155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    O Gecə / Məmməd MƏMMƏDZADƏ

      Share

      Azərbaycanın mərd oğullarına, balalarına gülləni Rus İmperiyası atdı.

      Dünya bizə ağlamadı, çünki bizim Vətəndən başqa dünyamız yox idi.

      Bakıdan qaçan ermənilərə ağlayırdı Dünya – Bakıda qalanlara ağlamırdı.

      Dünya vicdanını, ləyaqətini itirmişdi.

      Dünyanın balalarımıza ağlamağa ləyaqəti çatmadı.

      Özümüz ağladıq şəhidlərimizə.

      Donmuş torpağı göz yaşlarımızla isladaraq şəhidlərimizə qəbir qazdıq.

      Xəzərdəki gəmilərin ardı-arası kəsilməyən fit səsi Bozqurdun ulartısına dönmüşdü o gecə.

      O gəcə səsimiz Qaf dağından o tərəfə keçmədi.

      O gecə səsimiz Araz sahilindəki tikanlı sərhəd məftillərinə ilişib qaldı.

      Xəzərin soyuq, bozarmış sularında boğuldu səsimiz.

      Təbrizdən, Heydərbaba dağından ucalan yanıqlı misralar güllə yağışından seyrələ-seyrələ Bakının qan gölməçəli küçələrində dolaşırdı o gecə...

      Heydərbaba, göylər qara dumandır

      Günlərimiz bir-birindən yamandır.

      Yaxşılığı əlimizdən alıblar

      Yaxşı bizi yaman günə salıblar.

      Bakı küçələrində bir şir darda qalıb bağırır, mürüvvətsiz insanları çağırırdı o gecə.

      Amma nə yazıq ki, dünyanın qulaqları kar olmuşdu o gecə. Nə güllə səslərini eşidirdi, nə anaların fəryadını, nə də yaralıların iniltisini.

      Kor olmuşdu dünya o gecə Bakı küçələrində soyuq asfalt üstündə buğlanan isti qan gölməçələrini görmürdü.

      Daş döşənmiş küçələrdə əbədi yuxuya gedən Azərbaycanın mərd oğul-qızlarından fərqli olaraq öz pərqu yorğan-döşəyində mışıl-mışıl yatırdı dünya o gecə...

      O gecə şəhidlərimizə ağlayan bir özümüz idik, bir də qərənfillər. Amma əsrin əvvəllərində Ulu Sabir “Ağladıqca kişi qeyrətsiz olar” demişdi.

      Azərbaycan göz yaşlarını silib azadlıq mücadiləsini davam etdirməli idi. Məmməd Araz dodaqlarından ağ vərəqlərə süzülən alovlu misralar Azərbaycanı mübarizəyə səsləyirdi.

       

      • Hits: 1036 clicks

      Tecox component by www.teglo.info