Alpay Əhməd/Suriya faciəsinin geosiyasi aspektləri

    PDF faylını alÇapE-poçt

      Share

      2010-cu ildən etibarən Ərəb Baharı kimi artıq tarixə düşmüş siyasi kataklizmlərin fonunda Suriyada baş verən qanlı hadisələr regionda baş verən dəyişiklikləri daha çox qara rəngdə göstərir. Artıq BMT-nin rəsmi məlumatlarına görə bu ölkədə ölən insanların sayı 60 mini keçmişdir və böhranın həll edilməsi üzrə BMT və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi Lahdar Brahiminin son bəyanatına görə bu gedişlə qurbanların sayı 2013-cü ilin sonuna 150 minə çata bilər.

      Liviyaya qarşı BMT-nin 1973 saylı qətnaməsi əsasında M.Qəddafi rejiminin devrilməsindən sonra bir sıra siyasi ekspert Suriyada da analoji əməliyyatların keçirilməsinə ümid edirdi. Xarici güc mərkəzlərinin dəstəyinə arxalanan B.Əsəd rejimi çox böyük qırğınlara getsə də, hakimiyyəti nəinki tərk etmək, müxaliflərlə ciddi kompromislərə getmək arzusunda belə deyil.

      “Soyuq müharibə” bitdikdən sonra məhz bu regionda Suriya uğrunda gedən mübarizə geosiyasi ziddiyyətlərin klassik üsullarla dərinləşməsini göstərməkdədir. Məsələ burasındadır ki, məhz SSRİ-nin dağılması vaxtilə dünyanın aparıcı politoloqları arasında uzunmüddətli sülhə xidmət edəcək bir sistemin yaranacağına olan ümidləri artırmışdı.

      Suriya böhranı eyni zamanda geosiyasi güc mərkəzlərinin bir-birinə güzəştə getmək istəməməsini göstərməkdədir. Məlum olduğu kimi dünyanın yüzə yaxın ölkəsi tərəfindən legitimliyini itirmiş Dəməşq rejimi Rusiya, Çin kimi superdövlətlər və regionda müəyyən siyasi güc sahibi İran tərəfindən ciddi-cəhdlə qorunur.

      Haqlı olaraq tez-tez bu sual meydana çıxır ki, enerji ehtiyatları ilə zəngin olmayan bu ölkənin sözügedən dövlətlər tərəfindən bu səviyyədə müdafiə olunmasının səbəbi nədədir? Fikrimizcə, bu dövlətlərin hər biri iqtisadi maraqlardan daha çox orta və uzaq perspektivlərə hesalanmış geosiyasi maraqlarını qorumaq uğrunda mübarizə aparmaqdadırlar.

      Rusiyanın problemlə bağlı xarici siyasətinin inadkarcasına dəyişməz xarakter daşıması tək özünün ənənəvi müttəfiqini itirmək qorxusu ilə bağlı deyil, həm də Putinin bu məsələdə prinsipial mövqe tutması ilə bağlıdır. Məsələn, haqlı olaraq tez-tez sual verirlər: Liviyaya müdaxilə zamanı Putin dövlət başçısı olsaydı, Rusiya öz veto hüququndan istifadə edərdi, yoxsa BMT Təhlükəsizlik Şüurasının daimi üzvü kimi bitərəf kimi səs verərdi. Bu sanki ritorik səslənən suala çoxları “Rusiya sözsüz veto hüququndan istifadə edərdi” kimi cavab veirirlər.

      Məsələnin kökündə heç də çoxlarının düşündüyü kimi nə Rusiyanın Suriyaya 4 milyard dollarlıq investisiyası, nə də Tartusda yerləşən hərbi bazasını qorumaq istəyi durmur. Rusiya bəlli olduğu kimi, bir sıra xarici ölkələrdə hərbi bazaların saxlanılması məsələsində prinsipiallıq göstərmək bir yana, bəzi hallarda maliyyə çətinliyi səbəbindən öz bazalarından imtina etmək məcburiyyətindədir.

      Rusiya gözəl başa düşür ki, Suriyadakı rejim devriləcəyi halda növbəti potensial hədəf İran ola bilər. İrandakı teokratik rejimin devrilməsi isə birbaşa Rusiyanın cənub cinahının təhdid altında olması mənasına gəlir. Bu səbəbdən biz son zamanlar Moskva-Tehran məsləhətləşmələrinin intensiv xarakter almasının şahidi oluruq.

      Yeri gəlmişkən, İranın nüvə problemi ilə bağlı son bir ildə istər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, istərsə də altılıqla aparılan danışıqlar formatında rəsmi Tehranın prinsipiallıq göstərməsi də Suriyadakı proseslərlə birbaşa bağlıdır. Bu yaxınlarda İranın ali ruhani lideri A.Xamneyinin müşaviri Ə.Vilayətinin “Bizim üçün Bəşər Əsədin hakimiyyətdən devrilməsi qırmızı xəttin keçilməsi deməkdir” bəyanatı söylədiyimiz tezisin doğruluğunu sübut edir.

      Əgər Rusiya üçün Suriyadakı mümkün hakimiyyət çevrilişi onun həyati maraqlarına aid məsələdirsə, İran üçün belə bir ssenari birbaşa rejimin mövcud olmasını şübhə altına qoymuş olardı. Hal-hazırda İran dünyada yeganə ölkədir ki, Suriyaya hərbi dəstək göstərdiyini gizlətmir və rəsmi şəkildə bu ölkənin sionizmə qarşı mübarizədə vacib rol oynadığını bildirir. Təsadüfi deyil ki, B.Əsəd xalqa yanvar müraciətində İran, Rusiya və Çinə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirdi.

      Rusiya və İranla müqayisədə Çin Suriyadakı diktatura rejiminə siyasi bəyanatlar və BMT TŞ formatında dəstək versə də, birbaşa hərbi yardım siyasətinə üstünlük verir və daima böhranın ancaq danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayır. Hətta Suriyada rejim dəyişikliyi daha real xarakter alacağı təqdirdə, rəsmi Pekinin mövqeyində də ciddi korrektələrin şahidi ola bilərik.

      Məlum olduğu kimi Suriyada baş verən proseslərdən ən çox ziyan çəkən Türkiyədir. Böhran qanlı mərhələyə daxil olandan bəri rəsmi Ankara ABŞ, Fransa, Böyük Britaniya və bir sıra aparıcı ərəb dövlətləri ilə birlikdə B.Əsədi istefaya çağırır və Əhməd Müaz Əl-Xətibin başçılıq etdiyi müxalifət qüvvələri koalisiyasını xalqın legitim təmsilçisi kimi tanıyır. Türkiyə artıq elə bir siyasi mövqe tutmuşdur ki, Dəməşq rejimi ilə hər hansı bir kompromis bir yana, danışıqlara getməsi mümkün deyil.

      Türkiyə-Suriya münasibətlərinin gərginləşməsi paralel olaraq Türkiyə-İran münasibətlərinin pisləşməsi deməkdir. Rəsmi Tehran Türkiyə ərazisində rəsmi şəkildə mümkün Suriya hücumuna qarşı yerləşdirilməsi iddia olunan NATO Patriot raket əleyhinə sistemini özünə qarşı təhdid kimi qəbul edir. Hələ ki, qarşıdurma XİN-lərin verdiyi bəyanatlar və İranın hərbi elitasının yüksək rütbəli nümayəndələrinin verdiyi açıqlamalar səviyyəsindən o yana keçmir. Digər tərəfdənsə, Qərbin B.Əsəd rejimini aradan qaldırılması istiqamətində qəti addımlar atmadığından Türkiyənin durumu daha da çətinləşməkdədir.

      Təəssüflə qeyd etmək lazımdır ki, yaxın üç-altı ay ərzində Suriya böhranının həlli istiqamətində, - əgər ələvilərin təmsil olunduğu Bəəs siyasi elitasının daxilində əsaslı parçalanma baş verməzsə, - müsbət dəyişikliyə nail olunması inandırıcı görünmür. Üstəlik, ABŞ-ın ikinci dəfə prezidenti seçilmiş B.Obama administrasiyası daha çox bu məsələdə passiv mövqe tutmağa üstünlük verir. Hələ ki, Qərb və onun regiondakı müttəfiqləri birbaşa müdaxilə deyil, müxalifət qüvvələrinə hərbi dəstək verməkdən o yana getməyəcəklər. Bu isə yeni qırğıların baş verməsi mənasına gəlir.  

      • Hits: 804 clicks

      Tecox component by www.teglo.info