Pərvanə Bayram / "ÇAYNAMƏ" MƏSNƏVİSİ

    PDF faylını alÇapE-poçt

      Share

       

      Türkdilli-türksoylu xalqların məişətində ən çox vüsət tapmış içki çaydır. Bu gün ölkəmizdə elə bir ev yoxdur ki, orada çay içilməsin. Təbii ki, çay süfrəsi ilə çay mədəniyyətinin formalaşması danılmazdır. XIX əsrdə Qarabağın tanınmış simalarından və şairlərindən olan Mir Həmzə Seyid Nigari tərəfindən yazılan “Çaynamə məsnəvisi”ndə də o dövrdə Azərbaycan xalqının örf və adəti, məişəti, süfrə mədəniyyəti haqqında ətraflı məlumat verilmişdir. Ən əsası isə bu əsərin XIX əsr təsəvvüf ədəbiyyatmızın ən önəmli nümunələrindən biri olması və bu dövrdə yaşayan məşhur sufilərlə bərabər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında da məlumat verməsidir. Əsər XIX əsrdə yazılmış məsnəvilər içində öz dolğunluğu və vermək istədiyi ideya etibariylə də önəmli yerə sahibdir. Əsərdə samovarı vəfalı aşiqə bənzədən şair onun müxtəlif hissələrinə də təsəvvüfi məzmunlar yükləmişdir. Şair ilahi eşq ilə yanıb tutuşan samovarın qaynatdığı çayı ilahi eşqin şərabına oxşadaraq bu çaydan içənlərin qəlbinə fərəh və sevinc gəldiyini poetik bir dillə ifadə edir.

      Çaynamənin təsəvvüfi cəhətdən ən önəmli bölümləri beşinci və səkkizinci bölümlərdir. Şair vermək istədiyi təsəvvüfi mesajları daha çox bu bölümlərdə verir və mənsubu olduğu Nəqşbəndilik təriqətinin tarixi liderlərindən və onların vətənlərindən, məzarlarının yerləşdiyi məkanlardan da bəhs edir.

      Beşinci bölümdə şair samovarın xüsusiyətlərindən danışır. 19 beytlik bu bölümdə şair samovarı neylə müqayisə edir. Burada şair samovara tamamən təsəvvüfi mənalar yükləyir. Bildiyimiz kimi təsəvvüfün qayəsi insani-kamilə çatmaqdır. İnsani-kamilə çatmağın əsas yolu eşqdən keçir. Bunun üçün də bu yola baş qoyanın eşq odunda yanıb bişməsi və püxtələşməsi vacibdir. Eşq oduna yanan aşiq bu yolda irəliləyərək sevdiyinə qovuşur. Buradakı əsas sevgili də ilahi sevgilidir. Çaynamə şairi samovarın vəsfinə başlarkən onun “ürək açan, insanı fərəhləndirən vəsflərindən bəhs edəcəyini ifadə edir. O, samovarın qaynadığı zaman çıxartdığı səsləri neyin inləmələrinə, başındakı uzun tütkeşi isə Mövləvi papağına oxşadır. Şair, samovarı mədh edərkən onun nə çinar nə də gülnar ağacı olmadığını vurğulayır. Bu ağaclar sufilərə görə vəhdəti və cənnəti təmsil edər, ayrıca klassik şeirdə uzun boylu  gözəl sevgiliyə də bənzədilir. Şairə görə samovar başqa gözəllər kimi bərbəzəkli, rəngarəng də deyildir. Parlaq, zərli olması onun təbii rəngidir. Samovarın çölü qızıl suyuna boyansa da, içi eşq atəşiylə yanmışdır. Şair samovarı eşq oduna yanan aşiqə, külxanını, yəni içində od yanan hissəsini müəmmalı bir dairəyə oxşadaraq od ilə su kimi iki zidd maddənin bir yerdə olmağına diqqət çəkir. Şair samovarın qaynamağını can cünbüşünə- ilahi eşq nəticəsində dərvişin  vəcdə gəlməsinə oxşadır. Samovarın qaynayan sularını dirilik suyuna, buxarını uçan quşlara, qaynadığı zaman pıqqıldayıb ətrafa saçılan su zərrələrini isə Süleyman peyğəmbərin Hüdhüd quşuna bənzədir. 

      Bu əsərdə şair samovarın timsalında bütün təsəvvüfi termin və hadisələrə, məşhur əsərlərə təlmih edir. Şair samovarın özünü bəzən Simurğ quşuna, qulplarını isə bu quşun qanadlarına, bəzən də Fars mifologiyasında məşhur olan zalım Zöhhaka, qulplarını isə Zöhhakın çiyinlərindən baş qaldıran insan beyni yeyən ilanlara oxşadır. Samovarın dəmkeşini İsa peyğəmbərin nəfəsinə, hər aldığı nəfəsi isə Həzrət Məryəmin qoxusuna oxşadaraq  ədəbiyyatımızda çox istifadə olunan Həzrət İsanın nəfəsiylə ölüləri diriltmə möcüzəsinə və onun anası Həzrət Məryəmin başına gələn hadisələrə diqqət çəkir.

      Məsnəvinin 22 beytlik yeddinci bölümündə şair çayı gözələ bənzədərək onun haqqında belə deyir: “Çay gül üzlü, könül alan bir gəlindir ki, zövq əhlinə fərəh verir. Rəngi gül, ərquvan rəngindədir, içənlərə hərarət verir, nar kimi qırmızı rəngi yaqutu xəcalətdən utandırır. Çayın üzünü sanki mərcan görmüş və onun parlaqlığı  yanında cansız olmuşdur. Çayın qırmızı rəngi qanı da qısqandırır. Çay məclisində parlaq şərab da məyusdur, tovuz quşunun qanı çayın yanında rəngsiz qalır.

      Çay şəfalıdır, vəba xəstəliyinə dərmandır. Min dərdə dəva olsa da, tiryək deyildir, əksinə, zəhəri bədəndən təmizləyir”,- deyir. “Çay Çin və Xıta ceyranıdır, Xıta müşkü, Maçin gülüdür. Şübhəsiz ki, inayət məzhəridir, kamalının vəsfləri nəhayətsizdir. Çay könül alan bir pərinin yetişdirməsidir, nəfəsi müşk qoxulu, vücudu gül ətirlidir. Çay nəfəs  ərbabı, könül əhlidir, bədəni yanıq, yanaqları gül, vücudu dağlıdır. Bu dəlili də onun aşiqliyini təsdiq edir. Çay limon ilə bir olunca başqa bir ləzzət verir.  Çayın təbi şirin, məzacı da xoşdur. Bəzən onu süd ilə də qarışdırırlar.  Əgər çay olan məclisdə qaymaq da olursa, bu nəşədən, bu keyfdən usanılmaz” kimi ifadələrdən sonra şair səkkizinci bölümə keçir.

      Əsərin əsas hissəsi və son bölümü olan on səkkizinci bölümündə şair könül əhlinin saf, kinsiz sinəsinə bənzəyən billur stəkanlardan və ya Çin naxışlı, zərli kasədən, onun  içindəki qırmızı rəngli çaydan, saxsı nəlbəkilərdən, gümüş əndamlı aya bənzəyən qaşıqlardan, çayın yanında süfrəyə gətirilən qaymaq və süddən, gözəllərin pustanlarına, dərdli aşiqlərin sarı üzünə oxşayan limonların zəmzəm suyu kimi bol, ləzzətli sularından, limon duzundan, şəkərdən, limon bıçağından, çay süzəndən, şəkəri qarışdıranda çıxan qaşıq səslərindən poetik bir dillə bəhs edir.

      Gördüyümüz kimi klassik dövrlərdə təsəvvüfi şeirlərdə ilahi eşq məfhumunu ifadə etmək üçün işlənən şərabın yerinə Seyid Nigari XIX əsrdə çayı gündəmə gətirərək bu məsnəvisində ilahi şərabın yarinə məzmunlarla yüklü çay və onunla bağlı məfhumlardan istifadə etmişdir. Bu da öz növbəsində onun şair və mütəsəvvif kimi XIX əsr Azərbaycan və ümumi olaraq Türk təsəvvüf şeirinə məhəlli qatqısını göstərir.

       

      • Hits: 1059 clicks

      Tecox component by www.teglo.info