləmi qatdı bir-birinə. Xəbər aldım ki, DTK nümayəndələri məni axtarırlar. Mən isə yaralıların cəbhə xəttindən daşınması ilə məşğul idim. Ayın 28-də hələ də xəbəri gizlətməyə çalışırdılar. Yadıma gəlir, DTK nümayəndələri çəkilən şəkilləri də məhv eləyirdilər. Redaksiyadan mənə zəng gəldi ki, sən şəkillər çəkmisən? Dedim: - Bəli, çəkmişəm. Dərhal göndərməyimi istədilər. Çünki artıq qəzetimizi Ali Sovetin müzakirəsinə çıxarmışdılar ki, yalan məlumata görə qəzet bağlansın. Ayın 4-də foto-lentləri Bakıya göndərdim. Ayın 5-də qəzetdə şəkillər çap olundu. 6-da isə Ayaz Mütəllibov istefaya getdi.

      İrfan: Şamil müəllim, sizi nə vadar edirdi ki, bu qədər çətinliklərə baxmayaraq qarabağ uğrunda can qoyurdunuz?

      Şamil Sabiroğlu: Allah bizə bir can verib. Necə də olsa bir gün bu canı verəcəyik. Əsas olan odur ki, həyatı şərəflə yaşayasan, ölümün də şərəfli olsun. Torpağı qorumaq hamımızın borcudur. Getməmək mümkün deyildi. Və mən bu addımı atdığıma görə özümü xoşbəxt sayıram. Amma təəssüf edirəm ki, hər şey düşündüyümüz kimi olmadı. Necə oğullarımız şəhid oldu bizim. Sadəcə olaraq o vaxt camaat düşünmürdü ki, hakimiyyət məsələyə bu qədər laqeyd qalar. Üstəlik başqa dövlətlərin də burada rolu çox oldu.  

      İrfan: Bu gün Xocalı faciəsi kifayət qədər tanınırmı dünya ictimaiyyətində? Hansı addımlar atılır bu sahədə?

      Şamil Sabiroğlu: İlk növbədə bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti yüksək qiymətləndirilməlidir. Məhz həmin fondun dəstəyi ilə xarici dövlətlərdə müəyyən tədbirlər həyata keçirilir. Bu fəaliyyətlərin  nəticəsidir ki, bu gün Pakistan, Meksika və Kolumbiya Xocalı soyqırımını rəsmi olaraq tanıyır. Bütün dünyada artıq Xocalı harayı eşidilir müəyyən qədər. Bu da aparılan siyasətin uğurundan xəbər verir.  

      İrfan: Şamil müəllim, Xocalı soyqırımını tanıtmaq məqsədilə 2012-ci ildə Almaniyada oldunuz. Nə baş verdi orada?

      Şamil Sabiroğlu: Bəli, Almaniyada olduq. Mən bir xatirəmi paylaşmaq istəyirəm. 8 yaşında Xocalıda atasını itirən Xəzangül Əmirova da bizimlə birlikdə tədbirdə iştirak edirdi. Atasını diri-diri yandırmışdılar o vaxt. Xəzangül gördüklərini danışanda zalda kim vardısa hamısı kövrəlmişdi. Onun çıxışı bizim çıxışlarımızdan daha faydalı oldu. Məhz bu hadisədən sonra Almaniya parlamenti hadisəni gündəmə gətirdi. Mən düşünürəm ki, diplomatlarımız xarici dövlətlərə gedəndə Qarabağ hadisələrinin şahidlərini də özləri ilə aparsınlar. Zənnimcə bu daha təsirli olar. Bir epizodu da paylaşım: Əslən azərbaycanlı olan, amma Almaniyada doğulan, orada böyüyən soydaşımız var, Elxan Aslanov. Heç Azərbaycan dilində yaxşı danışa da bilmir. Lakin Xocalı ilə bağlı məlumatları aldıqdan sonra son 3-4 il ərzində 305 alman məktəbində olub, Xocalı soyqırımı haqda maarifləndirmə fəaliyyəti ilə məşğul olub. Eyni zamanda Almaniyanın Təhsil Nazirliyi ilə görüşüb, hadisələri faktlarla əsaslandırıb. Nəticədə dərsliklərə bununla bağlı məlumatlar salınıb. Düşünürəm ki, bütün azərbaycanlılar, hətta Türk dünyası Xocalı soyqırımını dünyaya tanıtmaq üçün əllərindən gələni əsirgəməməlidir. Bu, bizim borcumuzdur.

      İrfan: Şamil müəllim, təşəkkür edirik ki, dəyərli vaxtınızı bizə ayırdınız. Oxucular adından da sizə minnətdarlığımızı bildiririk ki, belə bir amal uğrunda bütün gücünüzü səfərbər etmisiniz.

      Şamil Sabiroğlu: Mən də sizə təşəkkür edirəm. Jurnalınıza uğurlar arzulayıram.

       

       

       

          

      • Hits: 936 clicks

      Tecox component by www.teglo.info