155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Xurafatlar / Müşfiq XƏLİLOV

      Share

      Dinimizin saflığını təhlükə qarşısında qoyan amillərdən biri xurafat və mövhumatlardır.  Təsadüfi  deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir, İslamın adına çıxarıb dinimizi gözdən salmağa çalışırlar.

      Problem bundadır ki, müsəlmanlar arasında xurafatlara iman bəsləyənlər az deyil və Quranda vacib sayılan əməllərə bu xurafatlar qədər riayət etmirik. Xurafatlara inanmaq demək olar ki, həyatımızın bütün sahələrində özünü göstərməkdədir. Doğulduğumuz andan ömrümüzün sonunadək bu xurafatlar “kabus” kimi bizi izləməkdədir. Məsələn, ulduz falı, qapının arasında görüşməyin bədliyi, qara pişik və s. kimi xurafatlarla gündəlik həyatımızda tez-tez qarşılaşırıq. Lakin hər yerdə olduğu kimi bu xurafatlar arasında birinci sırada yer alanlar var.

      Xurafatlar içində birincilik üzərlik, gözmuncuğu, at nalı, dağdağan ağacına məxsusdur. Nədənsə onların insanı bədnəzərdən qorumasına inam digərlərinə nisbətən  daha çoxdur. Uşaq anadan  olanda, ilk addımını atanda, məktəbə və universitetə gedəndə ilk görülən iş üzərlik yandırmaq, sonra da gözmuncuğu, yaxud da dağdağan taxmaqdır. At nalı isə evimizi “bədnəzərdən qoruyur”.  Adətə görə, onu evlərimizin qapısı üstündə, göz qabağına vururuq ki, görənlərin bədliyini aradan götürsün. Deyirlər, guya üzərlik yandırıb hamının başına dolandırılmalıdı, kiminsə başına dolandırılmazsa, bədnəzər onu tutar. Hətta gözmuncuğu hərdən bədnəzərin ağırlığına dözməyib sınır. Doğrudur, gözdəymə haqdır. Bu, hədislərlə sabitdir. Ancaq bunun müalicəsi uzərlik yandırmaq, at nalı bağlamaq deyil, Hz. Peyğəmbərin bizə öyrətdiyi duları oxumaqdır.  Hz. Peyğəmbər (s.ə.s) bədnəzər qorxusu ilə yaşayan insanlara “Maşallah” ifadəsini dilə gətirməyi və Qurani-Kərimin “Fələq”,  və “Nas” surələini oxumağı tövsiyə etmişdir.

      On üç rəqəmi və tək səbir gətirməyin nəhs olması, yəni uğursuzluq gətirməsinə inam da geniş yayılan xurafatlardandır. Heçbir İslam qaynaqlarında 13 rəqəmin uğursuzluğu haqqında bir məlumat yoxdur. Nəinki 13 rəqəmin uğursuzluğu, ümumiyyətlə İslamda uğursuzluq deyə bir anlayış yoxdur.  Bu inanc digər dinlərdən keçən batil bir inancdır. Tək səbir məsələsi isə bir az fərqlidir. Bu inancın kökü cahiliyyə dövrünə gedib çıxır. Adətən, dindən, imandan xəbərsiz cahil ərəblər tək səbir gətirərkən sətri mənada “itə getsin”, xoşlamadıqları adama isə “özünə getsin”, yəni xalq arasında işlətdiyimiz “öz başını ye” deyimini söyləyirdilər. Lakin Hz. Peyğəmbər (s.ə.s) “asqıran kimsənin əlhəmdulilləh deməsi imandandır” deyərək, onu yaxşı mənaya yozmuş və beləliklə bunun insanların işləriylə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Amma ndənsə çoxumuz hələ də cahil ərəblər kimi davranırıq. Tək səbir gətirdikdə Allaha şükür etmək əvəzinə, bir işə başlamaq istəmir, dayanıb gözləyirik.

      Kitab açdırmaq da xurafatlar içəirisində “sayılıb, seçilənlərdəndir”. Məsələn, bəzi kimsələr bir şeyə niyyət etdikdə üz tutur baxıcılara, deyir ki, bir kitab aç görək bu işin axırı necə olacaq. Bəzi işbazlar da fürsəti  əldən verməyib keçirlər “dəzgah” arxasına. Başlayırlar insan taleyi ilə oynamağa. Çox vaxt bunu ayələrində belə işləri qadağan edən Qurani-Kərim vasitəsi ilə edirlər. Sonra onu öpüb gözlərinin üstünə qoyub təbəssümlə deyirlər: “Yaxşı göstərir, əladır. Allah xeyrini versin”. Ya da aktyor ustalığı ilə uz-gözlərini turşudub deyirlər:  “Pis göstərir, yaxşı bir şey görmürəm.  Amma bir dua yazaram işlər düşər qaydasına”. Heç deyən yoxdur axı, sən orada nə görə bilirsən. Məgər Quran-Kərim insanların taleyindən xəbər vermək üçün nazil olub? Düzdür, Qurani-Kərimdə qeyb aləmi barədə xəbərlər var. Ancaq orada hansısa insanın gələcəyi ilə bağlı konkret məlumat yoxdur. Bunu həmin kitab açanların əksəriyyəti yaxşı bilirlər, bilməyənlər isə onu oxuyub məlumatlansınlar.

       Cəmiyyət arasında geniş yayılan xurafatlardan biri də yas mərasimləri ilə bağlıdır. Hüzn sahibi yaxınını itirməsi ilə bərabər, başsağılığı verməyə gələnlərin “xəcalətindən” çıxmağın qayğısı ilə yüklənir. Bilmir ölüsünün, yoxsa qənd, çay, ət pulunun dərdini çəksin. Halbuki İslamda təmtəraqlı yas süfrəsi açmaq, yeddi, qırx, cümə axşamları, ildönümü mərasimi keçirməyin heç bir yeri yoxdur. Necə ki, Hz. Əlinin bu barədə bir sözü var: “Üç gündən sonra başsağlığı vermək hüzn sahiblərinin dərdini təzələməkdir. “Hətta nəinki hüzn sahibi kimsənin süfrə açıb ehsan verməsi, tam əksinə, hüzn sahiblərinə yemək aparılmalıdır. Necə ki, Cəfər Təyyar şəhid olduqda Hz. Peyğəmbər (s.ə.s): “Cəfərin ailəsi üçün yemək hazırlayın! Çünki onlar belə vəziyyətdə yemək bişirə bilməzlər” (Əbu Davud, Cənaiz, 25-26) buyurmuşdur. İmam Cəfər Sadiq isə bu barədə belə buyurur: “Hüzn evinin süfrəsində yemək, cahiliyyət dövrünün əlamətlərindəndir. İslamın sünnəsi odur ki, yas sahiblərinə yemək aparsınlar.

      Umumiyyətlə bu kimi əməllər heç vaxt İslamda olmayıb və olmayacaq. Bunların dindən olduğunu demək günahdır. Hz. Peyğəmbər (s.ə.s) özünə peyğəmbərlik verilən vaxtdan xurafat və mövhumatçılığa qarşı daim mübarizə aparmışdır. O halda gəlin biz də Uca Allahın bu xalis haqq dinini düzgün öyrənək. Dinimizdə heç bir yeri olmayan xurafatları İslama qatmayaq. Həyatımızın bütün sahələrində xurafatlardan uzaq, həqiqi İslamı tətbiq edək. “(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət! et! Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...” (əz-Zümər, 2-3)

      • Hits: 1008 clicks

      Tecox component by www.teglo.info