Xurafatlarla Mübarizə / Rüfət Şirinov

      Share

      Bir millətin mədəniyyətini əks edən ən əsas amillərdən biri də şübhəsiz ki, adət-ənənələrdir. Odur ki, millətin əbədi yaşaması və mədəniyyətin ümumbəşər olması üçün keçmişinə, tarixinə və adət-ənənələrinə bələd olub onları yaşatmağa çalışmaq lazımdır.

      Azərbaycanın uzun müddət ateist rejimin əsarətində qalması dini və milli adət-ənənlərinə öz mənfi təsirini göstətmişdir. Dinin qadağan olması və rejimin uyğun gördüyü bəzi adətləri din olaraq xalq arasında yayması zamanla bu adətlərin din halına dönməsinə şərait yaratmışdır. Dini əsli olmayan adətlər din adı altında yayılmışdır. Əlbəttə ki, yanlış da olsa bu cür əməllərin xalq arasında dini əsilli olduğuna inanaraq onlara sahib çıxması cəmiyyətin nə qədər dinə meyilli olduğunu göstərir. Ancaq bilinməlidir ki, din sonradan dinə yamanmış olanları qəbul etmir.

      Bir mədəniyyətin əsasında böyük rol oynayan adət-ənənələrin mədəniyyətə müsbət mənada təsir göstərməsi üçün əlbəttə ki, onların pak, real, elmi həqiqətlərə uyğun olması labüddür. Bəs buna necə nail ola bilərik? Bu məqaləmizdə qısa da olsa İslam pəncərəsindən adət-ənənələrə baxaraq bunu təhlil etmək istərdik. Cünki mədəniyyətimizin milli adət-ənənələrimizi təşkil edən ən əsas amillərdən biri də İslam dinidir. İslam dini nöqteyi-nəzərdən xurafatlarla mübarizə aparmaq üçün bunlara diqqət etmək lazımdır:

      Pak adət-ənənəyə malik ola bilmək üçün ilkin növbədə din donuna girmiş xurafatları tanıyıb, onları dindən və adətlərimizdən kənarlaşdırmaq lazımdır. Cəmiyyətimizdə adət-ənənəyə o qədər xurafatlar nüfuz edib ki, bunları bir-birindən ayırmaq çox çətindir. Əgər biz adət-ənənəmizi xurafatlardan təmizləməsək, mədəniyyətimiz də xurafatlara əsaslanacaqdır. Xurafat və batil inancların ən böyük zərəri əsasən onlara inanıb dini adət kimi tətbiq edənlərə toxunur. Çünki yanlış əqidə və xurafatlar insanları doğru yoldan uzaqlaşdırır. Sağlam təməli olmayan binanın ömrü qısa olduğu kimi, sağlam əqidə üzərində inşa edilməmiş din və dövlətin də uzun müddət ayaqda qala biləcəyini təsəvvür etmək düzgün olmaz. Bu mənada Peyğəmbər (ə.s.s) nə gözəl buyurur: “Kəlamların ən gözəli Allahın kitabıdır. Yolların ən doğrusu Məhəmmədin (s.ə.s) yoludur. Əməllərin ən pisi və zərərlisi dindən olmadığı halda sonradan uydurulub dinə yamananlardır. Bu cür uydurulmuş hər şey bidətdir, xurafatdır, hər bidət də doğru yoldan uzaqlaşma və azğınlıqdır”. (Buxari) Odur ki, dinə uyğun adətləri mənimsəmək xurafatlarla aparılan ən düzgün mübarizədir. Çünki İslam dini adət-ənənəyə çox əhəmiyyət verir. Adətlər dinin təməl əsaslarına uyğun olub-olmaması baxımından dəyərləndirilir. Dini əsaslara uyğun olanlar qəbul, uyğun olmayanlarsa inkar edilir. Yəni adətlər vəhy süzgəcindən keçirildikdən sonra qəbul edilir. Məsələn, Quranı-Kərimdə “Onlara (bütpərəstlərə): “Allahın göndərdiyinə (Qurana) tabe olun!” -deyildiyi zaman onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilLərsə necə? (Yenə dƏ onlara tabe olacaqlar?)” (Bəqərə surəsi 179) deyilərək adət və ənənələrdə dinə uyğunluq əsasına diqqət çəkilmişdir.

      Xurafatların yayılmasının bir çox səbəbi var. Ancaq bunların ən başında mənəvi tədrisin olmaması və dini əsasların kifayət qədər bilinməməsidir. Elm cəhalətin düşmənidir. Məhz buna görə də dinimizi əsas mənbələrdən öyrənmək doğru olanı əldə etməyin açarıdır. Ağızdan eşitdiyimiz və ya nə olduğu, kimin tərəfindən yazıldığı bilinməyən kiçik həcmli kitablardan din öyrənmək olmaz.

      Eyni zamanda Peyğəmbərimizin həyatını da düzgün tədqiq etmək və onun həyatından örnəklər götürmək də xurafatların qarşısını almaq üçün önəmli vasitədir. Hər kəsə məlum olduğu kimi Hz. Məhəmmədin (s.ə.s) İslam dinini təbliğ etdiyi dövr cəhalətin və xurafatın ən zirvədə olduğu dövr idi.  Həmçinin onun uzaqgörənliyi və müdrikliyi sayəsində xurafat bataqlığında boğulan cəmiyyət ən xoşbəxt cəmiyyətə çevrildi. Odur ki, onun mübarizədə izlədiyi metodu izləmək əhəmiyyət kəsb edir. Bundan başqa Həzrət Peyğəmbərin dini yaşayışı mənasına gələn hədislər də dinin əsas mənbələrindən biri olduğuna görə onları düzgün öyrənib həyatımızda tətbiq etsək, yenə də doğru yolu taparıq. Oxuyub yaza bilən hər müsəlman Peyğəmbər əleyhissalamın hədislərini oxumalı və onu həyat rəhbərinə çevirməlidir. Çünki hər namazda Allahdan arzuladığımız “sirati müstəqim” (doğru yol) onun rəhbərlik etdiyi yoldur. Unutmayaq ki, unudulan və tətbiq edilməyən hər sünnənin yerini bidət, yəni xurafatlar alır.

      Son günlərin ən yayılmış xəstəliklərindən biri də mütəxəssis olsa da, olmasa da hər kəsin dini sahədə fikir bəyan etməsi və hökm kəsməsidir. Bu da əlbəttə ki, yeni hidayət tapacaq insanlar üçün çətinlik yaradır. Yalnış məlumatlar onları dindən uzaqlaşdırır və xurafatlara meyil etməsinə səbəb olur. Unutmayaq ki, yarımçıq həkim candan, yarımçıq molla da imandan edər.

      Bir dua ilə yazımı bitirirəm: “Ey qəlbləri haldan hala çevirən Allahım!. Mənim qəlbimi dinindən ayırma!” (Tirmizi)  Gəlin bu duanı gündəlik dualarımızın arasına qataq.

      • Hits: 974 clicks

      Tecox component by www.teglo.info